https://www.zirve.edu.az/
28.02.2020 12:38
“Ən yüksək bal toplayan tələbələrimin də  analtik təfəkküründə çatışmazlıqlar vardı”-Elman Nəsirov

 AzEdu.az  “5+1” rubrikasını davam etdirir.

 

Rubrika əsnasında redaksiya əməkdaşlarından   5 nəfər onları narahat edən sualları  hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayırlar...

 

Yəni, 5+1 formatında qısa söhbət...

 

Rubrikamızın növbəti qonağı  68 saylı Cəlilabad kənd seçki dairəsinin qalib namizədi, politoloq, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Elman Nəsirovdur:

 

Elmin Nuri:  Bir ali məktəb müəllimi kimi cavab vermənizi xahiş edərdik: tələbələrinizin ən çox hansı çatışmazlığı sizdə xəyal qırıqlığına səbəb olub? Həmin çatışmazlığın aradan qalxması üçün nə kimi təkliflər irəli sürmüsünüz?

 

-Bugünki gənclik kifayət qədər müasirdir. Müasir dilləri, texnologiyaları bilən, xaricdə təhsil alan, dünyagörüşə malik gənclərimiz var. Bu, hər kəsə bəlli məsələlərdir. Ancaq mən dərslərdə də müşahidə edirdim ki, onlarda əzbərçilik var, analtik düşünmə qabiliyyətinin bir qədər zəif olduğunu hiss olunurdu. Yəni, mənim standart, kitabda olan suallarıma düzgün cavablar verirdilər, amma qeyri-standart, dünyagörüş, əvvəlki biliklər tələb edən suallarımı cavablamaqda çətinlik çəkirdilər. Hətta ən yüksək bal toplayan tələbələrimin belə analtik təfəkküründə müəyyən çatışmazlıqlar vardı. Hesab edirəm ki, analtik təffəkkür ən vacib məsələlərdən biridir. Hər zaman tələbələrimə deyirdim ki, sizə mühazirələrdə dediyim faktlar, rəqəmlər, hadisələr, detallar  kimdəsə gec-tez yaddan çıxacaq. 

 

Yaddan çıxmayan bir şeyi təlqin etmək , ona sahib olmağınızı istəyirəm ki, bu da sadəcə düşünmə, dərhal beyində təhlil aparmaq, qərar vermək qabiliyyətinizdir. Bu, heç vaxt unudulmur, yaddan çıxmır, artıq sahib olduğunuz bir şeyə çevrilir. İstənilən situasiyada  sualın qarşısında aciz qalmayacaq, dərhal beyin işləyəcək və düzgün cavabı tapacaqsınız. 

 

Əsasən, bu sahədə boşluqların olduğunu görmüşəm və çalışmışam ki, tələbələrimə problemin aradan qaldırılmasında kömək edim.

 

Ayşə Müseyib: Valideynlərin əksəriyyəti övladlarının rus bölməsində təhsil almasına maraqlı olurlar. Sizcə, bu nədən qaynaqlanır?

 

-Bu məsələyə münasibətim normaldır. Biz demokratik ölkədə yaşayırıq. Diktatura rejimində olan ölkələrdə hamıya eyni qayda təlqin edilir, yəni seçim imkanı, plüralizm  olmur. Biz demokratik inkişaf yolunu seçdiyimiz üçün hesab edirəm ki, valideynlərinin uşaqlarını hansı təhsil ocağında, hansı bölmədə təhsil alınması ilə bağlı qərarına müdaxilə düzgün deyil. Bir tərəfdən demokratiyadan danışıb, bir tərəfdən də valideyn öz övladını rus bölməsinə qoyubsa, onun əleyhinə çıxırıq, onun seçim imkanına müdaxilə edirik. Bunun özü anti-demokratik addımdır.  Ulu Öndər Heydər Əliyev də dəfələrlə çıxışlarında deyirdi ki, biz sovet dövrünə nəzər salanda ancaq neqativləri görməyək, xeyli pozitv, xüsusilə, elm, təhsil, mədəniyyət sahəsinin inkişafında tutarlı addımlar olub . Sovet təhsilinin müsbət tərəfləri bir həqiqətdir.  Xüsusilə, 60-ci illərdən sonra Azərbaycan elminin, mədəniyyətinin inkişafında çox böyük naliyyətlər əldə edilib.  Həm də unutmaq olmaz ki,  BMT-də təmsil olunan 193 ölkənin cəmi altısının dili beynəlxalq dil elan olunur. Onlardan biri də rus dilidir. İndi özünüz nəticə çıxarın.

 

Şükufə Süleymanlı: Milli Məclisdə Elm və Təhsil  Komitəsi fəaliyyət göstərir.  Komitə parlament yenidən fəaliyyətə başladıqdan sonra elmin və təhsilin inkişafı istiqamətində ən birinci  hansı addımlar atmalı, hansı qanunları müzakirəyə çıxarmalıdır?  

 

-Mən həmin komitənin üzvü deyiləm.  Düzü, plenar iclaslarda müzakirələrdə hamımız iştirak edirik. Komitəyə İsa Həbibbəyli rəhbərlik edir və onun rəhbərliyi altında bu komitə təhsillə bağlı çoxsaylı qanunverici təşəbbüslərlə çıxış edib. “Təhsil haqqında”  Qanuna  xeyli düzəlişlər qəbul olunub. Ümumiyyətlə, təhsilin inkişafına xidmət edən bir sıra məsələlər burada müzakirə olunaraq qəbul edilib. Atılan addımlar ilk növbədə Azərbaycan təhsilinin inkişafına, mənafeyinə xidmət edir. Təhsilin qanunvericilik bazasını möhkəmləndirir. Yəni, əsas hədəflər budur , lakin detallı olaraq komitənin üzvləri daha yaxşı məlumat verə bilər.

 

Turan Osmanlı: Bir deputat kimi təhsil sizin prioritet istiqamətlərinizə daxildirmi? Sizcə, daha çox hansı təhsil pilləsində problem var?

 

-Hesab edirəm ki, ölkəmizdə təhsilin hər pilləsinə- istər ali, istərsə də orta təhsilə önəm verilir. Hər bir Azərbaycan vətəndaşı yaxşı orta təhsil, daha sonra ali təhsil almaq istəyir. Yəni bu sahədə problem yoxdur. Problem peşə təhsilindədir. Valideynlərə elə gəlir ki, övladlarının hər biri hökmən ali təhsil almalıdır. Kimi dindirirsən, ali təhsili var, amma öz ixtisasında mütəxəssis deyil, sadəcə diplomu var. 

Deməli, hamının ali təhsil alması vacib deyil. Əsas odur ki, yaxşı peşə təhsili olsun. Məsələn, sizə bir faktı söyləyim. Mənim maşınımda ustalıq iş vardı və yaxşı, bacarıqlı ustalardan birini tanıyıram. İnanırsınız, ona zəng edəndə çox üzrxahlıq etdi ki, təxminən 15 gün ərzində bu işi görə bilməyəcək, çünki böyük növbə var, hər biri də gözləyir. Siz təsəvvür edirsiz, mən 15 gün ərzində maşın ustasının qəbuluna düşə bilmirəm.  Çünki,  heç bir ali təhsili olmasa da, o peşəsini gözəl bilir, bunun sayəsində qazancı, dolanışığı var. Bu baxımdan peşə təhsilinə daha çox diqqət edilməsini istərdim.

 

Firayə AllahverdiyevaSizcə, koronovirus kimi təhlükəli viruslardan təhsil müəssisələri necə mühafizə olunmalıdır?

-Ölkəmizdə koronovirusu ilə bağlı rəsmi məlumat yoxdur. Ayrı-ayrı şəxslərin bu virusa tutulması ilə bağlı bəzi bilgilər var. Ancaq bunlar da rəsmi şəkildə təsdiqlənməyib. Şübhəli hesab edilən, başqa  ölkədən gələn insanları karantinə götürürlər. Cəlilabad rayon Mərkəzi Xəstəxanası bu baxımdan fəaliyyət göstərir.   Amma qeyd etdiyim kimi onlarda hər hansı bir virusun aşkarlanması ilə bağlı məlumat yoxdur. Bu sevindirici faktdır. Məktəblərin mühafizəsinə gəldikdə isə, dərslərin dayandırılması ilə bağlı təklifləri müdafiə etmirəm. Əgər ölkədə koronavirusun olması ilə bağlı rəsmi məlumat yoxdursa, indidən məktəbləri bağlamağın, belə tələsik addım atmağın heç bir əsası yoxdur. Amma profilaktik tədbirlər təbii ki olmalıdır və məndə olan məlumata görə Səhiyyə Nazirliyinin müvafiq göstərişi əsasında  ilkin qabaqlayıcı  addımlar atılır. Bununla yanaşı, maskalar, əllərin xüsusi preparatlardan istifadə edilərək tez-tez yuyulması  və s. kimi tövsiyələr edilir.    Məqsəd virus təhlükəsini minumuma endirməkdir.  Bir çox tibb mütəxəssisləri söyləyir ki, bu virusun istiliyə davamlılığı çox zəifdir. Bu nöqteyi-nəzərdən havaların istiləşməsi ilə əlaqədər olaraq koronovirus da digər yoluxucu xəstəliklər -donuz qripi, quş qripi kimi məhv olacağı gözlənilir. Mən də bu məsələdə nikbinəm. Fikirləşirəm ki, bu təhlükədə digər viruslar kimi tarixə qovuşacaq. Necə ki, biz indi quş qripi, donuz qripi  haqqında keçmişdə olmuş bir hadisə kimi danışırıq, elə koronavirus haqqında da eyni fikirləri səsləndirəcəyik.