Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 12:16:00
“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir” – Təklif

 

 

“Koronavirus  pandemiyası hər sahə üçün bir sınaq idi. Təhsildə də müəyyən dönüşlər gözləyirəm”.

 

Bu fikirlər  postkoronavirus zamanındakı   təhsilin durumu ilə bağlı   AzEdu.az-a danışan  bölgə müəllimi (Gədəbəy rayonu, Kələman kənd orta məktəbi)  Tural  Topçuyev deyib. O,  gələcəkdə tətbiq olunan hər hansı bir qaydanın əvvəlcə orta məktəb müəllimləri ilə müzakirə olunmasının vacibliyini vurğulayıb:

 

“Təhsillə  bağlı  islahatlar aparıldıqda  müəllimlərdən məsləhət alınmasa, bu, əlbəttə,  uğurlu olmaz. Təhsildə inkişafı, gələcəkdə planlanan hər hansı bir məsələni yaradıcı müəllimlərlə məsləhətləşmək lazımdır. Gündəlik sinif otağında dərs keçən müəllim daha yaxşı bilir ki,  zaman-zaman prosesləri necə tətbiq etmək  olar. 

 

Ümumiyyətlə, bəzən  imtahanların ləğvi ilə bağlı fikirlər səsləndirirlər. Amma hesab edirəm ki, hətta orta məktəbdə sinifdən-sinfə keçərkən verilən ənənəvi imtahanlar tətbiq olunmalıdır”.

 

T. Topçuyev məktəbdaxili imtahanların tətbiqi ilə bağlı fikirlərini belə əsaslandırıb:

 

“Baxın, hazırda Təhsil Nazirliyi böyük bir fədakarlıq göstərərək teledərslər, videodərslər hazırlayır, bütün şagirdləri dərsləri dinləməyə cəlb edirik, müəllimlər də bu prosesdə zəhmət çəkir, sağ olsunlar.  

 

Sinifdən-sinfə imtahan qaydası olsaydı, koronavirusdan sonra tədris bərpa edilən kimi şagirdləri imtahan edərək mənimsəmə səviyyəsini yoxlamaq olardı. Düzdür, summativlərin bu işi gördüyünü qeyd edirlər. Amma summativ imtahan  effektini verə bilməz. Bu mənim şəxsi fikrimdir”.

 

“Onda Azərbaycan təhsil sistemi  çox  möhtəşəm olar”

 

O, həmçinin orta məktəb proqramının kifayət qədər çətin olduğunu, şagirdlərin yalnız bir neçə fənnə  yönləndirildiyini vurğulayıb.

“Bundan əlavə orta məktəb proqramlarında çətinlik həqiqətən çoxdur.  Çox çətindir və ardıcıllıq gözlənilmir. Buraxılış sinifləri Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərindən imtahan verir, bunlar  əsas götürülür. Amma təhsil bu üç fəndən ibarət deyil axı. 

 

Bir insanın gələcəyi üçün ana dili lazımdır, öz dilini bilməlidir. Amma onun həyat yaşamı üçün ana dilinin hansı effektiv nəticələri ola bilər? Yaxud Azərbaycan daxilində işləyəcək bir insan üçün xarici dil bir o qədər vacibdirmi? Məsələn, mən Azərbaycanda yaşayıram və müəllim işləyirəm. Mənim üçün xarici dilin nə önəmi var? Riyaziyyat  isə bir insanın gələcək  həyatı üçün daim lazımdır.

 

Digər fənlərə də üstünlük verilməlidir.  Fikrimcə, bütün fənlərdən şagird ən azı 9-cü sinif səviyyəsində imtahan verməli və fənlər nisbətən asanlaşdırılmaldır ki, şagird onu oxuyub çatdıra bilsin.  Onda Azərbaycan təhsil sistemi  çox  möhtəşəm olar. Hər kəsin hər şeydən qismən də olsa, xəbəri olar”.

 

Qeyd edək ki, oxu, yazı və riyazi bacarıqlara üstünlük verilməsi təhsil proqramının tələbindən irəli gəlir.