https://www.zirve.edu.az/
09.03.2020 13:23
Müəllimdən atalara ibrətamiz nümunə
Çap et

“7 il əvvəl qızlarını oxutdurmayan, ev-ev gəzib onları məktəbə göndərmələri üçün xahiş etdiyim valideynlər indi övladları ilə birlikdə dərsdə iştirak edirdilər

Bu sözləri AzEdu.az-la yaxın günlərdə reallaşdırdığı dərsi haqqında  öz təssüratlarını bölüşən Ucar rayon məktəbinin dil və ədəbiyyat müəllimi Aynur İbrahimova deyib.

O qeyd edib ki, İnsan Resursları Mərkəzinin təklifi ilə hazırladığı dərs bütün iştirakçılar üçün çox maraqlı keçib.

“İRM-dən təklif etdilər ki, şagirdlərin özgüvəninin, valideynlərin tədrisə, yeni metodlara   münasibətini əks etdirən dərs hazırlamaq lazımdır. Mən də bunu öz üzərimə götürdüm. Əslində bu bir neçə müəllimə təklif olunsa da , müəyyən səbəblərdən onlarda alınmadı.

Belə bir təcrübə xarici ölkələrdə mövcuddur. Amma bizdə heç vaxt olmayıb. Ona görə qərarlaşdırdıq ki, məhz atalar ilə birgə dərs quraq. Niyə məhz atalar? Çünki əksər azərbaycanlı ailədə şagirdlərin dərsləri ilə analar məşğul olur, müəllimlə daimi ünsiyyəti onlar saxlayır. İş-güc səbəbindən az ata övladı, xüsusilə, onun dərsi ilə maraqlanır. Hazırladığım dərsin missiyası bir növ bu idi: ataları tədrisə cəlb etmək.

Mənim üçün ən sevindirici hal odur ki, 7 il əvvəl qızlarını oxutdurmayan, ev-ev gəzib xahiş etdiyim valideynlər indi övladları ilə birlikdə dərsdə iştirak edirdilər. Onlar sualları  cavablandırır, krassvord həll edir, lövhəyə çıxır, canfəşanlıq göstərirdilər”.

 

Aynur müəllim deyir ki, bu dərs  şagirdlərdə fərqli hisslər,  ən əsası isə özgüvən duyğusu yaradırdı.

 

“Onlara şagirdlərə verdiyim kimi tapşırıqlar verirdim. Qrup şəklində  övladları ilə birlikdə işləyirdilər. Bu, həm də şagirdlərdə özgüvən, “atam yanımdadır, onun sayəsində tapacam” hissi yaradırdı. Çox maraqlı görüntülər alınmışdı.

Ata soruşurdu ki, “Antonim nə idi?”, övladı ona əks mənalı sözlər olduğunu deyir, köməklik edir.  Bu kiçik köməkdən ata keçmiş bilikləri  xatırlayır və yenidən işə başlayırdı. Yaxud ata və qızı lövhə qarşısına çıxır, biri bilməyəndə o biri ona kömək edirdi.

Mövzumuz “İçərişəhər” və əlamət bildirən sifətlər idi.

Belə bir sual vermişdim:” Siz Azərbaycanı xaricdə , ya da ölkəyə yeni gəlmiş bir turistə tanıtmaq istəsəniz hansı simvoldan istifadə edərsiz, necə tanıdarsınız?. Bacardığınız qədər həmin simvolların fiqurunu düzəldin”.

Əvvəldən onlara bildirmişdım ki, dərs prosesində əl işləriniz olacaq. Bütün lazımlı şeyləri taxta, mişar, mismar, çəkic və alətləri gətirmişdilər. Övladları ilə birlikdə güllər, evciklər, maraqlı əl işləri hazırladılar. Şagirdlər ataları ilə birgə hazırladıqları əl işlərini evdə analarına 8 mart hədiyyəsi kimi təqdim edəcəkdilər. Bundan anaların xəbəri yox idi. Bu bizim bir sürprizimiz idi”.

 

O, həmçinin vurğulayıb ki, bu dərs həm də  valideynlərin kurikulumla əyani tanışlığı missiyası daşıyırdı.

 

“Dərsin sonunda valideynlər öz razılıqlarını bildirdilər. Onlar deyir ki, biz kurikulumu ad olaraq çox eşidirdik, amma bu qədər maraqlı olduğunu təsəvvür etmirdik. Övladlarının və özlərinin  belə dərslərin iştirakçısı olmalarından məmnun qalmışdılar.

Qeyd edim ki, belə dərsləri davamlı,ən azı ayda bir dəfə olmaqla quracam”.