https://www.zirve.edu.az/
10.04.2020 11:31
“Bunları etsək, karantindən sonra şagirdlərdə adaptasiya problemi yaşanmayacaq”-PSİXOLOQLA MÜSAHİBƏ
Çap et

 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mart ayının 11-də COVİD-19-u pandemiya elan etdi. Hazırda 209 ölkədə təsbit edilən koronavirus bir çox sahələrə təsir edib. UNESCO-nun məlumatına əsasən, təhlükəli vəziyyət yüz milyonlarla insanın təhsildən kənar qalmasına səbəb olub.

 

AzEdu.az hazırkı vəziyyətin təhsilalanların psixologiyasına necə təsir etdiyini öyrənmək üçün klinik psixoloq Sevinc Əliyeva ilə müsahibəni təqdim edir:

 

 -Pandemiya  bir çox sahələrə təsir etdiyi kimi, təhsildən də yan keçməyib. Sizcə, bu vəziyyət şagird və tələbələrin psixologiyasına necə təsir göstərəcək?

 

-Baş verən təhlükəli durum dünyada, eləcə də ölkəmizdə hökm sürmədədir. Bu hal bütün vətəndaşlara xüsusən də, həssas  insanlara təsir edir.

 

Şagird və tələbələr  iki aya yaxındır ki, ev şəraitindədirlər. Onların dərs ilinin ortasında belə vəziyyətlə üzləşmələri uzun müddət alışqanlıqlarının dəyişməsinə gətirib çıxaracaq. Çünki hər gün təhsil müəssisəsinə gedən şəxs artıq evdə dərslə məşğul olur. Belə vəziyyət xüsusən də, 11-ci siniflərə mənfi təsir göstərir. Çünki onlar imtahana hazırlaşmaqda çətinlik çəkirlər. 4-cü kurs tələbələrinin isə bu vaxt praktikaları olurdu. Onların bu tip praktiki məşğələlərdən geri qalmaları gələcək iş həyatlarına atılmaqda çətinlik yaradacaq. Yaranan vəziyyətlə əlaqədar tələbələr bu imkandan istifadə edə bilməyəcəklər. Abituriyentlər də bakalavr olmaq yolunda addımlayırdılar. Onlar sinif yoldaşları ilə daha çox vaxt keçirmək istəyərdilər, lakin belə vəziyyətin olması onların psixologiyasına mənfi təsir göstərir.

 

 -Valideynlər hazırda övladlarının psixologiyası, onlarda ruh düşkünlüyünün yaranmaması üçün    nə etməlidirlər?

 

-Valideynlərin üzərinə bu məsələdə çox böyük yük düşür. Məktəbəqədər təhsil müəssisələrində tədrisin dayanması həmin yaş qrupu uşaqlara da ciddi təsir göstərib. Bu zaman valideynlər onların qavram şəklinə uyğun olaraq müxtəlif maarifləndirici oyunlar təşkil etməlidirlər. Onlar azyaşlılara baş verən vəziyyəti anlatmalı və uşaqlara əllərini yumaq, maska taxmağı rollu oyunlar şəklində başa salmalıdırlar. Valideyn və övladlar arasında çox vaxt olduğu üçün onlar ünsiyyət prosesində sıx olmalıdılar. Valideynlər bu vaxtdan istifadə edərək uşaqlarında əmək və fizki tərbiyəni formalaşdırmalıdır. Qız övladlarına bu səmərəli vaxtdan istifadə edərək toxuma və tikiş vərdişləri aşılanmalı və müxtəlif yeməklərin bişirilmısi öyrədilməlidir. Oğlanlarda isə fiziki tərbiyə və idman vərdişləri formalaşdırılmalıdır. Rayonda yaşayan valideynlər müxtəlif kənd təsərrüfatı işlərini uşaqlara öyrətməli və onların ekoloji tərbiyəsini inkişaf etdirməlidir.  Bu həm də onların təbiəti sevməsinə kömək edəcək.

 

Zatən bu işləri valideynlər görürlər. Sadəcə övladlarlna bunu öyrətməklə onların inkişafına böyük töhvə vermiş olacaqlar . Bu həm də məktəbyaşlı şagirdlərin vaxtlarının səmərəli keçməsinı yardımçı olacaq.

 

-Sosial təcrid insanlarda və təhsilalanlarda hansı müsbət və mənfi fəsadlar doğuracaq?

 

 

-Sosial təcrid istər təhsil, istərsə də digər sahələrdə mənfi və müsbət nəticələrə gətirəcək. Məsələn, ekoloji cəhətdən təbiət özünə gələrək yenidən diriləcək. Havada zəhərli qazların miqdarı azalıb. Ekologiyanın  təmizlənməsi bizim sağlamlığımız üçün çox önəmlidi. Hətta deyərdim ki, Yer kürəsinin ömrü bir neçə minilliklər uzanıb. Koronavirus sona çatdıqdan sonra insanların dünyagörüşü və həyata baxışında böyük dəyişiklər olacaq. Bir çox insanlar zamandan şikayət edirdi, indi isə onların kitab oxumağa və özlərinə zaman ayırmağa olduqca çox vaxtı var. Hər kəsin sevdiyi sahəyə uyğun bir çox fəaliyyətlə məşğul olması mümkün olacaq. Unutmaq lazım deyil ki, bu vəziyyət tək bizdə deyil, bütün dünyada belədi. Lakin gündəlik infeksiya ilə bağlı yaranan informasiyaların çoxluğu insanları mənfi abu-havaya sala bilər. Çünki bütün mətbuat hazırda bu istiqamətdə materiallar təqdim edir. Bu qədər çox məlumatın əldə edilməsi də onlarda gərginlik yaradır. Sosial şəbəkədə olan dezinformasiyalar xüsusi həssas qrupa aid olan şəxslərə mənfi təsir edir. Şəxsiyyət tiplərindən aslı olaraq hamı bu məlumatları fərqli qarşılayır. Məsləhət edərdim ki, gün ərzində bir  və ya iki dəfə koronavirusla bağlı xəbərlərə baxılsın.

 

 -Təhsilalanları evdə elmə yönəltmək onların psixi inkişafına necə təsir edəcək?

 

 -Artıq məktəb və universiterlər distant formada fəaliyyətə başlayıb. Bu bir növ müəllim və tələbələrin texnologiyanı yaxşı cəhətdən qavramasına müsbət təsir edəcək. Məktəbli artıq qavrayır ki, telefon oyun oynamaq üçün deyil, həm də elm öyrənmək üçündü. O, tək danışıq vasitəsi yox, həm də təhsilalma vasitəsidir. Təhsilalanlar onlayn şəkildə müəllim və dostlarından müxtəlif məlumatlar əldə edə bilərlər.

Düzdü şagird və tələbələr hazırda öz yaşıdlarından ayrı düşüblər. Onların bir yerdə vaxt keçirmələri məhdudlaşıb. Onlar təhsildən deyil, sadəcə yoldaşları ilə canlı ünsiyyətdən qalırlar. Çünki bızi şəxslər canlı ünsiyyəti çox sevirlər”.

 

 -Koronavirus infeksiyası bitdikdən sonra şagird və məktəblilər cəmiyyətə və təhsilə necə adaptasiya olmalıdır?

 

-Şagird və tələbələrin adaptasiyası müddətdən asılıdı. Karantinin daha uzun davam etməsi təhsilalanların adaptasiyasına mənfi təsir edəcək. Əgər karantin 20 apreldə bitsə, bu ciddi problem olmayacaq. Lakin vaxtın uzanmağı mənfi hallar yaradacaq. Hətta bəzən 30-35 günlük tətillərdə şagirdlərə çətinliklər yaşadır.

 

 Adaptasiya asan proses olmayacaq. Çünki şagirdlər uzun müddət evdə qalaraq bu vəziyyətə öyrəşmişdilər. Amma həmin müddətdə müəllimlər şagird və tələbələrlə çox ünsiyyətdə olmalı, fikir mübadiləsi aparılmalıdır. Şagirdlərlə ünsiyyətə yer ayrılması daha yaxşı olar , sonra isə təlim və təhsilə yönəlsələr effektli nəticə verə bilər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları