https://www.zirve.edu.az/
02.04.2020 16:49
Onlayn dərs keçən bölgə müəllimləri: “Effekt az, problemlər çoxdur”-SORĞU
Çap et

 

 

Məlum olduğu kimi,  ölkədə karanovirus pandemiyası səbəbindən  tədrisin dayandırılması çətinliklərə səbəb olub.  Məhz bu çətinlikləri aradan qaldırmaq məqsədilə gənc müəllimlər onlayn dərslərə, distant təhsilə keçiblər.

 

Bəs distant təhsil özünü necə doğruldur? Hansı boşluqları aradan qaldıra bilir və əhəmiyyətlidirmi?

 

Bütün bu suallarımıza cavab tapmaq üçün AzEdu.az onlayn dərslər  quran müəllimlərlə sorğu keçirib. Həmin sorğunu təqdim edirik:

 

Ucar rayon ucqar kənd  məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi  Aynur İbrahimova onlayn dərsləri effektiv hesab etmir.  Belə dərslərin kənd yerlərindən ailələrin sosial vəziyyəti, internet sürəti və digər səbəblərdən heç cür qənaətbəxş olmadığını vurğulayıb:

 

 O, onlayn dərslərdə zəruri məqsədlərinindən danışıb:

 

“Distant təhsildə əsas məqsədimiz çətinlikləri aradan qadırmaq, şagirdlərin dərslərdən geri qalmamasına çalışmaqdır.  Xüsusilə, həm buraxılış,  həm də qəbul imtahanları verəcək 11-ci sinif şagirdlərim məni çox düşündürür. Etiraf edim ki, distant təhsil üzrə elə də yaxşı nəticə əldə edə bilmirəm. Şəhərdə yaşayan şagirdlər üçün onlayn dərslərə qoşulmaq imkanları daha genişdi.  Bəlkə də mövcud vəziyyətdən əvvəl də belə dərslərə qoşulublar, təcrübələri var.  Amma bəzi ucqar kəndlər var ki, onlayn dərslər effektiv olmur.  Məsələn, mən işlədiyim kənddə ailələrin əksəriyyəti aztəmantlıdır. Onların heç gücü çatmır ki,  qışda övladlarını məktəbə göndərəndə isti geyimlərlə təmin eləsinlər. Şagirdlərin elələri vardı ki, yay ayaqqabısında, geyimində gəlirdilər.  Bu çür şagird, belə ailənin övladı onlayn dərslərə necə qoşula bilər?  Bir müəllim deyil, bir neçə ayrı-ayrı fənn müəllimi eyni qaydada hər gün  video materiallar, səslər, tapşırıqlar göndərir.  Xeyli internet sərf olunur və heç bir yerdə işləməyən valideyn bunu  təmin etməlidir.  Belə ailələrin uşaqları dərslərdən kənarda qalırlar, qoşula bilmirlər. Çox təəssüf edirəm ki, hazırda dərs dediyim məktəbdə şagirdlərin çoxu  onlayn dərslərdən kənarda qalıblar. Ali, orta təhsil müəssisələrinin qəbul imtahanına hazırlaşan şagirdlər bu imkanlardan yararlana bilmirlər.  İnternet paketləri tez bitməsin deyə, hamısına ayrı-ayrı yazıb, fərdi məşğul oluram.  Amma eləsi var, ümumiyyətlə, telefonu yoxdur. 

 

Yəni mən bunu uğurlu addım hesab etmirəm, sadəcə vəziyyətlə əlaqədar olaraq keçməyə məcburuq.   İnterneti olmayanlar teledərslərə baxıb ordan qismən yararlana bilər, lakin tam olaraq müəllimin canlı keçdiyi dərsin effektini verə bilməz.  Ümid edirəm ki, bu vəziyyət tez bir zamanda həll olunar, şagirdlər məktəblərə qayıdarlar. Yoxsa, mən öz şagirdlərimdən 90 % nəticə gözləyirdimsə, indi yarıdan da az faizə düşüb”.

Göyçay şəhəri üç saylı tam orta məktəbin ibtidai sinif müəllimi Kəmalə Səmədova  şagirdlərindən cəmi 3 nəfərin onlayn dərslərdə iştirak etmədiyini deyir. O bu cür dərslərdə şagirdlərinin geri qalmadığını düşünür:

 

“Ölkəmiz məlum səbəbdən distant təhsilə keçib.  Əvvala qeyd edim ki, bir neçə il əvvəl diaqnostik imtahana hazırlaşarkən səhhətimdə baş verən problemlə əlaqədar işə gedə bilmirdim.  Kurikulum üzrə evdə onlayn hazırlaşmalı oldum.  Əvvəl başlayanda böyük effekt gözləmirdim, amma tam tərsi oldu.  Elə gözəl hazırlaşdıq ki, mən bütün suallara düz cavab yazdım. 

 

Düzdür, onlayn dərslər tam olaraq sinfin yerin vermir. Amma normal qaydada işlərimizi yoluna qoyaraq gündəlik dərsimizə davam edirik.  Günün istənilən saatında işləyə bilmək müsbət cəhətdir və bu cür dərs keçməklə şagirdlərimin heç də geri qaldığını düşünmürəm”.

 

Tovuz rayon kənd məktəbinin dil ədəbiyyat müəllimi Orxan Əhmədov da sorğumuzda iştirak edib.  O,  sözlərinə distant təhsilin müasir dövr üçün əhəmiyyətini xatırlatmaqla  başlayıb:

 

“Hazırkı dönəmdə distant  və ya onlayn təhsil ən önəmli təhsil metodlarından birinə çevrilməkdədir. Çünki bütün dünyanı təsiri altına alan koronavirus distant təhsili necə deyərlər trend etdi. Distant təhsildə hamı vaxt itirmədən, evdən çölə çıxmadan xarici ölkələrdə təhsil ala bilər. Yəni evində otur, Amerikada universitetdə oxu. Bu təhsil metodu elə yaradılıb ki, tələbə ya da şagird müəllimdən zaman və ya məsafə baxımından ayrı qalsa da istədikləri vaxt telekommunasiya vasitələri ilə əlaqə yarada bilərlər. Həmin təhsil metodunda tapşırıqlar, testlər və əlavə materiallar şagirdə (tələbəyə) elektron variantda internet vasitəsilə göndərilir, şagird də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır. Proqramın tələblərindən asılı olaraq siz demək olar,  bütün proqramı və ya bir neçə dərsi.  elektron variantda götürə bilərsiniz.  Deyək hər hansı məktəbdə (universitetdə) oxuyursunuz. Yayda həm istirahət etmək istəyirsiniz, həm də müəyyən əlavə dərslər götürmək istəyirsiniz. O zaman siz istənilən yerə gedib həm ailənizlə birlikdə dincələ, həm də dərslərinizi distant sistem vasitəsi ilə həll edə bilərsiniz. Bu da sizə böyük imkanlar və rahatlıq verəcəkdir.

 

Qısaca distant təhsilin uğurları bunlardan ibarətdir:  həm oxuyub, həm işləmək imkanı , nəqliyyat xərclərinin azalması,  səyahət zamanı təhsil almaq,  ölkəni tərk etmədən xarici universitetlərdə oxumaq ,valideynlərinin gözü önündə özünü inkişaf etdirmək”.

 

" Niyə övladım aşağı nəticə göstərir?"- artıq bu sualın cavabını valideyn özü görə bilir

 

Orxan müəllim distant təhsilin ölkəmizdə qənaətbəxş olmadığını vurğulayıb. Onun fikrincə, hər hansı müəllimin kamera qarşısında, yaxud müxtəlif protallarda dərs izah etməsi distant təhsil demək deyil.

 

“Uzun illərdir ki, Azərbaycanda distant təhsil sisteminə keçilməsi ilə bağlı müəyyən mübahisələr olur. Və bu yolda qiyabi təhsilin aradan qalxması atılan ilk addım oldu. Mütəxəssislər bildirir ki, qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabacıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir. Bu təhsil metodu həm də valideynləri məsuliyyətli edir. Mövcud durumdan əvvəl bəzi valideynlər övladı aşağı nəticə göstərəndə ya müəllimləri, ya da məktəb mühitini günahlandırırdılar. " Niyə övladım aşağı nəticə göstərir?" Artıq bu sualın cavabını valideyn özü görə bilir. Övladı onlayn dərslərdə (distant təhsildə) necə davrandığının, dərsləri dinləyib-dinləməməyinin və s. birbaşa şahidi olur. Mövcud vəziyyətdə Azərbaycanda distant təhsil aşağı səviyyədədir. Onlayn olaraq dərs tədris edən bir müəllim olaraq deyə bilərəm ki, hər hansı bir müəllimin kamera qabağına keçərək dərs danışması və ya hansısa mövzu izahını müəyyən portallara yerləşdirməsi distant təhsil demək deyil. Əvvəllər Təhsil Nazirliyinin distant təhsili tanıyıb-tanımayacağı mənə də maraqlı idi. Son dönəmdə koronavirus problemi və məktəblərdə onlayn tədris sistemi zərurəti distant təhsilin önəmini artırmış oldu.

 

Əlbəttə, bu asan həyata keçirələcək bir iş deyil. Düşünürəm ki, distant təhsil çox maliyyə tələb edən bir sahədir. Ümid edirəm ki, Təhsil Nazirliyi rəsmi olaraq distant təhsili tanıyacaq”.

 

Göygöl rayonu Çaylı kənd məktəbinin müəllimi Səltənət Qurbanova da öz fikirlərini bizimlə bölüşüb.  O qeyd edib ki,  onlayn dərslər  şagirdlərin dərsə marağının sönməməsi,  öyrəndiklərini unutmamaq, vaxtlarını səmərəli keçirmək üçün ən yaxşı üsuldur:

 

“Bildiyimiz kimi, bütün dünyada geniş vüsət alan Covid-19 virusuna görə, ölkəmiz də daxil olmaqla, dünya ölkələrinin əksəriyyətində karantin vəziyyəti hökm sürməkdədir. Təbiidir ki, bu durum digər dövlət sahələrinə ciddi təsir etdiyi qədər, hətta, bəlkə də, daha artıq şəkildə təhsil sahəsinə öz təsirini göstərir: həm uşaqlar, həm də müəllimlər məktəblərə gələ bilmirlər və nəticədə, tədris prosesində böyük axsaqlıqlar meydana çıxır. Hansı ki, gələcəkdə daha böyük fəsadlar törədə bilər. Bu anda isə köməyimizə, sözsüz ki, texnologiya, daha aydın desək, distant təhsil anlayışı çatır. Distant təhsil şagirdlər dərsə gələ bilməsə belə, onların dərsə olan marağını sönməyə qoymur. Nəzərə alsaq ki, karantin dövrü 2 ay (təqribi) olsa və uşaqlar bu vaxt ərzində dərsdən kənar qalsalar ,onda, bu zaman müddəti uşaqların öyrəndiklərini unutmağa və dərsə maraqlarını itirməyə kifayət edəcək. Amma distant təhsil sayəsində müəllimlər şagirdləri ilə mütəmadi olaraq əlaqə saxlaya və onların özünümütaliədən yayınmasının qarşısını ala bilərlər. Bu sayədə şagirdlər məktəbə geri qayıdanda dərslərə əvvəlki mövzuları unutmadan, hətta yenilərini öyrənmiş şəkildə davam edə bilərlər. Üstəgəl, belə mütəmadi əlaqə sayəsində uşaqlar tənbəllikdən də azad olmuş, həmçinin qızıldan dəyərli vaxtlarını boşa xərcləməmiş olarlar.

 

Baxmayaraq ki, ölkəmizdə internet səviyyəsi bütün uşaqlara distant təhsildə iştirak etməyə imkan vermir (ucqar kənd məktəblərini və uşaqların internetə giriş üçün maddi durumunu nəzərdə tuturam), hər halda, distant təhsil belə bir dövrdə təhsilimizdə baş verə biləcək qırılmaları əhəmiyyətli dərəcədə azaldır”-deyə  S. Qurbanova sözlərinə əlavə edib.