Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 15:54:00
Ucqar kəndlərdə möcüzə yaradan, “sıfır”dan sinif quran müəllimlər- Onların fərqli metodları-III yazı

AzEdu.az təhsil portalı bölgələrdə  (həmçinin, paytaxt və şəhərlərdə) çalışan, tətbiq etdiyi fərqli metodlar, atdıqları yenilikçi addımlarla yadda qalan müəllimlərin tanıtım yazılarını davam etdirir. Hansı ki, bu müəllimlər az qala, “sıfır”dan sinif qurub, onu irəli aparmağı bacarıblar.

Müəllim olmaq, gələcəyimiz olan uşaqları Vətənə, dövlətə, millətə sadiq ruhda tərbiyə etmək ən böyük arzum idi“

Budəfəki qəhrəmanlarımızdan biri  ibtidai sinif müəllimi Quliyeva Səidədir. O, əvvəlcə müəllimliyə gəlişinin səbəblərindən və indi bu peşədə əldə etdiyi nəticələrdən danışıb:

Anam müəllim olduğuna görə məndə də müəllimlik peşəsinə həvəs yaranmışdı. Müəllim olmaq, gələcəyimiz olan uşaqları Vətənə, dövlətə, millətə sadiq ruhda tərbiyə etmək ən böyük arzum idi  və bu arzu 2014-ci il sentyabrın 15-i Ucar şəhər 4 nömrəli tam orta məktəbində işə başlamaqla reallaşdı.

Həyəcanlı anlar... Sevdiyim peşə...Sanki  göylərdə uçurdum.

Körpə fidanları, onların üzlərindəki təbəssümü hər dəfə görəndə öz peşəmə həvəsim daha da artdı. 3 il müqavilə ilə işlədim.  Həmin məktəbi tərk edəndə  uşaqların üzlərində gördüyüm kədəri yadıma salmaq istəmirəm.

2018-ci il müəllimlərin işə qəbulu üzrə müsabiqəsində ibtidai sinif müəllimliyi üzrə 50 bal toplayaraq Ucar rayon Ənvər Məmmədxanlı kənd Elman Əliyev adına ümumi orta məktəbə qəbul olundum.

Əslində üç illik müəllimlik təcrübəm vardı. Amma yenidən həyəcanlı anlar yaşamağa başladım.  Düzü, kənd məktəbi bir az olsa da məni qorxudurdu(gülür).  İşlədikcə  sözlərimdə yanıldığımı gördüm. Kənd məktəbində müəllim olmaq həm çətin, həm də maraqlı idi. Hər dəfə kənd uşaqlarının gözlərində sevinci görmək bir müəllim kimi mənə çox xoş təsir edirdi”.

“Əkdiyin ağacların gülü-çiçəyi solmaz

Dünyada sənin kimi barlı bağban tapılmaz”

Səidə müəllim söhbətinə davam edir. Hər sözündə öz peşəsinə sevgisini ifadə edir.  Bu sahədə əsas məqsədi isə təhsilin tələblərinə uyğun olaraq şəxsiyyət yetişdirməkdir:

“Müəllim ömrünü bağbana, şama bənzədirlər. Bağban əkdiyi ağaclar bar verəndə necə sevinirsə, müəllim də öz şagirdlərinin xoş sədalarını eşidəndə o cür sevinir. Mən də o bağbanlardan olmaq istərdim. Dövlətimə, bayrağıma, dövlət başçımıza sadiq,Vətənim, xalqım üçün layiqli vətəndaşlar yetişdirmək ən böyük amalımdır. Tariximizə əbədi həkk olunan hadisələri şagirdlərimə aşılamaq bir müəlim kimi müqəddəs borcumdur. Kənd məktəbi şəraitsiz, lazımı avadanlıqsız olsa da dərsi maraqlı qurmaq üçün əlimdən gələni edirəm. İstəyirəm ki, çətinliklə olsa da, dərs şagirdlərimin yaddaşlarında əbədi qalsın.  Çünki uşaqlıqda öyrənilən elm daş üstə yazılan yazıya bənzər.

Bütün bu danışdıqlarımla yalnız bir cümləni ifadə etmək istəyirəm: Mən müəllim olmağımla fəxr edirəm!”.

“Müəllimlik etmək” başqadır, “müəllim olmaq” başqa.

Sizə başqa bir kənd məktəbinin tarix və coğrafiya müəllimi haqqında danışmaq istərdik. Müsahibimiz Ziyazadə Musa Göygöl rayon İ. Mahmudov adına Çaylı kənd tam orta məktəbində fəaliyyət göstərir. Müəllimlik onun uşaqlıq arzusu olub... Davamını müsahibəmizin dilindən oxuyaq:

“ Hələ orta məktəbdə coğrafiya müəllimim Hüseyn müəllim bu sahəni seçməyimdə böyük rol oynayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra dövlət qulluğuna hazırlaşsam da imtahana iki gün qalmış arzularımın arxasınca getməyə qərar verdim və müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlaşdım. 2016-cı ildə MİQ müsabiqəsində  iştirak edərək Bərdə rayon Yeni Daşkənd kənd tam orta məktəbinə coğrafiya müəllimi təyin olundum. Elə ilk gündən bu məktəbdə böyük rəğbətlə qarşılandım.

İlk dərs ... “Sıfırdan qurulan  siniflər”

6A sinfində ilk dərsimi keçdim. Sinfə gedərkən uşaqların  “aaa Musa müəllim gəlir”, “baxx, çox ciddidir”,  “bax müəllim gülümsədi, gülərüz müəllimdir” və s. cümlələrini eşitdim. Elə ilk gündən şagirdlərlə çox gözəl münasibət qurdum. Mən ora təyin olunarkən coğrafiyadan şagirdlərin bilgilərinin az olduğunu müşahidə etdim. Onlara məhz  yeni həvəs, motivasiyaedici nəsə lazım idi və qərara aldım ki şagirdlər arasında rəqabəti artırmaq üçün hər gün dərsimizin sonunda onlar arasında yarış keçirdim. Belə ki onları qruplara böldüm. Bilik səviyyəsi uyğun olan şagirdlər bir-biri ilə, başqa sözlə,  güclülər güclülərlə, zəiflər zəiflərlə təkbətək yarışırdı. Qalib 3 xal qazanırdı, sonda qrupda qalib olanlar birincilik üçün yarışırdı. Bu yarış şagirdlərdə coğrafiya fənninə çox böyük həvəs yaratdı. Şagirdlər bütün dərsi yarış kimi keçirilməsi  üçün israr edirdilər, hətta kəndə ailələri ilə gedəcəkləri toy olanda da  getmirdilər ki, bu gün coğrafiyadan yarışımız var”.

Musa müəllim 2018-ci ildə Göygöl rayon Çaylı kənd tam orta məktəbinə yerdəyişmə edib. O, özü də elə bu məktəbin şagirdi olub.

“ Bərdə məktəbindəki şagirdlərimdən ayrılmaq həqiqətən çox çətin idi.  Onların nəticələri ilə  maraqlanırdım. Sevindirici haldır ki, bu gün şagirdlərim hazırlıq mərkəzlərində yüksək nəticələr göstərir. İkinci iş yerim öz doğma məktəbim Çaylı kənd tam orta məktəbidir. 8 il əvvəl qoyub getdiyim məktəb həqiqətən uğurları ilə rayon və respublika səviyyəsində tanınmış təhsil ocağına  çevrilib.  Mənə görə məktəb rəhbərliyinin,valideyinlərin, şagirdlərin yüksək etimadını doğrultmaq böyük məsuliyyət idi. Elə həmin il tarix fənnindən diaqnostik imtahandan keçdiyim üçün bu fənni də tədris etməyə başladım. Bu isə iki qat məsuliyyət idi. Məktəbdə rəhbərliyin diqqəti, çəkilən əziyyətə dəyər verməsi, müəllimlərə dəstək olması məni yeniliklərə daha da həvəsləndirdi.

Həmin il keçirdiyim ilk açıq dərsim yüksək qiymətləndirildi. Azedu.az təhsil portalı, Gənc müəllimlər səhifəsinin birgə keçirdiyi “İlin Gənc Müəllimi” müsabiqəsində iştirak etdim və ilk 10-luğa düşərək sertifikat və hədiyyə ilə təltif olundum”.

“Adlarını belə deməkdə çətinlik çəkən şagirdlər sinfin ən fəallarına çevrildi

Müsahibimizin sözlərinə görə, dərsi fəallaşdırmağın ən məhsuldar üsulu yarışlardır.  O, yarımil sonunda və hər dərs şagirdlərlə surpriz yarışmalar keçirir.

“Hər dərs “Zəif bənd”, “Əlaçı”, “Hazırcavablar”, “İntellektuallar” adlı yarışların keçirilməsi və qalibə təşəkkürnamə verilməsi, gündəliklərinə “günün lideri”, “həftənin çempionu”, “ayın ən yaxşısı” yazılması onlarda böyük həvəs yaradırdı. 6-ci sinifdə sual verərkən çox həyəcan keçirən şagirdlər vardı, bəziləri isə hətta öz adını elə aşağı tonla deyirdilər ki, eşitmək olmurdu. Amma  bu gün həmin şagirdlər sinfin ən fəallarıdır.

Təlimin həyatla əlaqəsi ...

Məktəbimiz çay kənarında yerləşdiyi üçün bu mövzuda dərs keçəndə şagirdlər   materialı praktiki olaraq mənimsəyirlər.  Hətta çayın çirklənməsi ilə bağlı çəkdiyimiz videoçarx çox böyük maraqla qarşılanmışdı. Videonun çəkilməsində şagirdlər fəallıq göstərmişdilər.

 Son iki ildə coğrafiya fənnindən məktəbimizin iki şagirdi olimpiadanın ikinci mərhələsinə vəsiqə qazanıb. Olimpiada üçün istedadlı şagirdləri seçmək, həmçinin məktəblilərin təlimə olan maraq və rəqabətin artırılması üçün məktəbimizin direktorunun təşəbbüsü ilə “məktəb  guşəsi” yaradılıb.  Burada olimpiada və ingilis dili fənlərindən kiçik, böyük summativ qiymətləndirmədə sinif üzrə yüksək nəticə göstərən şagirdlərin şəkilləri vurulur. Həmin təşəbbüs şagirdləri rəqabətə, başqa sözlə, dərsə həvəslərinin artırılmasına sövq edir.

Onların sevinci məni  gördüyüm işə  daha da həvəsləndirir və yeni ideyaları həyata keçirməyə sövq edir”.