Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 17:15:00
Yaponiyadakı tələbəmiz: “Burda da əhali təşvişə düşüb, apteklərdəki spirt və maskaları alıb-bitirdi”

 

 

 

Koronavirus artıq dünyanın 200 ölkəsinə yayılıb, 585 min 54 nəfər bu virusa yoluxub, 38 min 103 nəfər isə dünyasını dəyişib.

 

Ölümcül koronavirusun yayıldığı yerlərdən biri də Gündoğar ölkə Yaponiyadır.

 

Maraqlıdır, görəsən, Yaponiyada hazırkı durum necədir? Vəziyyət nə dərəcədə yaxşılığa doğru gedir ?

 

Yaponiyanın Tokio Xarici Araşdırmalar Universitetində təhsil alan azərbaycanlı tədqiqatçı tələbə Pərvin Rəhimli AzEdu.az-ın sualını belə cavablandırıb:

 

“Situasiyanın ümumi dinamikası ilə bağlı onu demək istəyirəm ki, ilk dəfə virusun yayılma xəbəri gələndə və Yaponiyada ilk yoluxma halları aşkarlananda əhali təşvişə düşərək market və apteklərdəki bütün maska, sanitizer, spirtli və quru salfetləri alıb-bitirdi.

 

 

Hazırda satışda maska əldə etmək çətin olsa da, geri qalan şeyləri hər 5-6 aptekdən birində tapmaq olur. Bu təşviş məsələsi ancaq alış-verişə aid idi, əhali normal gündəlik həyatına davam edirdi.

 

Məktəblər və iş yerləri onlayn rejimə keçirildi, Yaponiya bunu edən ilk ölkələrdən biridir.

 

Lakin kafelər, küçələr, qatarlar hər zamankı kimi insanlarla dolu idi. Virusun episentri isə Tokio yox, kənar şəhərlər idi və Tokioda yoluxma sayı az idi. 

 

Daha sonra bir müddət panika tamamilə səngidi. Əhali yenə kütləvi şəkildə əvvəlki rejimində yaşamağa keçdi”.

 

“Martın sonu, aprelin əvvəli Yaponiyanın hər tərəfində ağaclar çiçəkləyir, xüsusilə də məhşur “Sakura blossom” dövrü başayır. Bu zamanlar əhali iri parklara, açıq ərazilərə və çay kənarlarına axın edir və ağacların altında piknik edirlər, bu “Hanami” (yaponların gül ləçəklərini seyr etmə ənənəsi) adlanır. Bu dövrdə şəhərin iri parklarında iynə atsan, yerə düşməz.

 

Belə şəraitdə, hətta açıq hava və maska qorunması olsa belə, virusun yayılması qaçılmazdır”, - deyə Pərvin Rəhimli əlavə edib. 

 

Azərbaycanlı tədqiqatçı tələbə qeyd edib ki, Yaponiyada virusa yoluxanların sayı son bir gündə rekord həddə çatıb:

 

“Son iki həftədə,  xüsusilə də virusla bağlı Olimpiya oyunlarının təxirə salınmasından sonra Tokio şəhərinin meri əhaliyə çağırış edərək, bu həftə sonunu evdə qalmağa, çox vacib olmadığı müddətdə havasız və insanların sıx toplaşdığı kafe və restoran kimi yerlərə getməməyə və “Hanami” etməməyə çağırdı. Həftə sonu iri alış-veriş mərkəzləri və “Starbucks” kimi kafelərin çoxu işləmədi, qatarların (hansı ki, Yaponiyada ən çox istifadə edilən nəqliyyat növüdür) sayı əhəmiyyətli dərəcədə azaldıldı.

 

Əhalinin böyük bir qisminin bu çağırışa əməl etməsinə baxmayaraq, son iki günün rəqəmləri 1 gündə rekord sayda yoluxma halı qeydə alındığını göstərir”.

 

Həmyerlimizin sözlərinə görə, Yaponiyada fövqəladə hal elan edilməsə də, əhali karantin qaydalarına əməl edir:

 

“Virusun episentri hazırda Tokio hesab olunur və artıq insanların vəziyyəti ciddiyə almasını görürəm. Yaponiyada karantin rejimi və ya fövqəladə hal elan olunmayıb, lakin insanlar, həmçinin mən də öz məsuliyyətimizi dərk edərək mümkün olduğu qədər küçəyə çıxmamağa və  özümüzü qorumağa çalışırıq.

 

Hökumət də eyni zamanda öz tədbirlərini görür. Tokiodakı hava limanlarının Asiyada əsas mərkəz rolunu oynamasına baxmayaraq, uçuşların sayının nəzərə çarpacaq dərəcədə azaldığını görürəm, səyahətlə bağlı xəbərdarlıqlar artıq verilib və son qərara əsasən, Amerika və bir çox Avropa ölkələrindən gələnlərin ölkəyə girişi məhdudlaşdırılıb”. 

 

Pərvin Rəhimli bildirib ki, Yaponiyada yaşayan azərbaycanlılar az olsa da, həmişə bir-birləri ilə ünsiyyətdədirlər:

 

“Biz isə burada yaşayan azərbaycanlılar olaraq daima bir-birimizlə maraqlanırıq və bir-birimizə dəstəyik. Sayımız az olsa belə, mütəmadi olaraq bir-birimizlə əlaqə saxlayırıq. Eyni zamanda yaşadığımız yerdə özünü karantin - #evdəqal qaydalarına maksimum dərəcədə əməl etməyə çalışırıq”.

 

Qeyd edək ki, Yaponiyada 1953 nəfər koronavirusa yoluxub, 56 nəfər isə dünyasını dəyişib.