Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-07 11:59:00
“Yeni peyvənd və müalicə haqqında yaxşı xəbərlər var” - ÜST rəsmisi

“Yeni peyvənd və müalicə üsulları ilə bağlı yaxşı xəbərlər eşidirik. Hazırda tədqiqatlar davam edir. 50-yə yaxın peyvənd üzərində araşdırmalar aparılır”.

 

AzEdu.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris “Real TV”yə müsahibəsində deyib.

 

O qeyd edib ki, əvvəllər istifadə olunan bir peyvənd var: “Bu peyvənd lisenziyalıdır. Onun müəyyən insanları qoruduğu ehtimal olunur. Söhbət BSJ kimi tanıdığımız vaksindən gedir. Lakin həmin peyvəndin üzərində araşdırma hələ başa çatmayıb. Buna görə, onun müsbət təsir edib-etməyəcəyindən hələlik əmin deyilik.

 

50 yeni peyvənd üzərində də iş gedir. Təəssüf ki, həmin peyvəndlər uzun müddət ərzində sınaqdan keçirilməlidir. İnsan üzərində tətbiq etməzdən əvvəl onların təhlükəsizliyindən əmin olmalıyıq. Bu testlər azı 12 ay çəkəcək. Müalicə üsulları üzərində də böyük araşdırmalar aparılır. Müsbət təsirləri olduğu ehtimal edilən 4-5 üsul sınaqdan keçirilib. 46-dan çox ölkə Ümumdünya Səhiyyə Təşkilatının koordinasıyası ilə tədqiqatlara qoşulub. Buna həmrəylik sınaqları deyirik. Müxtəlif ölkələrdə aparılan sınaqların hansının daha yaxşı olduğu tədqiq edilir. Bu barədə məlumat əldə etdikdə bütün dünyaya xəbər verəcəyik. Lakin indiki halda ən vacib məsələ xəstəliyə yoluxmamaqdır”.

 

M.Harris Avstraliyada heyvanlar üzərində aparılan tədqiqatdan da danışıb. O bildirib ki, heyvanlar üzərində peyvəndin tətbiqi uğurla nəticələnib: “Növbəti mərhələ isə onun insan üzərində aparılmasıdır. İnsanlar üzərində aparıldıqdan sonra bu barədə danışmaq olar”.

 

Pandemiyanın qarşıdakı iki həftə ərzində pik həddə çatması məsələsinə gəlincə, M.Harris bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı belə bəyanat verməyib: “Məsələ burasındadır ki, müxtəlif ölkələr yoluxmanın sürətini azaltmağa nail olublar. Çin və Koreyadan yaxşı xəbərlər gəlir. Koreya da Çin kimi yoluxma hallarının qarşısını sürətlə aldı. Bütün bunları ehtimal edirik. Avropada isə bunun daha geniş əraziyə yayıldığını görürük. Lakin İtaliyadan və İspaniyadan yaxşı xəbərlər də gəlir. Buralarda yeni yoluxma hallarının sayı azalır. Amerikada isə epidemiya hələ ki, genişlənmə mərhələsindədir. Ona görə də, biz epidemiya ilə bağlı vəziyyətin iki həftədən sonra başa çatacağını deyə bilmərik”.