https://www.zirve.edu.az/
18.03.2020 11:28
  Koronavirus nədir və necə davranmalı? - Professordan tövsiyə
Çap et
 
AzEdu.az professor Adil Qeybullanın  koronavirus pandemiyası ilə bağlı olan müsahibəsini təqdim edir:
 
Adil müəllim koronavorus zamanı nə etmək lazımdıf?
 
“Koronaviruslar (latınca – Coronaviridae) genomu birzəncirli RNT-dən ibarət viruslar ailəsi olub 40 növə malikdir. Koronavirus zoonotoic (heyvandan keçən) virus olub məməlilərdə və quşlarda xəstəlik törədir və insanlara da heyvanlardan keçdiyi məlumdur. İnsan koronavirusu ilk dəfə 1965-ci ildə kəskin respirator virus infeksiyası xəstələrinin nəfəs yollarında aşkar edilmişdir”.
 
Aşkar edildiyi dövrdən Koronavirusların 3 təhlükəli ştamı müəyyən edilib:
 
1. SARS-CoV (ağır kəskin respirator sindrom törədən koronavirus). Bu ştamla ilk infeksiya ocağı 2002-ci ilin noyabrında Çinin Huandun vilayətində peyda olmuşdur. Epidemiya 2 ay ərzində cənuba doğru yeriyərək Qonkonq və Byetnamı da əhatə etmişdir. Virus ağ ciyər alveollarını zədələməklə atipik pnevmoniya (bənövşəyi ölüm – purple death adlanır) törətməsi və sağalanlarda uzunmüddətli patoloji izlər buraxması ilə xarakterizə edilir. Son xəstələnmə halı 2003-cü ilin iyulunda qeydə alınmışdır. 2004-cü ildə bu ştammla xəstələnmə halı qeydə alınmamışdır. 8437 xəstələnmə halı, onlardan 813 nəfərində letal nəticə qeydə alınmışdır.
i2. MERS-CoV (Yaxın şərq respirator sindromu törədən koronavirus) – Zoonoz virus olub (yarasalardan transmissiyası müəyyən edilib və dəvələrdə də tapılıb. İlk infeksiya ocağı 2012-c ildə Səudiyyə Ərəbistanında qeydə alınmışdır. 2013-cülin iyununa qədər davam etmişdir. 50 xəstədən yarısı dünyasını dəyişmişdir.
2015-ci ilin yayında yenidən infeksiya alovlanmış və 23 ölkədə (Yaxın Şərq və Avropa ölkələri) yayılmış və həmin ilin iyununda 1154 xəstədən 431-də ölümlə nəticələnmişdir.
2019-cu ilin sonundan 2020-ci ilin əvvələri dünyada MERS-CoV ~2500 (2494-2506) nəfərdə xəstələnmə qeydə alınmışdır ki, onlardan da ~ 900 (862-912) nəfəri ölmüşdür. Hər il bu ştamla onlarla xəstələnmə sayı qeydə alınır. Xəstəliyin əlamətləri kəskin respirator virus infeksiyaları üçün xarakterikdir: xəstəlik qızdırma, öskürək, təngnəfəsliklə başlayır, getdikcə ağır virus pnevmoniyası inkişaf edir. Bəzi hallarda xəstəli böyrək çatmazlığı ilə müşayiət edilir.
 
3. SARS-CoV-2, 2019 dekabrında aşkar edilmiş və indiyədək davam edən yeni tip pevmoniya pandemiyası törədən növ. Bu növ böyüklərdə daha çox ölüm halı törədir, uşaqlarda ölüm halı isə qripdə olduğu kimdir. Çin mütəxəssislərinin apardığı tədqiqatlar göstərir ki, koronavirusa yoluxmuş uşaqlarda COVID-19 zəif simptomlarla özünü göstərmişdir. Həm də yoluxmuş uşaqlardan müvafiq simptomlar olmadığından koranovirusun gizli yayanlar rolunda olmuşlar. Çində müayinə olunan 15 yaşa qədər olan 745 uşaqdan yalnız 10-da (1.3%) koronavirus aşkar edilmiş, heç birində ağır simptomlar qeydə alınmamışdır. 7 nəfər uşaqda sadəcə hərarət 39°C-yə qədər yüksəlmiş, bir sıra hallarda boğazda ağrılar, öskürək, burun tutulması qeydə alınsa da, uşaqlarda böyüklərdə rast gəlinən əzələ və baş ağrıları, rentgenoqrafiyada pnevmoniya təsadüf edilməmişdir. Bununla yanaşı, həmin uşaqlar uzun müddət digər uşaqları da yoluxdurmağa qadir olmuşlar. Onların burun və boğaz yaxmalarında koronavirus tapılmasa da, xəstəxanadan yazılandan 13 gün sonra belə nəcisdə virus tapılmaqda davam etmişdir.
COVİD-19 ştamının pandemiya törədəcək xassəyə malik olması onun rekombinasiya (reassortiment) etməsinə, yəni onun gen mübadiləsinə girərək yeni xassə əldə etməsinə bağlıdır. Yeni xassə ondan ibarətdir ki, koronaviruslar digər viruslar kimi hüceyrə membranına istənilən yerdən deyil, transmembran reseptorları aldadaraq, hüceyrənin həyat fəaliyyəti üçün vacib proteinləri imitasiya edərək daxil olur, hüceyrəni aldadır. Ona görə də immun sistem onu tanımır, onunla mübarizə aparmır. Yüksək kontagiozluq və inkubasiya dövrünün uzun olması yayılmanın əsas səbəblərindəndir.
Lakin virusun hazırki ştamı xarici mühitdə davamsızdır. Virusun kapsidində S-zülallardan ibarət tacın olması onun açıq sahədə yaşam şansını aşağı endirir. Çünki sərbəst oksigen və digər oksidləşdiricilər S-zülalları denaturasiya edərək virusu zədələyir. Dehidratasiya (susuzlaşma) da virusu güclü zədələyən amillərdən biridir. Xarici mühitdə virus +33°С dərəcədə 16 saat müddətində, +56°С isə 10 dəqiqədə fəallığını itirir. Virus metal səthdə 12 saat, parçada 6-12 saat, aerozolda 8-10 saat, suda 9 saat qala bilir.
Laboratoriya şəraitində koronaviruslar liofilizasiya olunmuş (yumşaq qurudub vakuum kameraya salmaq) halda (+4 °С)-də, dondurulmuş vəziyyətdə (−70 °С)-də infeksion fəallığını bir neçə il saxlaya bilir.
Göstərilən xəritəyə diqqət etsəniz, istər 2002-ci ilin noyabrında aşkar edilən SARS-CoV, istərsə də 2020-ci ilin dekabrında baş verən COVID-19 infeksiya ocağı təxminən Çinin şərqində baş vermişdir. Birinci 2003-cü ilin iyununda son xəstələnmə halı qeydə alınmışdır. 2020-ci il pandemiyasının bu ilin yayında sönməsi gözləniləndir. Pandemiyadan həmçinin xəstələnmə və ölüm sayının dünya üzrə indikindən xeyli artacağı proqnozlaşdırılır.
Bu gün dünya üzrə 174.786 xəstə qeydə alınmış, onlardan 77.657 nəfər sağalmış, 6.705 nəfər dünyasını dəyişmişdir, yəni ~ 50% sağalmış, 4%-ə qədər ölüm halı qeydə alınmışdır. Sevindirici hal odur ki, virus uşaqları xüsusi təhdid etmir. Ona görə də panikaya düşməyin, sadəcə rejimə və Ümumdünya Səhiyyə təşkilatının tövsiyələrinə riayət edin.
 
Əhaliyə tövsiyələr:
 
Karantin qaydalarına ciddi əməl etməklə tövsiyə edilir:
 
1. Əllərin, ağız və burun boşluqlarının gigiyenasına xüsusi diqqət edin. Əlləri tez-tez, isti su altında, sabunla yaxşı yuyun (xüsusilə qida qəbulundan öncə və sonra). Bu virusun dərinin yağ qatı ilə birgə dəridən mexaniki yolla silinib getməsinə gətirib çıxarır. Bu üsul ən əlçatan effektiv üsuldur. Dezinfeksiyaedici məhlullardan yalnız 80%-dən yuxarı etanol (etil spirti) əsaslı olan məhlullardan istifadə edin. Əllərin spirt tərkibli antiseptiklərlə işlənməsi 30 saniyədən (80-85%-li etil spirti əsaslı gellər, məhlullar) 2 dəqiqəyə qədər (70%-li etil spirti, 1%-li xlorheksidin məhlulu) virusu zədələyir və sıradan çıxarır. ÜST məhz onların tətbiqini tövsiyə edir.
2. Bogazı isti su ilə tez-tez qarqara edin (1%-li xlorqeksidin məhlulu və ya limon qatılsa effektli olar). Boğazı qıcıqlanan şəxslər bunu daha çox etsinlər.
3. Xəstə adamlar asqıranda və öskürəndə əmələ gələn hava-damcı aerozolu 1 metr radiusdan böyük məsafəyə yayılmaq imkanına malik deyildir. Maskalar nəfəs buxarından tez islandığından və bu səbəbdən virusu içəri drenaj edə biləcəyindən az effektli sayılır. Əksinə, maskalar xəstə adamlara lazımdır ki, onların ağız-burun aerozolunun havaya atılmasını əngəlləsin. Yalnız maska-respirator 95 və FFP (Filtering Face Piece) tipli maskalardan FFR-3 daha effektivdir. Nəzrə alın ki, virus gözün selik qişasından da insana keçə bilər. Xüsussi eynəklər olmasa, hətta effektiv maskalar da tam təminatlı deyil. Maskaları yuyub ütüləmək, təkrar istifadə etmək olmaz.
4. Passivləşməyin, fiziki fəallığı artırın, idmanla məşğul olun. Bu yolla sərbəst radikallar bədəndən xaric olur, immun sistem güclənir, ağ ciyərlərin ekskursiyası və ventilyasiyası artır, durğunluq azalır, bəlğəmlə bronxdaxili hissəciklər, o cümlədən virus və bakteriyalar xaric olur.
5. Karantin şərtlərinin imkan verdiyi qədər açıq havada gəzin, evin havasını dəyişin.
6. Kaliorili qidalanın. Proteinli qidalar (təzə ət) və meyvə-tərəvəz (axar su altında yaxşı yumaq şərtilə) istifadə edin.
7. Yaxşı yatın, stresdən uzaq durun, vitamin D balansını doldurun, əks-göstərişi olmayanlar (bəzi anemiyallı xəstələr) vitamin C 500 mg-a qədər 7 gün müddətində gündəlik qəbul edə bilərlər.
8. Xəstəxanalarda boş kabinetləri Kvars lampalı ultrabənövşəyi şüalarla dezinfeksiya etmək tövsiyə edilir.