Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 15:40:00
Vyana Tibb Universitetinin tələbəsi – “Azərbaycana qayıtmağımız real görünmür” –SON  VƏZİYYƏT

 

 

“Virusun kütləvi şəkildə yayılmasının qarşısını almaq məqsədilə hökumət lazımi tədbirlər həyata keçirsə də, görünür ki, burada vəziyyət daha da pisləşəcək. Epidemiyaya yoluxanların sayında artım müşahidə olunur.

 

Düşünürəm ki, bu vəziyyət 10-15 gün belə davam edəcək. Ən azından belə bir şəraitdə AzTv bizə “yük”, “savadsız” deməsə, daha yaxşı olardı. Çünki Avropada təhsil alan azərbaycanlı tələbələr Vətənimizin gələcəyidir, bəlkə də AzTv-nin gələcək kadrlarıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Avstriyanın Vyana Tibb Universitetində Müalicə İşi üzrə bakalavr təhsili alan Rüstəm Qurbanov söyləyib.

 

Azərbaycanlı tələbə qeyd edib ki, epidemiyanın geniş yayıldığı Avstriyada da hökumət ciddi səbəb olmadan küçəyə çıxmağı qadağan edib:

 

“Hazırda Avstriyada 1458 nəfər koronavirusa yoluxub. Hər kəs evdədir və insanlar çölə çıxmağa ehtiyat edir. Koronavirusla əlaqədar burada da hökumət bəzi qadağalar tətbiq etsə də, İtaliyadakı kimi sərt deyil, ancaq hər an sərtləşə bilər. Mağaza, bank və apteklərdən başqa hər yer bağlıdır. Çöldə çox az insana rast gəlmək olur. İctimai yerlərdə toplu halda gəzmək olmaz. Parklarda toplu halda gəzdiyiniz təqdirdə 3000 avro ilə cərimə olunursunuz. İşə getmək, qida və tibbi ehtiyacını ödəmək kimi əsaslı səbəb olmadan çölə çıxa bilməzsiniz”.

 

 

Rüstəm Qurbanov tətil elan edilən məktəb və universitetlərdə semestr imtahanlarının nə vaxt keçiriləcəyinin məlum olmadığını bildirib:

 

 

“Bir çox Avropa ölkəsində olduğu kimi burada da məktəb və universitetlərdə tətil elan edilib, dərslər onlayn şəkildə davam etdirilir. Epidemiyanın nə vaxta kimi davam edəcəyi tam olaraq  bilinmədiyi üçün semestr imtahanlarının olub-olmayacağı sual altındadır. Əlavə olaraq qeyd edim ki, Avstriyada dövlət qulluğu hərbi və ya sivil (xəstəxanalarda) şəkildə olur. Qərara əsasən, son 5 ildə sivil qulluq etmiş 50 minə yaxın insan yenidən xidmətə qaytarıla bilər”.

 

Vyana Tibb Universitetinin tələbəsi Avstriyada ərzaq və tibbi ləvazimatların əldə edilməsində çətinlik çəkmədiklərini qeyd edib:

 

“Digər ölkələrlə müqayisə etsək, Avstriyada mağaza və apteklərdə qıtlıq yoxdur. Amma hər halda böyük qıtlıq olacağını da düşünmürəm, çünki hazırda dövlət tibbi maska istehsalı üçün bəzi tekstil firmaları ilə danışığa başlayıb”.

 

Həmyerlimiz bildirib ki, Vyanada tranzit uçuşlar ləğv olunduğuna görə azərbaycanlı tələbələrin vətənə qayıtması mümkün deyil:

 

“Burada təhsil alan azərbaycanlı tələbələrlə daim ünsiyyətdəyik, bir-birimizlə vaxtaşırı əlaqə saxlayıb, maraqlanırıq. Nəyəsə ehtiyacımız olduğu təqdirdə bir-birimizə kömək etməyə çalışırıq.

 

Avstriyaya qonşu olan ölkələrlə sərhədlər bağlanılıb, digərlərinə isə gediş-gəlişdə müəyyən məhdudiyyətlər qoyulub. Məsələn, Macarıstana getmək istədiyiniz halda ancaq bu ölkədə yaşamaq icazəsi olanlara icazə verilir. Bu səbəbdən hazırkı şəraitdə Vyanada tranzit uçuşlar bağlandığı üçün tələbələrin Azərbaycana qayıtması real görünmür”.

 

Qeyd edək ki, Avstriyada 1458 nəfər koronavirusa yoluxub, 4 nəfər isə dünyasını dəyişib.