https://www.zirve.edu.az/
18.03.2020 17:25
Şagirdlərimiz teledərslərdən nə dərəcədə müstəqil yararlanma gücündədirlər?- Nazirlik rəsmisindən irad
Çap et

Bütün dünyanı gərginlik altında saxlayan koronavirus pandemiyası planetdə 290 milyondan çox şagird və tələbənin təhsilini yarımçıq qoyub.

 

Belə məqamda, təhsilin fasiləsizliyini qoruyub saxlamaqdan ötrü alternativ tədris metodları ən uyğun çıxış yoludur.

 

Orta məktəbdə təhsilin fasiləsizliyini təmin etmək  üçün ən yaxşı üsullardan biri də “teledərslərdir” .  

 

Martın 11-dən etibarən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihəyə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin  “Mədəniyyət” kanalında  “Dərs vaxtı”  adlı teledərslərə start verilib.  

 

Başqa sözlə desək, həftəiçi hər gün saat 10:00-dan, 16:00-a qədər müəllimlər bütün evlərin qonağı olur.

 

Qeyd edək ki, qısa zaman kəsiminə baxmayaraq, teledərslər öz faydalılığını  tam gücü ilə sübut etdi. Telelayihə  tədrisdə yaranacaq boşluqların qarşısı müəyyən mənada almağı bacardı.

 

 

Teledərslərlə bağlı  ictimiyyəti maraqlandıran məsələlərdən biri də şagirdlərin nə dərəcədə müstəqil öyrənmə bacarıqlarının olub-olmamasıdır.

 

Təhsil Nazirliyinin  Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa  Yaqublu AzEdu.az-a açıqlamasında   bu məsələyə aydınlıq gətirib:

 

“XXI əsrin vacib səriştələrindən biri də müstəqil öyrənmə bacarığıdır.  9-11-ci sinif şagirdləri  o zaman kamil  insanlar hesab olunur ki, onlarda müstəqil öyrənmə bacarığı formalaşsın.  Portallarda zənginləşdirilmiş elektron dərsliklər  yerləşdirilib. Bilirsiniz ki, mövzulara əlavə edilən hiperlinklər vasitəsilə hər hansı bir təcrübəni, mövzu ilə bağlı video çarxı  görmək olur.

 

Bu vasitələrlə işləməyi bacaran  şagird dərsliyi oxumaqla, video roliklərə, teledərslərə baxmaqla kifayət qədər öyrənə bilər.   Onda hər hansı bir sual yaranarsa, telefonla, vatsapla, sosial şəbəkə vasitəsilə  öz müəllimindən, başqa bir adamdan soruşa bilər.  Bilirsiniz, biz uşaqları həddindən artıq  infantil ( red: orqanizmi fiziki və psixi cəhətdən inkişafdan qalması; uşaq yaşına uyğun keyfiyyətləri olan yaşlı adam)  böyütməməliyik. 

 

Uşaqlar belə getsə,  həddən artıq gec böyüyəcəklər, kamilliyə gec çatacaqlar. Uşaqlar hər cür situasiyada çıxış yolunu tapmalıdırlar. Bu da elə XXI əsrdə insanlara lazım olan bacarıqlardır.   Bu gün əmək bazarında  çevik düşünməyi, müstəqil qərar verməyi, öyrənən, köhnəlmiş biliyi kənara qoyub yeni tələb olunan biliyi axtarıb tapıb mənimsəməyi bacaran şəxslər lazımdır. Mənə belə gəlir ki, uşaqların bazası möhkəmdirsə, onlar dərslikdən və başqa vəsaitlərdən istifadə edərək hər şeyi öyrənə bilərlər.  Repetitorluğun yaranmasının bir səbəbi də odur ki,  bizim şagirdlərmizdə oxuyub anlama bacarığı çox zəifdir. Repetitor bizə elə dərslikdə yazılanı deyir, gözümüzə baxıb görəndə ki, biz başa düşmürük, bir də deyir. Görsə ki, biz yenə başa düşmədik, başqa formada yenə deyir.  Əgər uşaqlar birinci sinifdə məktəbə gedəndə oxuduqlarını anlamağı öyrənsələr, heç kəsə repetitor lazım olmaz. Çünki bütün akademik biliklər  əlçatandır, dərsliklərdə, ensiklopediyalarda, videoçarxlarda və s. hər yerdə var”.

 

Bu da müəllimdən asılıdır. Sinifdə şagirdlərini müşahidə etməyi bacaran müəllim onların gözünün baxma bucağından hiss edir ki, onun dediyi anlaşıldı, yoxsa yox.  Müəllim şagirdin verdiyi suallar, yazılı tapşırıqlar əsasında bilir ki, onlar nəyi başa düşməyib və yaxşı müəllim bu səhvin həmişə kökünü görür.  Məsələn,  vurma əməlində şagird səhv edibsə, demək, o, nəyi bilmirsə, qayıdıb həmin hissəni bir də izah edir ki, şagird eyni səhvi dəfələrlə  etməsin”.