Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 14:29:04
“Azərbaycanda orta məktəbdə öyrəndiklərimi burada, 4 illik ali təhsil müddətində belə keçmədilər” -MÜSAHİBƏ

“Azərbaycanda riyazi elmlər  Türkiyəyə nisbətən  çox  inkişaf edib. Ölkəmizdə  orta məktəb səviyyəsində öyrəndiyim şeyləri burada, hətta 4 illik ali təhsil müddətində keçmədilər”.

“Qardaşım ali məktəbdə oxuduğu müddətdə xeyli rüşvət hallarının şahidi olurdum. Mən də düşünürdüm ki, universitet oxumaq heç bir işə yaramır”.

Azərbaycan təhsili haqqında bu ürəkaçıcı sözləri hazırda Türkiyədə oxumuş həmyerlimiz Əli Azadov deyir. O,  bu il Giresun Universitetini  üçüncü ən yaxşı tələbə kimi başa vurub.

Müsahibimizi yaxından tanıyaq:

Azadov Əlabbas 1992-ci ildə Azərbaycanın Saatlı rayonu Kamallı kəndində anadan olub. O, ilk təhsilini Kamallı və Hacıqasımlı kənd tam orta məktəblərində alıb.  2014-cü ildə Türkiyənin Giresun Universitetinin Bank işi və Maliyyə ixtisasına qəbul olunub. Bununla yanaşı,  2015-ci ildə ikinci üniversitet kimi Eskişehir Anadolu Universitetində İqtisadiyyat ixtisası üzrə qiyabi şəkildə təhsilini artırıb. Bu il Giresun Universitetini üçüncülüklə başa vuran Əli bu universiteti dərəcə ilə bitirən ilk əcnəbidir.

AzEdu.az Əlabbas Azadovla müsahibəni  təqdim edir:


-Türkiyə universitetində fakültə birincisi və universitet üçüncüsü olmusunuz. Elə məhz bu uğurdan başlayaq. Universitetdə ilk əcnəbi tələbə kimi üçüncülüyə layiq görülmüsünüzü. Bu uğur münasibətilə Azərbaycan Dövlət Himninin səslənməsi necə hissdir?  Ümumiyyətlə, siz bu uğuru necə qazandınız?

- Birinciliyə sahib olduğum üçün Azərbaycan Dövlət Himnin səsləndirilməsi həyatımda yaşadığım ən qürurverici hadisədir…

Əvvəla, Türkiyəyə gələndə, demək olar ki, məktəb vaxtı öyrəndiyim bütün şeyləri unutmuşdum, əsasən isə riyaziyyatı... Ancaq qarşınızda bir hədəfiniz varsa, bunun üçün bir az çabalamaq və işi planlayaraq görmək sizi hədəfinizə daha tez çatdırar. İlkin olaraq, bir neçə mənbəni araşdırdım və bütün riyaziyyatı əhatə edən 4 kitab tapdım. Azərbaycanda orta məktəbdə mənə bu fənni tədris edən fənn müəllimim Abasət müllimlə, təxminən 3 ay müddətinə bütün kitabları bitirdim. Qeyd edim ki, bu vaxt ərzində günə ortalama 18 saat riyaziyyat oxuyurdum. Bunun sayəsində universiteti qazandım və qazandıqdan sonra dərsləri necə keçəcəyimi fikirləşirdim. Birinci tədris ilinin sonunda qiymətlərimin çox yaxşı olduğunu görüb, ikinci universiteti oxumaq qərarına gəldim. Buna çətinliklə nail oldum, heç yatmadan oxuduğum gecələr də olurdu. Bunu edərkən heç vaxt fakültə birincisi və ya universitet üçüncüsü olmaq kimi bir hədəfim olmayıb. Əgər insanın qarşısında bir hədəf yoxdursa, dərsləri imtahandan keçmək və ya yüksək bal almaq üçün oxusa, heç nə əldə edə bilməz. Siz hədəfinizə çatmaq və oxuduğunuz şeyləri öyrənmək naminə mübarizə aparsanız, o zaman uğur özü sizi tapacaq.

Tələbələr universitetin bir şəxsə hər şey qazandırmadığını bilməlidir. Uğurlu  işçi olmaq üçün özümüzün də maraq dairəmizdə olan mövzuları araşdırmağımız lazımdır. Mən hər gün ən az 2 saat maliyyə xəbərlərini izləyirəm. Bu araşdırmalarım, gündəmi izləməyim mənə universitetdə qazandıqlarım qədər fayda verib. Düzdür, məni bu istiqamətə müəllimlərim yönləndirib. Ümumən, müəllimlərin faydalı məsləhətlərini kim dinləsə, həmin tələbələr qazanır. Dünyamız çox sürətlə inkişaf edir. Buna görə də inkişafa ayaq uydurmaq üçün etdiyimiz işdə ən bacarıqlı kadrlardan olmağa məcburuq.

-Əli bəy, Giresun Universitetinə qəbul olduqdan 1 il sonra Anadolu Universitetinə qəbul olunmusunuz. Maraqlıdır,  hansı zərurətdən ikinci universiteti oxumaq qərarına gəldiniz? 

-İkinci universitet mənim təhsilimi tamamlayır. Maliyyə və Bank işi fakültələrini oxusam da, tam bir iqtisadçı sayılmıram. İkinci  universiteti seçməklə tam olaraq  iqtisadçı kimi formalaşmaq  və iş tapmaq üçün çevrəmi genişləndirməyə çalışdım.


İkinci təhsilimi Eskişehirdə - Anadolu Universitetində qiyabi şəkildə alsam da, əyani təhsildən heç də az bilgi qazanmadım. Bu ali təhsil ocağı Türkiyə elmi üçün böyük sərvət hasil edir. Əgər sizə elmi mövzularda bilgi lazımdırsa, bunu rahatlıqla Anadolu Universitetinin mənbələrindən tapa bilərsiniz. Xüsusilə , “YouTube” kanalları vasitəsilə çox böyük qatqıları olur.  Belə bir universitetin Azərbaycanda da olmasını çox istəyərəm.

-İlk dəfə Türkiyəyə gedəndə diqqətinizi ən çox nə çəkirdi?

-Türkiyəyə ilk gəldiyim vaxtlarda bir tərəfdən ən çox məscidlər və namaz vaxtı hər tərəfdən eşidilən Azan səsi diqqətimi çəkirdi. Digər tərəfdən isə qadınların siqaret çəkməsi və bunun kütləvi şəkildə olması qəribə görünürdü. Təbii ki, Qaradəniz sahilində olduğum üçün durmadan yağan yağış da mənə olduqca maraqlı görünürdü…

-Bəs bu paradoksallığa münasibətiniz necə oldu? Alışmısınız yoxsa.. ?

-Qadınların siqaret çəkməsinə hələ də öyrəşə bilməmişəm. Namazla bağlı isə heç bir sıxıntı yoxdur, bu, zamanla daha da rahat oldu. Çünki artıq türkiyəlilər bizi yaxşı tanıyırlar. Türkiyədə insanlar çox xeyirxahdırlar. Düşünün, hazırda yaşadığım evdə 4 ildir ki pulsuz qalıram və onları özümə ikinci ailə bilirəm. Daha da təəcüblüsü xeyirxah insanların tək-tük deyil, çox olmasıdır. Azərbaycanda da belə insanların çoxluq təşkil etməsini istəyərdim…

-Yəni, sizcə, türkiyəlilər azərbaycanlılardan daha xeyirxahdır…

-Burada tələbələrə məhəbbət, onlara qarşı diqqət və xeyirxah davranışlar daha kütləvidir. Əgər azərbaycanlı tələbəsənsə, o zaman, ümumiyyətlə, bir addım daha öndəsən.         

- Bildiyimiz kimi, Türkiyə əhalisinin əksəriyyəti sünni məhzəbinə itaət edir. Bəs sizin şiə olmağınızı ilk vaxtlarda ətrafınız necə qarşıladı?

-Bildiyiniz kimi sünni ilə şiə qardaşdır. Dinimiz də bunu ayırmağı və dərinliyinə getməyimizə icazə vermir. Burada olduğum müddətdə gördüm ki, şiələri ələvilərlə səhv salırlar. Halbuki, ələvilərlə bir sıra bənzərliyimiz olsa da, fərqli cəhətlərimiz çoxdur və hətta sünnilərə daha yaxınıq. Təbii ki, məsciddə namaz qılarkən soruşurlar, bir az məlumat verəndən sonra əvvəlkindən daha da yaxın olurlar. Türkiyədə, sözdə tez-tez təkrarladığımız  “qardaş”  sözünü ürəklərdə də hiss etmək olur…

-Tələbə olduğunuz müddətdə işləyirdinizmi? Bilmək olarmı, maddi ehtiyaclarınızı necə qarşılayırsınız?

-Xeyr, işləmirəm. Mənə görə, bakalavr müddətində oxumaqla işləməklə eyni zamanda doğru deyil. Lakin magistr pilləsində işləmək mümkündür. Maddi ehtiyaclarım çox olurdu. Xüsusən iki universitetin təhsilhaqqılarını ödədiyim vaxtlarda daha da çətinləşirdi. Çox təəssüf ki, burada oxuyan tələbələrə dövlət maddi baxımdan dəstək olmur. Düşünürəm, heç olmazsa yaxşı oxuyan tələbələrə yardım göstərilsə, çox gözəl olar... Burada oxuduğumuz müddətdə Azərbaycan səfirliyindən gəlmişdilər. Mən daxil olmaqla bir neçə tələbə maddi imkanlarımızın yetmədiyini dilə gətirdik. Bizə dəstək üçün söz verdilər, lakin sonra xəbər çıxmadı. Universitetin Tibb fakültəsində, gəldiyimizdən bəri birinciliklə oxuyan Emil Yunusov da orada idi. Amma bizim heç birimizə dəstək olmadılar... Hazırda maddi ehtiyaclarımı ailəm qarşılayır. Buna görə, magistr oxuyarkən işləmək məcburiyyətindəyəm. Artıq onlara yük ola bilmərəm.

-Bundan başqa hansısa problemlə bağlı Azərbaycan səfirliyinin nümayəndəliyinə müraciət etmisinizmi?


-Səfirliyin  nümayəndiliyi hər il bizim universitetə  gəlir və problemlərimizlə maraqlanır. Amma, çox təəssüf ki, yalnız maraqlanmaqla da işləri bitmiş olur. Biz universitetə başlayandan 2 il sonra təhsilhaqqımız  2 dəfə artıb. Bu problemi də onlara bildirmişik. Onlar da həmişəki kimi söz verməklə qaldılar və heç bir tədbir görülmədi. Universitet daxilində problemlərimizi bildirdiyimizdə isə onları daha tez həll edir və əllərindən gələni əsirgəmirlər.

Səfirliyimizin nümayəndəsi şəxsən mənə demişdi ki, universitet köçürmələrində kömək edəcəyik. Gözləyirəm....

-Azərbaycanda orta məktəblərin tədris keyfiyyətini necə qiymətləndirirsiz? Türkiyədəki orta təhsil müəssisələrindəkindən nə kimi fərqlər var?

-Türkiyədə Azərbaycandan fərqli orta məktəb sistemi mövcuddur. Burada olan sistemin Azərbaycanda da tətbiq edilməsi yaxşı olardı. Bizdə 9-cu sinifdən sonra ayrılırlar və 11 illik bir sistem mövcuddur. Peşə məktəbləri istisna, bütün şagirdlər eyni dərsliklərdən yararlanırlar. Türkiyədə isə orta təhsil 12 illikdir və 8-ci sinifdən etibarən şagirdləri potensiallarına görə ayırırlar. Əgər sizin marağınız kompüterədirsə, təhsilinizi o istiqamətdə davam etdirirsiz və s. Beləliklə universitetə qəbul olunan tələbələr çətinlik çəkmirlər. Mən yeni gəldiyimdə çox əziyyət çəkirdim, çünki o dərslərin heç birini Azərbaycanda görməmişdim. Buradakı tələbələr isə əksinə rahat idilər, onlar həmin dərslərlə artıq tanış idilər.

Lakin Azərbaycanda riyazi bilgilər Türkiyəyə nisbətən çox inkişaf edib. Orta məktəblərdə bizə daha çox şey öyrədildiyini əminliklə deyə bilərəm. Bu isə bizim çətin mövzuları daha tez qavramağımıza kömək edir.

Bizdə riyaziyyat çox çətin formatda tədris edilir. Məsələn, mən bura gələndə inteqral, triqonometriya və s. mövzuları bildiyimi deyəndə hər kəs təəccüblənirdi. Ölkəmizdə orta məktəb səviyəsində öyrəndiyim şeyləri burada, hətta dördillik ali təhsil müddətində keçmədilər.

-Orta məktəb müəllimlərinizlə əlaqəniz varmı?  Orta təhsilinizi hansı qiymətlərlə oxumusuz?

-Təəssüf ki, müəllimlərimlə əlaqəm olsa da, çox sıx olduğunu deyə bilmərəm. Amma onların üzərimdə olan əziyyətlərini heç vaxt unutmamışam. Orta məktəbi isə yaxşı oxumamışam, təxminən “4” qiymətlərlə başa vurmuşam. Məktəbdə təkcə riyyaziyat fənnindən “5” alırdım. Açığı, ondan savayı fənnlərə marağım az idi.

-Bəs Azərbaycandakı ali məktəblərin fəaliyyətini necə qiymətləndirirsiz? Sizcə, bizdəki ali məktəblər dünyagörüşlü şəxsiyyət yetişdirə bilirmi?

-Bəli, məlumatlıyam. Qardaşım da Azərbaycan İqtisad Universitetini bitirib. Və bu, mənim üçün iki dövlət arasındakı təhsil sistemi fərqini ortaya qoymaqda çox böyük kömək edir. Azərbaycanda daha çox Sovet sistemindən qalan təhsil mövcud olduğunu deyə bilərəm. Məsələn, kitablar üzərindən işləmək və daha çox əzbərçi bir sistemin tətbiqi buna sübutdur. Yəni, sabahki praktikanızdan məsafəli dərskeçmə üsulları var. Burada isə tam tərsinə, sabah çalışacağın işdə qarşına çıxacaq şeyləri sənə öyrədirlər. Universitetdə öyrəndiklərimi qardaşımla zaman-zaman analiz edirəm. O, deyir ki, mən sahib olduğum bilgilərin hamısını işlədiyim vaxtda öyrənmişəm. Türkiyə və Azərbaycanda istədiyim təhsil sistemi daha çox praktiki tətbiqlərlə olmasıdır. Beləliklə, tələbə universitetdən məzun olduqda iş mühitinə tam hazır olacaq.


-Əvvəldə qeyd etmişdiniz ki, universitet oxumağa qarşı idim. Yəqin ki səbəb də məhz universitetlərdə təcrübəyə deyil, nəzəriyyəyə üstünlük verilməsidir…

-Qardaşım ali məktəbdə oxuduğu müddətdə xeyli rüşvət hallarının şahidi olurdum. Mən də düşünürdüm ki, universitet oxumaq heç bir işə yaramır. Yenə təkrar edirəm, universitet, əsasən gələcəkdəki işinizlə əlaqəli bir şeylər öyrənməkdir. Tamamən nəzəriyyəyə köklənib, praktikadan uzaq olmaqla heç nə əldə etmək olmaz. Yadımdadır, o vaxtlar qardaşım ilk imtahana girəndə iki sualı yazıb bitirəndən sonra,  imtahan vərəqini almışdılar ki, bircə sən pul verməmisən. Mən tələbə olaraq işimə dair heç bir şey öyrənməsəm və ya universiteti pulla bitirsəm, sizcə təhsilə yanaşmam necə olar? Siz olsanız, belə vəziyyətdə universitet oxuyardız? Bəlkə də, mən uşaqlıqdan psixoloji olaraq fərqli düşünmüşəm, hər halda oxumazdım.

-Oxuduğunuz universitetdə müəllim - tələbə münasibətləri necə qurulub?

-Türkiyədə oxuduğum müddətdə müəllimlərin isti münasibəti və qapılarının hər zaman tələbələrə açıq olması mənim diqqətimi çəkib. Tələbələr hansısa elmi və ya şəxsi həyatla bağlı suallarını istənilən yerdə müəllimlərə ünvanlaya bilərlər. Onlar da sualları əllərindən gəldiyi qədər mükəmməl cavablayırlar. Bəzi hallarda isə bilmədikləri sualların cavabını öyrənərək mütləq şəkildə sizə geri dönərlər. Digər tərəfdən müəllimlərin tənqidə açıq olması, hansısa müəllimi tənqid etməyinizin imtahan vaxtı balınıza qətiyyən təsir etməməsi əlavə müsbət cəhətdir. Hətta I kursda oxuyanda sevgili müəllimimiz, Giresun Universitetinin rektoru, professor dr. Aygün Attar görüşümüzə gəlmişdi.  Vəziyyət elə yarandı ki, Aygün müəlliməni bəzi mövzularda tənqid etdim. O isə çox sakit şəkildə məsələni aydınlaşdırdı. Bizə burada həm analıq edib, həm də Azərbaycanımızı cani-qəlbdən təmsil etməkdədir.

Qısacası, Azərbaycan təhsil sistemində də bunları görmək istəyərəm. Bildiyiniz kimi, Azərbaycan universitetlərində  geyimə, saç-saqqala çox diqqət edirlər, üstəgəl, tələbələri özlərindən uzaq tuturlar. Məncə, bunların əvəzinə səmimi olsalar, gəncləri özlərinə daha yaxın buraxsalar, heçnə itirməzlər.

-Giresun Universitetində imtahanlar necə təşkil olunur? Elm və təhsilin inteqrasiyası istiqamətində Türkiyədəki vəziyyət necədir?

-Bu, tamamilə dərs verən müəllimə bağlı olan məsələdir. Bəziləri test, bəziləri klassik, digərləri isə hər iki üsuldan istifadə edirlər.

Elmlə təhsilin inteqrasiyası yönündə isə olduqca ciddi  inkişaf  var. Demək olar, Türkiyədəki bütün universitetlərdə bu mövcuddur. Xüsusilə, tibb elminin inkişafına çox önəm verilir. Lakin bu, universitetdən universitətə dəyişə bilər. Burada bütün universitetlərin tibb fakültəsinin xüsusi klinikaları mövcuddur. Düşünürəm, bu, təhsillə elmin inteqrasiyasına dair bariz nümunədir.

-Sizcə, ailələr övladlarının təhsil almasında hansı nöqsanlara yol verirlər?

-Bizim və bir çox ölkələrin ən böyük problemi ailələrin uşaqları qarşısına universitetə qəbul olmağı hədəf qoymalarıdır. İlk baxışda problemə oxşamasa da,  nəticədə bu, intihar halları və bir sıra neqativlərə səbəb olur. Yüksək balla universitet qazanan tələbələrin zamanla oxumamağa başlaması da, zənnimcə, valideyn basqısından xəbər verir. Yəni, həm ailə, həm də abituriyentlərə anlatmaq lazımdır ki, universitet, hədəflərimizə çatmaq üçün vasitədir. Hədəflərimiz isə daha irəli səviyyyədə olmalıdır. Doğrudur, mən Türkiyədə fakültə birincisi olmuşam. Mənim üçün qürurvericidir, lakin bu, heç vaxt hədəfim olmayıb.

-Bir azərbaycanlı kimi vətəni uzaqdan izləmək necə hissdir? Azərbaycanda  olarkən görə bilmədiyiniz qüsurları indi necə görürsüz?

-İqtisadçı olaraq bu istiqamətdəki qüsurları daha çox görürəm. 2015-ci ildən sonra reallaşan iqtisadi tədbirlərin çox əksik qaldığını və daha çox layihələrin icra edilə biləcəyini düşünürəm. Lakin bu sualın cavabı həm uzundur, həm də indi ətraflı cavablaya bilməyəcəyim sualdır.Çünkü bunu edərək göstərmək daha uyğundur. Əks halda indi deyəcəyim şeylər müxalif kimi qarşılanacaq…

li bəy, gənc iqtisadçı və vətəndaş olaraq Azərbaycanın iqtisadi gələcəyini necə görmək istəyərsiz?

 

-Azərbaycanın iqtisadiyyatı hazırki vəziyyətdə güclüdür və bunun davamını da gözləyirik. Lakin dünyadakı inkişaf göstərir ki, texnologiyanın önəmi hər keçən gün artır. Digər tərəfdən enerji ehtiyacları mənbəyinin dəyişdiyinin şahidi oluruq. Bu isə onu göstərir ki, Azərbaycan iqtisadi gəlir qaynaqlarını çox şaxəli etməli və neftə olan bağımlılığı azaltmalıdır. Təbii ki sənayeləşmək və texnologiyanı inkişaf etdirib bu yöndə istehsalı artırmaq üçün birinci növbədə təhsili inkişaf etdirmək lazımdır.

Müəllimlərin maaşı ən yüksək səviyyəyə çatdırılmalı və onlar yüksək bilgiyə sahib olmalıdır. Bir az əvvəl qeyd etdiyim kimi, universitetlərdə praktik tədrisə önəm verilməlidir. Bunlar edilərsə, gələcəkdə Azərbaycan iqtisadiyatı daha da güclü olacaq, əminəm! Hazırki iqtisadiyatda ən müsbət hal isə Türkiyə ilə iqtisadi münasibətlərin getdikcə möhkəmlənməsidir.

Dünyada və Türkiyədə böyük önəm kəsb edən maliyyə bazarlarında ölkəmizin də irəliləməsi ciddi iqtisadi uğurdur. Keçən ildən etibarən SOCAR-ın istiqraz sənədlərinin satışında irəliləmə var. Türkiyədə vacib mütəxəssislərdən olan Əli Ağaoğlu kimi şəxslərin Azərbaycana gətirilməsi müsbət addımdır. İnşallah bu, daha da inkişaf edər və dünya bazarında  biz də pay əldə edərik…

-Azərbaycana ən çox gəlir gətirən şirkətlərdən biri də məhz SOCAR-dır. Görülən əksər işlər də neft sənayesinin inkişafına yönəlib. Bəs Azərbaycan qeyri-neft sektorunun inkişafi üçün konkret nələr etməlidir?

-Birinci növbədə elmin inkişafına istiqamətlənən addımlar atılmalıdır. İkincisi, universitetlərdə daha çox praktikiya üstünlük verilməlidir. Üçüncü isə, maliyyə bazarlarında, istiqraz və ya hissə sənədi bazarlarında çatızmazlıqlar var, inkişafı üçün mütləq müəyyən tədbirlər görülməlidir. Bu fakt üzərində bir neçə ildir irəliləyiş müşahidə olunur, lakin bu, yeterli deyil.

-Bir az da gələcək planlarınızdan danışaq: karyeranızı harada qurmaq istəyirsiniz?

-Azərbaycanın iqtisadi baxımdan daha çox innovasiyaya istiqamətlənmiş və daha az neftə bağlı ölkə olmağını istərdim. Digər tərəfdən isə maliyyə bazarlarının inkişafı dünya miqyaslı rəqabətə davamlı olmaq üçün gərəkdir və bunun inkişafında yeni addımların atılması Azərbaycana çox şey qazandırar. Ümumiyyətlə, iqtisadiyatda ən önəmli iki ünsür var: biri güvən, digeri isə gelecekte olanları göre bilmək. İkisinin də eyni zamanda  nəzərə alınması üçün bilginin hər kəsə açıq və şaffaf olması lazımdır. Ölkədə çox iş görülə bilər, lakin daha önəmlisi əldə olunan nəticələrin qorunub saxlanması, davamlı olmasıdır. Təbii ki, mən Türkiyəyə vətənim, millətim naminə oxumağa gəlmişəm. Mütləq şəkildə ölkəmə geri dönəcəm. Hesab edirəm, vətənim üçün daha faydalı kadr olmaq istəyirəmsə, təhsilimi bir müddət davam etdirməliyəm.