Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-29 13:11:00
Təhsil müşaviri: “Türkiyədə təhsil alan 21 min tələbəmizdən 19 mini özünütəcrid şəraitində yaşayır” – MÜSAHİBƏ  

Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibovanın müsahibəsi:

-  Türkiyədə nə qədər Azərbaycanlı tələbə təhsil alır?

-2020-ci il yanvarın 27-də Türkiyə Respublikası Ali Təhsil Şurasından (YÖK) aldığımız məlumata görə, 21 479 azərbaycanlı tələbə Türkiyənin 81 vilayətinin 79-da yerləşən  müxtəlif universitetlərdə təhsil almaqdadır.

- Tələbələrdən nə qədəri dövlət və özəl yataqxanalarda məskunlaşıb?

- Türkiyənin İdman və Gənclər Nazirliyinə bağlı Yataqxanalar Baş İdarəsindən verilən məlumata görə, 307 nəfər tələbəmiz dövlət yataqxanalarında qalır. Digərləri isə özəl yataqxanalarda və kirayə götürdükləri evlərdə yaşayırlar (özəl yataqxanalarda qalan tələbələr sıx-sıx yer dəyişdiyi üçün onların sayı ilə bağlı dəqiq məlumat vermək çətindir).

- Koronovirusa qarşı mübarizə çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi azərbaycanlı tələbələr üçün hansı tədbirlər nəzərdə tutub?

- Qeyd etmək istərdim ki, Azərbaycanın Türkiyədəki səfirliyində “Qaynar xətt” fəaliyyət göstərir və bu “Qaynar xətt”ə digər vətəndaşlarımızla yanaşı, tələbələrin də müraciətləri daxil olur. Həmçinin Türkiyənin müxtəlif bölgələrindəki tələbələrimizlə, xüsusilə də tələbə təmsilçilərimizlə səfirliyimiz və təhsil müşaviri olaraq şəxsən mən gündəlik müntəzəm əlaqə saxlayırıq, onların mövcud vəziyyətləri ilə bağlı məlumatlar alırıq. Həmin məlumatlar təhlil edilir və zəruri olduğu təqdirdə ortaya çıxan məsələlər Türkiyənin müxtəlif dövlət orqanları ilə əlaqələndirilir. Bunlarla yanaşı, tələbələrimizin yaşadığı şəhərlərin rəhbərlikləri, iş adamlarımızla, dərnəklərlə əlaqə saxlayaraq onların ehtiyacları, qida məsələlərinə köməklik göstərmələrini təmin edirik.

- Yeni növ koronovirusa qarşı mübarizə tədbirləri çərçivəsində indiyə qədər nə qədər tələbə səfirliyin xətti ilə Azərbaycana gedib və nə qədəri getmək üçün müraciət edib? Həmin tələbələrin karantində yerləşdirilməsi prosesilə bağlı səfirlikdə hansı məlumatlar var?

- Yuxarıda qeyd etdiyim kimi, Türkiyədə təhsil alan 21 mindən artıq tələbəmizin böyük əksəriyyəti, təxminən 19 mini Türkiyə dövlətinin onlara yaratdığı imkanlara uyğun özünütəcrid şəraitdə yaşayır və onlayn dərslərlə təhsillərini davam etdirirlər. Bu günə qədər səfirliyimiz və Baş konsulluqlarımızın xətti ilə 1000-ə axın tələbəmiz artıq vətənə göndərilib. Hazırda 2000-ə yaxın tələbəmiz isə vətənə dönmək üçün səfirliyin nəzdində yaradılmış “Qaynar xətt” vasitəsilə qeydiyyatdan keçib. Bildiyiniz kimi, vətənə göndərilən hər bir şəxsin Azərbaycanda 14-28 gün müddətinə karantinə alınması mütləqdir. Tələbələrimiz də digər vətəndaşlarımız kimi Azərbaycana daxil olduqları zaman dövlətimiz tərəfindən nəzərdə tutulmuş bölgələrdə karantinə alınmaqdadırlar.

- Azərbaycanlı tələbələr arasında yeni növ koronavirusa yoluxma haqqında hər hansı məlumat varmı?

- Bu günə bizdə olan məlumata görə, bir nəfər vətəndaşımızda yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb. Bu vətəndaşımız hazırda xəstəxanadadır. Səfirlik olaraq həm vətəndaşımızla, həm xəstəxana rəhbərliyi və onu müalicə edən həkimlə mütəmadi olaraq əlaqə saxlayırıq. Həkimlərin verdiyi məlumata görə, vətəndaşımızın vəziyyəti qənaətbəxşdir.

- Hazırda Azərbaycana getmək istəyən tələbələrə nə tövsiyə edirsiniz?

- Tələbələrimizə tövsiyəm odur ki, mövcud şəraitdə olduqları yerdə karantin rejiminə ciddi riayət etsinlər və dərslərini onlayn formada davam etdirsinlər. Bu, həm onların təhlükəsizliyi, həm də təhsilləri baxımından zəruridir. Biz mütəmadi olaraq tələbələrlə və səfirliyimizə müraciət edən çox sayda valideynlərlə bu barədə söhbətlər aparırıq. Həyəcanlı olan tələbələrimizi və valideynlərini sakitləşdirməyə çalışırıq. Bütün tələbələrimizdən Türkiyə Respublikasının karantin şərtlərinə əməl etmələrini xahiş edirik.

- Türkiyədə bəzi azərbaycanlı tələbələr dövlət və özəl yurdlarında deyil, kirayədə yaşayırlar, indiyədək həm təhsil alır, həm də part time işləyərək, minimum tələbatlarını ödəyə bilirdilər. Hazırda bu mümkün olmadığı üçün həmin tələbələr yemək və yaşamaq çətinlikləri olduqlarını bildirirlər. Belə tələbələrin hazırda boşaldılmış dövlət yataqxanalarında müvəqqəti yerləşdirilməsi mümkündürmü?

- Türkiyə rəhbərliyi ölkədəki tələbə yataqxanalarının karantin məntəqələri olaraq istifadə edilməsi ilə bağlı təlimat verdiyi üçün ölkədə yataqxana çatışmazlığı yaranıb. Buna baxmayaraq mövcud vəziyyətlə əlaqədar qaldıqları yataqxanalardan (özəl və ya dövlət) çıxarılan tələbələrin başqa yataqxanalarla təmin edilməsi  məsələsinə köməklik göstəririk. Yuxarıda qeyd etdiyim kimi, adı çəkilən qurumların və şəxslərin vasitəsilə yemək və yaşamaq çətinlikləri olan tələbələrimizə köməklik göstərilir. Bununla yanaşı qeyd etmək istərdim ki, bu günə qədər evlərdə kirayədə yaşayan  tələbələrimizdən səfirliyimizə müraciət edərək yataqxanaya keçmək üçün köməklik istəyən olmayıb.