Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 16:47:00
“Azərbaycana qayıtmağımız bizə daha da təhlükə yaradacaq” – Xaricdəki tələbəmiz

 

 

 

“Düşünürük ki, İndoneziyada koronavirusa görə vəziyyət getdikcə daha da pisləşəcək. Bu səbəbdən Azərbaycana qayıtmaq istəyirik. Burada təxminən 15-ə yaxın azərbaycanlı tələbə var. Hər birimiz evakuasiya ilə bağlı səfirliyə müraciət etmişik. Artıq iki həftədir ki, gözləyirik. Hələki cavab yoxdur”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında İndoneziyanın Bandunq Texnologiya İnstitutunda Turizm planlaşdırması üzrə magistr təhsili alan Gülnar Babazadə söyləyib.

 

Onun sözlərinə görə, İndoneziyada da uçuşlar ləğv olunub, ölkəyə dönmək mümkün deyil:

 

“Bildiyimiz kimi, artıq uçuşlar təxirə salınıb. Səfirlikdən bizə bildirdilər ki, çarter uçuşu gözləyin. Hələki cavab yoxdur. Sadəcə xəbərdarlıq ediblər. Əlavə olaraq bildirim ki, məsələ ilə bağlı bayramdan öncə səfirliyin əməkdaşı Emil bəy ilə görüşdük. O, bizi maska və digər tibbi ləvazimatlarla təmin etdi”.

 

Azərbaycanlı tələbə qeyd edib ki, əhalinin ölkə ərazisində tətbiq olunan qadağaları diqqətə almadığına görə virus İndoneziyada geniş sürətlə yayılıb:

 

“Təəssüf ki, İndoneziyada vəziyyət yaxşı deyil. Burada da hər yer bağlıdır. Yalnız marketlər və apteklər açıqdır.

 

Virusun ilk yayıldığı dövrlərdə hökumət ölkə ərazisində bəzi qadağalar tətbiq etməyə başladı. Ancaq insanlar ilk vaxtlarda buna məhəl qoymadı. Beləcə, virus əhali arasında sürətlə yayılmağa başladı.

 

Qadağalar demək olar ki, digər ölkələrlə eynidir. Burada da çölə çıxmaq olmaz, ancaq müəyyən saatlarda ərzaq və tibbi tələbatlarını ödəmək üçün küçəyə çıxmaq mümkündür.

 

Virusun daha geniş yayılmasının qarşısını almaq məqsədilə məktəb və universitetlərdə də tətil elan edilib, dərslər onlayn şəkildə - “zoom”, “webex” vasitəsilə davam etdirilir.

 

Küçəyə ancaq mağazaya getmək üçün çıxırıq. Bu zaman isə özümüzü qorumağa çalışırıq, tibbi maska və əlcəkdən istifadə edirik”.

 

Gülnar Babazadənin fikrincə, problem bu ölkədə ciddi olsa da, İndoneziya xalqı olduqca nikbindir:

 

“İndoneziyalılar çox sakit  xalqdır. Koronavirusla əlaqədar bütün məhdudiyyətlərə baxmayaraq, onlarda heç bir panika yoxdur. Ona görə də bu problemi hələki sakit qarşılayırlar”.

 

“Biz isə tipik azərbaycanlı olaraq böyük bir narahatlıq içərisindəyik. Psixologiyamız artıq o qədər pozulub ki, bir az öskürən kimi artıq koronavirusa yoluxduğumuzu düşünürük.

 

Həmçinin, biz İndoneziyaya gəldiyimiz gündən etibarən hər gün gəzirdik. Buna görə də evdə oturmaq bizə həddindən çox təsir edir. Demək olar ki, hamımız bütün günü evdəyik”, - deyə həmyerlimiz bildirib.

 

Gülnar Babazadənin sözlərinə görə, hazırkı şəraitdə Azərbaycana qayıtmaq da təhlükəlidir:

 

“Bəzi azərbaycanlı tələbələrdə koronavirusa görə vahimə çoxdur. Bu səbəbdən tez bir müddətdə ölkəyə qayıtmaq istəyirlər. Düzü, mən isə onlar qədər narahat deyiləm. Düşünürəm ki, Azərbaycanda da vəziyyət eynidir. Qayıtmağımız heç nəyi dəyişməyəcək. Əksinə, daha çox təhlükə yaradacaq. Çünki İndoneziyadan Azərbaycana birbaşa uçuş yoxdur, ölkəyə dönmək üçün 4 hava limanından keçməliyik. Bu isə sağlamlığımız üçün risklidir. Sadəcə ümid edirəm ki, vəziyyət tezliklə düzələr və normal həyatımıza geri dönərik”.

 

Qeyd edək ki, İndoneziyada 1,414 koronavirusa yoluxub, 122 nəfər isə dünyasını dəyişib.