Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-31 15:00:00
“İtin gəmirdiyi körpəni, divara mıxlanan uşağı çəkən fotoqraf vahimələndi” - Mart qırğınları - FOTOLAR

 

Bu gün 1918-ci il 31 Mart Soyqırımının yaşandığı tarixdən 102 il ötür.

 

AzEdu.az bu qırğınlara aid saysız -hesabsız dəhşətli faktlardan bir neçəsini təqdim edir:

 

 

Martın 30-da saat 16.40 radələrində Erməni kilsəsinin yanına toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açır, beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama “start verilir”. Martın 31-i və aprelin 1-də qırğınlar, xüsusilə, kütləvi şəkil alır, üç gün ərzində Bakıda 12 min insan qətlə yetirilir. Onların çoxunun meyitləri tapılmır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alov bürümüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, “Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyalarına, “İsmailiyyə”nin binasına od vurmuşdular. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə yeksan edilmişdi.

 

 

Yazıda həmin dəhşətlərin şahidi olan iki əcnəbinin qeydlərini təqdim edəcəyik. Onların biri qeydlərini sözlə, o biri isə məsləyinə uyğun olaraq, foto ilə edib.

 

Dəhşətli günlərin şahidi olan Kulner soyadlı alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazırdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”

 

İkinci şahid isə fotoqraf Sokolovdur. O Sokolov ki, mart qırğınlarından sonra öz peşəsinə nifrət etdi.

 

 

Qırğınlar ərəfəsində “Nikolay Buniatov” paroxodunun komandir köməkçisi Kazım Axundova Bakının Çəmbərəkənd adlandırılan dağüstü hissəsinin mühafizəsi üçün təyyarəçi Rozenblyumun başçılığı ilə 10 silahlı matros göndərildi. K.Axundov Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladı. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnazistin, 11 gimnaziyaçı qızın, 1 rus qadınının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadını-nın, müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6.748 meyiti gətirilmişdi. Axundov öz tanışı, texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparmışdı. V.Sokolov burada 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilən qadın meyiti təsvir olunmuşdu. Onun sağ döşü üstündə hələ nəfəs alan körpə uzanmışdı. Körpənin ayağında süngü yarası var idi. Digər şəkildə isə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilmişdi. Mismarın başından aydın görünürdü ki, onu divara daşla bərkitmişlər. Üçüncü şəkildəki isə 13-14 yaşlı qızın meyiti idi. Axundovla Sokolov dördüncü evə daxil olduqda dəhşətli bir mənzərə ilə rastlaşmışdılar: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri uzadılmışdı. Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Bu mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o, daha foto belə çəkə bilməmişdi.