Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-05 09:37:00
MİQ müsabiqəsində edilən dəyişikliyin görünməyən müsbət tərəfləri -TƏHLİL

 

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edib.

 Belə ki,  müddətli müqavilə əsasında elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlər ilboyu ilk növbədə müvafiq rayon üzrə qeydiyyatda olan namizədlərə (bal ardıcıllığı nəzərə alınmaqla) təklif olunacaq.

 Bu proses kadr təminatının daha çevik həyata keçirilməsini və iş yerlərinin namizədlərin faktiki yaşayış yerinə uyğun olmasını təmin edəcək.

 

Həmçinin, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində işə qəbul olunmaq üçün 2020-ci ilin iyul ayında keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək zəruridir.

 

Vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərində iştirak edə bilməyəcək. Əsas məqsəd namizəd tərəfindən vakansiya seçimlərinə daha məsuliyyətli yanaşmanı təmin etmək və müvafiq vakansiyanın tutulmasında maraqlı olan digər namizədlərə ədalətli şəraiti yaratmaqdır.

 

AzEdu.az dəyişikliyin MİQ müsabiqəsində nə kimi müsbət yeniliklər yaradacağını öyrənmək üçün ekspertlərin fikirlərini öyrənməyə çalışıb:

 

Kurikulum üzrə təlimçi-müəllim Mahir Əhədov atılan addımı müsbət qiymətləndirib və onun qarşıdakı faydalarını bu cür dəyərləndirib:

 

“Təhsil Nazirliyinin son zamanlar MİQ müsabiqəsinin keçirilməsi qaydalarında etdiyi dəyişiklər təqdirəlayiqdir. Müddətli müqavilə ilə yerləşmədə coğrafi regionunun və namizədin qeydiyyatda olduğu ünvanın da nəzərə alınması müsbət addımdır. Belə ki, müvafiq keçid balını toplayıb, lakin yaşadığı yerdə vakansiya əldə edə bilməyən namizədlər üçün bu böyük  şansdır. Bəzən müəllimliyə namizədlər ballarının nisbətən az olmasına görə yaşadıqları regiondan uzaq məktəblərə getməli olurdular, bu da müəyyən çətinliklərə - məişət, yerləşmə, uyğunlaşma, ailə vəziyyəti və s. səbəb olurdu. Bu isə təhsil işçisinin pedaqoji fəaliyyətində müəyyən çətinliklər yaradırdı. Son dəyişikliklər isə bu problemin aradan qaldırılmasında müəllim olmaq istəyən namizədlərə müsbət təsir etmiş olacaq”.

 

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov vurğulayır ki, müəllimlərin yerdəyişmə imtahanının keçirilməsi onlara dəstək xarakteri daşıyır:

 

“Müəllimlərin yaşadıqları region üzrə yerləşdirilməsi onların fəaliyyətinə müsbət istiqamətdə xeyir verəcək. Bu qərarda deyilir ki, ehtiyaca uyğun olaraq müəllimlər müvafiq ərazilərdə yerləşdirilsin. Bu gün Azərbaycan məktəblərində müxtəlif fənlər üzrə müəllim ehtiyacı kifayət qədər deyil. Bunu aradan qaldırmaq üçün bu tip addımların atılması təqdirəlayiqdir. Bu baxımdan Təhsil Nazirliyinin MİQ-lə bağlı qərarlarını dəstəkləyirəm. Təhsil işçilərinə olan ehtiyacların ödənilməsində bu tipli addımların atılması böyük fayda verəcək. Bu gün xüsusən də, regionlarda fənn müəllimləri azlıq təşkil edir. Bunun ödənilməsi baxımından bu qərar çox yerində oldu”.

 

Təhsil İnstitutunun şöbə müdiri Bibixanım İbadova söyləyir ki, qərarın qəbulu müəllim ixtisasına yiyələnmək istəyən şəxsləri daha da həvəsləndirəcək:

 

“Bu məsələyə münasibətim subyektivdir.  Dəyişiklik müəllimlərin xeyrinə olduğu üçün bunu müsbət qəbul etmək lazımdır. Burada əsas məqsəd müəllimə kömək etmək və onun inkişafına yol açmaqdır.  Təhsil Nazirliyinin bu qərarının dəstəkləyir və onun müəllimlər üçün atdığı müsbət addımları alqışlayıram.

 

Müəllimlərin başqa əraziyə gedib orada fəaliyyətlə məşğul olması çox zaman çətinliklər yaradırdı. Bu qərardan sonra isə artıq bölgələr üzrə olan müəllimlər olduqları yerdən təhsil fəaliyyəti ilə məşğul ola biləcəklər”.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində işə qəbul olunmaq üçün 2020-ci ilin iyul ayında keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək zəruridir.

 

Vakant yerlərə yerləşdirilmə zamanı tutduqları vakansiyalardan imtina edən namizədlər həmin tədris ili ərzində müsabiqənin əlavə yerləşdirmə mərhələlərində iştirak edə bilməyəcək. Əsas məqsəd namizəd tərəfindən vakansiya seçimlərinə daha məsuliyyətli yanaşmanı təmin etmək və müvafiq vakansiyanın tutulmasında maraqlı olan digər namizədlərə ədalətli şəraiti yaratmaqdır.

 

Əlilliyi olan şəxslərin müsabiqənin test mərhələsində iştirakının təmin edilməsi üçün bütün zəruri şərait yaradılacaq. I dərəcə gözdən əlilliyi olan namizədlərə fərdi nəzarətçi təyin ediləcək və onlar üçün test mərhələsinin davametmə müddəti 30 dəqiqə artırılacaq.