Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 12:05:00
“Ərzaq qıtlığı, xəstə növbəsi var, bizimlə maraqlanan yoxdur” – Avropadakı tələbəmiz

 

 

 

 “Dörd gündür  ki, evdən bayıra çıxa bilmirik. Bizimlə Azərbaycandan koronavirusla bağlı heç kim əlaqə saxlamayıb, maraqlananlar yoxdur”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Portuqaliyanın Lissabon şəhərində “İnstitute Politechnico de Lisboa” Universitetində magistr təhsili alan azərbaycanlı tələbə Şəfəq Vəliyeva deyib.

 

Onun sözlərinə görə, Portuqaliyada bu həftə ərzində fövqəladə hal elan edilməsi gözlənilir:

 

“Portuqaliyada 331 nəfər koronavirusa yoluxub.  Virusun daha geniş yayılmasının qarşısını almaq məqsədilə hökumət  bütün məktəb və universitetlərdə tətil elan edib, dərslər onlayn şəkildə davam etdirilir. İnsanlar virusdan qorunmaq üçün küçəyə çıxa bilmirlər. Demək olar ki, bütün aptek və xəstəxanalarda növbə var.  Ola bilsin ki, bu həftə prezident ölkədə fövqəladə hal elan edəcək”.

 

Şəfəq Vəliyeva mövcud vəziyyətdə ölkəyə qayıtmağı təhlükəli hesab etdiklərini bildirib:

 

“İşləyən insanlar günün yarısına kimi  çalışırlar.  Ölkəyə giriş-çıxışda hələki problem yoxdur. Ancaq hər an ola bilər. Digər ölkələrdən olan tələbələr öz ölkələrinə qayıda biliblər. Biz isə qayıtsaq, karantinə alınmaqdan, yollarda qalmaqdan qorxuruq.  Bu səbəbdən ehtiyat edib, hələki Azərbaycana qayıtmamağı düşünürük”.

 

Tələbə xanım Lissabonda ərzaq almaqda çətinlik çəkdiklərini də söyləyib:

 

“Mağazalarda qida qıtlığı ilə üzləşirik.  Yaşadığım şəhər Lissabonda, ümumiyyətlə, bütün ölkə ərazisində bəzi qadağalar tətbiq olunur: vacib və əsaslı səbəb olmadan küçəyə çıxmaq olmaz.  Turistik gəzinti və səyahətlər icazəli deyil. İnsanlarla əl təmasından qaçınmaq lazımdır. Məhz ölkə əhalisi bu məsələyə çox ciddi əməl edir”.

 

Qeyd edək ki, Portuqaliyada 331 nəfər koronavirus pandemiyasına yoluxub, 1 nəfər isə dünyasını dəyişib.