Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-15 13:43:00
“Bu, koronavirusun orta və ali məktəblərə təhdidinin miqyasını olduqca azaldardı” – Etibar Əliyev

 

 AzEdu.az Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev vacib tədris problemdən bəhs edən yazısını diqqətə çatdırır:

 


Qərbdə hesab edirlər ki, müasir məktəb təhsilinin əsası 1806-cı ildə qoyulub; Napoleonun ordusu Prussiyanı məğlub edəndə… Təhqir olunmuş Prussiya özünün böyük mütəfəkkiri Vilhelm fon Humboldun məsləhətlərinə qulaq asdı və ciddi icbarı təhsil proqramları işlədi. Əsas məqsəd döyüş meydanını qoyub qaçmayan gənc insanları sözəbaxan əsgər kimi yetişdirmək idi. Prussiya təhsil sesteminin bir çox elementləri müasir təhsildə istifadə olunur. Şagirdlər qabiliyyətlərinə görə deyil, yaşlarına görə bir sinifə toplanırlar. Şagirdlər yan-yana qoyulmuş partalarda üzləri müəllimə doğru əyləşirlər. Məktəbin ritmini isə çalınan zəng müəyyən edir. Bir sual ətrafında bir neçə gün düşünmək deyil, gündə bir neçə fəndən mövzular öyrətmək əsas götürülür. Prussiya eksperimenti sonradan dünyanın əksər ölkələrinə yayıldı.

 


Tanınmış təhsil mütəxəsissi Lant Pritçett çox maraqlı bir metaforadan istifadə edir: Hörümçəklə, dəniz ulduzunu müqayisə edir. Hörümçək yeganə mərkəz- beyni vasitəsilə toruna düşən nə varsa onlara nəzarət edir. Bu yüksək səviyyədə mərkəzləşdirilmiş sistemdir. Dəniz ulduzunun isə beyni yoxdur. Və radial strukturdan ibarət desentralizasiya olunmuş orqanizmi var. Nəzarət qollarındakı əsəb hüceyrələri vasitəsilə həyata keçirilir. Pritçett hesab edir ki, “hörümçək sistem”indən, “dəniz ulduzu” sisteminə keçməyin vaxtı çoxdan çatıb. Mərkəzləşmiş təhsilin əsas qüsurlarından biri innovasiyalarda ətalətli olmaqdır.

 


Yeni texnologiyaların icad olunması təhsili modernləşdirdi. Daha doğrusu “hörümçək toru”ndan xilas etməyə başladı. Məsələn, Bridge İnternational Academies müəllimlər üçün xüsusi kompüter proqramından istifadə etməklə Keniyada 200 kasıb məktəbi nəzarətə götürüb. Bu proqramlar planşetlər vasitəsilə yayımlanır və həm də bunun vasitəsilə təhsil prosesini monitorinq etmək mümkün olur. Analojoi olaraq “Xan Akademiya”sı orta təhsildə müxtəlif sualları əhatə edən 4000-dən çox qısa videofilm nümayiş etdirir. Həmçinin elit universitet lektorlarının çıxış etdiyi “Kütləvi açıq onlayn kurslar”ı fəaliyyət göstərir. Bu kursların materiallarından təkcə Stenford və yaxud Massaçusets Texnologiya İnstitutunun tələbələri deyil, maraqlanan hər bir şəxs istifadə edə bilər.

 


Süni intellekt üzrə görkəmli mütəxəssis Sebastyan Trun Elektron məlumat yaydı ki, onun İnternet vasitəsilə oxuduğu mühazirələr təkcə çalışdığı Stenfordun tələbələri ilə yanaşı bütün maraqlananlar üçün də faydalı ola bilər. Qısa bir vaxtda onun mühazirələrini 10 minlərlə insan dinlədi. Və onların 400 nəfəri Stenfordun tələbələrindən daha yüksək nəticə əldə etdilər.

 


Bütün dünyda belədir: tədris proqramları direktiv xarakter daşıyır və çox ətalətlə dəyişir. Müəllimlər tələbələri və şagirdləri imtahanlara hazırlayırlar. Onların bacarıqlarını inkişaf etdirmirlər. Dərsliklər instruksiyalardan ibarətdir, izah etmək funksiyasını daşıyırlar.
Belə bir dövrdə hər bir müəllimin internetdə öz mühazirə kurslarını yerləşdirməsi olduqca əhəmiyyətli olardı. Bu həm də koronavirusun Orta və ali məktəblərə təhdidinin miqyasını azaldardı. Və gözümüzü təkcə "Mədəniyyət" kanalına dikməzdik.