Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-06 11:17:00
Bakı Ali Neft Məktəbi Rusiyada II Beynəlxalq Akademik Neft Konqresində təmsil olunub

Bakı Ali Neft Məktəbi (BANM) Rusiyanın Nijnevartovsk şəhərində keçirilmiş Fərman Salmanov adına II Beynəlxalq Akademik Neft Konqresində təmsil olunub.

 

Konqresin plenar iclasında Bakı Ali Neft Məktəbini təmsil edən BANM-in Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı İradə Əhmədova beynəlxalq əməkdaşlıq, akademik əlaqələr, tədqiqat və innovasiyaların təşviqi, yüksəkixtisaslı gənc mühəndislərin yetişdirilməsi istiqamətində Bakı Ali Neft Məktəbinin təcrübəsini bölüşüb.

 

O vurğulayıb ki, BANM təhsilə ən istedadlı tələbələri cəlb edir.  Eyni zamanda, qeyd edilib ki, Ali Məktəb xüsusi texniki biliklərin verilməsi, akademik göstəricilərin təcrübəyə uyğunlaşdırılması,  eləcə də emosional zəkanın inkişaf etdirilməsi və bununla da məzunlarının 100%-lik işlə təmin olunması üçün müxtəlif təhsil imkanları təklif edir.

 

Bakı Ali Neft Məktəbi qabaqcıl beynəlxalq universitetlərin təklif etdiyi müxtəlif mübadilə və ikili proqramlardan yararlanmaqla yanaşı, beynəlxalq tələbələrin qəbul edilməsində tətbiq etdiyi təcrübə konqres iştirakçılarında xüsusi maraq doğurub.

 

Məlumat verilib ki, bu il Yuqra Dövlət Universiteti ilə mübadilə proqramı çərçivəsində ilk tələbə qrupu Bakı Ali Neft Məktəbində təhsil almağa başlayıb. Yaxın gələcəkdə tələbə sayının  artırılması, xüsusilə daha çox qız  tələbələrin cəlb olunması gələcək ikitərəfli əməkdaşlığın prioritetidir.

Qeyd edək ki, Qərbi Sibirdə 130-dan artıq nəhəng neft-qaz yatağını kəşf etmiş Azərbaycanın görkəmli geoloqu Fərman Salmanovun şərəfinə adlandırılmış Surqutdakı beynəlxalq hava limanı ilə yanaşı, onun adını daşıyan Beynəlxalq Akademik Neft Konqresi hər il Rusiyanın Xanti-Mansi Muxtar Dairəsində keçirilir.

 

Konqres Yuqra Dövlət Universitetinin təşəbbüsü ilə ''Neft Paytaxtı” adlı Beynəlxalq Gənclərin Tədqiqat Forumu çərçivəsində təşkil edilir.

 

Forumda enerji sektoru və tədqiqat infrastrukturunun inkişafı problemləri və perspektivləri, dayanıqlı resurs idarəçiliyinin inkişafı və yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi kimi mövzular müzakirə edilir. Beynəlxalq Akademik Neft Konqresinin əsas məqsədi isə ilk növbədə universitetlər, elm sahəsi və neft-qaz sənayesi arasında sinerji yaratmaqdır.