Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-26 11:01:00
İspaniya və Fransadakı azərbaycanlılar: “Dövlətimiz tərəfindən çarter reysin açılmasını gözləyirik”

Dünyanı öz cənginə alan koronavirus pandemiyasına indiyədək 466,752 nəfər yoluxub. Onlardan 21,148-i dünyasını dəyişib, 113,807 nəfəri isə sağalıb.

Virusun ən çox qeydə alındığı ölkələr arasında İspaniya və Fransa da var. Belə ki, bu günədək İspaniyada 49,515 nəfər koronavirusa yoluxub, onlardan 3,647 nəfəri vəfat edib. Fransada isə 25,233 şəxs koronavirusa yoluxub, 1,331 nəfər isə bu xəstəlik səbəbi ilə dünyasını dəyişib.

Hər iki ölkə yetərincə turistik ərazi olduğundan burda əcnəbilərin sıx məskunlaşması istisna deyil. Eləcə də azərbaycanlıların həm təhsil, həm də işlə bağlı olaraq yaşadıqları ölkələr arasında İspaniya və Fransa da yer alır.

 

Maraqlıdır, hazırda həmin ölkələrdə yaşayan vətəndaşlarımızın səhhəti necədir? Onların Azərbaycana təxliyyə məsələsi hansı yerdədir?

 

AzEdu.az-ın məlumatına görə, İspaniyada mövcud durumla əlaqədar danışan Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov deyir ki, İspaniyada yaşayan vətəndaşlarımız Azərbaycana çarter reysin açılmasını gözləyir:

 

“Martın 14-dən etibarən İspaniyada fövqəladə hal elan olunub. Ərzaq və mağazaya getmək xaricində kimsə küçəyə çıxa bilmir. Sadəcə həkimlər və digər önəmli sahənin adamları küçəyə çıxa bilər, bir də itləri olanlar müəyyən saatlarda heyvanlarını parkda gəzdirmək imkanına sahibdirlər. Əks halda küçəyə çıxanlara polislər tərəfindən ciddi cərimələr tətbiq olunur. Belə şəraitdə gündəlik olaraq burada yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq. Çox şükür olsun ki, hələ vətəndaşlarımızdan heç birində koronavirusa yoluxma halı qeydə alınmayıb. Azərbaycanlılar arasında əvvəldən ünsiyyət var, amma indi votsap üzərindən də bir-birimizlə mütəmadi əlaqə saxlayırıq. Təxliyə məsələsi ilə bağlı isə hələ ki, dəqiq məlumat yoxdur. Amma vətəndaşlarımız davamlı olaraq Azərbaycana qayıtmaq üçün müraciət edir. Dövlətimiz tərəfindən çarter reysin açılmasını gözləyirik. İspaniyadan Azərbaycana qayıtmaq istəyənlər əsasən tələbələr və burada qısa müddətə yaşamağa gələnlərdir. Əvvəldən burada məskunlaşan və işləyən vətəndaşlarımız Azərbaycana qayıtmaq istəmir”.

 

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov Fransada insanların mövcud duruma ciddi yanaşmamaları üzündən karantin qaydalarının daha da sərtləşdirildiyini bildirib:

 

“Fransada karantin rejimi srağagündən etibarən daha da gücləndirilib. Burada insanlar vəziyyəti ciddiyə almırdılar, ona görə də qayda-qanunlar bir qədər sərtləşdirildi. Demək olar ki, gündəlik olaraq Fransada yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq. Vətəndaşlarımız arasında virusa yoluxan yoxdur. Təxliyə məsələsinə gəldikdə isə yəqin ki, yaxın zaman ərzində çarter reyslər təyin olunacaq və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız geri qayıda biləcək”. (modern.az)