Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-19 10:49:00
Teledərsi aparan müəllim: "Bizi bu üstünlüklərə görə seçdilər"

 

 

 

“2016-ci ildə video.edu.az portalında yerləşdirdiyimiz elektron dərslərin baxış sayına, bəyənilməsinə görə bizi teledərslərin çəkilişlərinə dəvət etdilər.  Burada efir, nitq mədəniyyəti, lakonik, səlis danışıq, görünüş hər şey nəzərə alınır”.

 

Bu fikirləri teledərslərdə kimya fənnini tədris edən Səbayil rayon 91 saylı məktəbin müəllimi Gülnarə Nəbiyeva  AzEdu.az-a açıqlaması zamanı deyib.

 

O, video dərslərin çəkilməsində kifayət qədər təcrübəsi olduğunu bildirib:

 

“Bizim artıq  belə dərslərdə kifayət qədər təcrübəmiz var. Mən video.edu.az portalında  elektron dərslər  keçmişəm. Həmin dərslərin baxış sayına, bəyənilməsinə görə bizi teledərslərin çəkilişlərinə dəvət etdilər. Əsas məqsədimiz dərsi 10 dəqiqə ərzində çatdırmaqdır. Mən elə öz dərslərimdə də dərsin lakonik çatdırılmasının tərəfdarıyam.  10 dəqiqəlik müddətdə, hətta ev tapşırıqlarına qədər vaxt ayıra bilirəm. Öz şagirdlərim də elə ekran qarşısında dərsləri izləyir. Baxa bilməyənlərə isə linklər göndərirəm.

 

Şagirdlərin evdən çıxmadan ekran qarşısında dərsləri izləməsi çox əlverişlidir”

 

Koronavirus təhlükəsini nəzərə alaraq məktəblərdə təxirə salınan dərslərin kompensasiya edilməsi məqsədilə biz peşəkar müəllim kollektivi olaraq telədərslərin çəkilişinə cəlb olunduq. Düşünürəm ki, şagirdlərin evdən çıxmadan ekran qarşısında dərsləri izləməsi çox əlverişlidir. Əgər dərslərin yayımlandığı məqamda şagirdlərin baxmaq imkanı olmasa, Təhsil Nazirliyinin feysbuk səhifəsindən,  video.edu.az internet portallarından izləyə bilərlər. Bununla da öz biliklərini təkmilləşdirərlər.

 

Bununla yanaşı, valideynlər də müəllimlə əlaqə saxlamaqda, uşaqlarına dərsləri izlətməkdə maraqlı olmalıdır. Mənim dərs keçdiyim şagirdlərin valideynləri votsap  qrupu açmaqla bir-birinə məlumatları ötürürlər. Biri baxmayanda link paylaşırlar. Bu baxımdan valideynlərə də məsuliyyət düşür”.

 

G.Nəbiyevanın sözlərinə görə, bu vəziyyət müəllimlər üçün də gözlənilməz olub. Müəllimlərin əksəriyyəti onlayn dərslərə hazır deyil.

 

 “Bu vəziyyət bizim üçün gözlənilməz oldu.  Heç kimin sabah nə baş verəcəyinə  zəmanəti yoxdur.  Hər bir  peşəkar müəllim və digər şəxslər dövlətin qoyduğu təhlükəsizlik tələblərinə riayət etməlidir.  Müəllimlər daim hazır olmalıdır ki, belə hallarda şagirdlərimiz  çətinliyə məruz qalmasınlar. Təhsil Nazirliyi başda olmaqla, biz təhsilimizin davam etdirilməsinə həmişə hazırıq.

 

Düzdür, onlayn dərslərə müəllimlərimiz hələ tam hazır deyil. Bu işin birinci mərhələsidir.  İndi paytaxtla yanaşı, rayondakı peşəkar müəllimlərimiz də distant, video dərslərdən, elektron vasitələrdən istifadəyə başlayırlar.  Müəllim bir neçə gün məktəbə gəlməyəndə dəftər kitab ona yad olmamalıdır. O, artıq nəsə etməlidir.  Müəllimlər də bir-birinin çəkdiyi elektron dərslərdən inteqrasiya məqsədilə istifadə edə bilər.  Haqqında danışdığımız STEAM layihəsində də belə inteqrasiyalar reallaşdırılır”.

 

Müsahibimiz müasir dövrdə texnologiyanın, distant formanın üstünlüyünü də vurğulayıb:

 

“Distant təhsilə gəldikdə isə qabaqcıl ölkələrdə artıq bu üsul uzun müddətdir tətbiq olunur. Biz də Təhsil Nazirliyinin təşəbbüsü ilə  keçirilən bu dərslərə çox böyük önəm veririk. İndi qonşu Türkiyə, Rusiyada da ən əlverişli çıxış yolu məhz distant təhsildir. Sizə bir faktı da demək istərdim. Rusiyada  şaxtalı hava şəraitinə görə may ayına qədər  Sibirlə əlaqələri kəsilir, onlar paytaxt Moskva ilə onlayn, distant üsulla konfranslarını, tədbirlərini belə davam etdirirlər.

 

Yəni yaranmış situasiyada bu ən əlverişli üsuldur”.

 

Xatırladaq ki,  koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-nə kimi dayandırılıb