Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-27 10:33:00
Dövlət bağçalarında niyə onlayn izləmə sistemi qurulmur? – ARAŞDIRMA

Uşaq bağçalarında körpələrin döyülməsi, tərbiyəçilərin uşaqlarla kobud rəftarı barədə tez-tez sosial mediada xəbərlər, video materiallar yayımlanır. Övladlarını bağçalara verməyə məcbur qalan valideynlər isə, bu kimi xoşagəlməz hallardan xilas olmaq üçün müxtəlif çıxış yolları axtarırlar. Həmin çarələrdən biri kimi də dövlət hesabına deyil, özəl bağçalarını seçirlər.

 Bildiyimiz kimi, özəl bağçaların bir çoxunda onlayn izləmə sistemi mövcuddur. Belə olduğu halda valideynlər bağçadan kənarda olsalar belə, orda gedən bütün prossesləri izləyə bilirlər. Onlayn izləmə sistemi yalnız nəzarəti deyil, həm də valideynlərin bağça ilə yaxınlaşmasına, valideyn-müəllim münasibətlərinin möhkəmləndirilməsinə müsbət təsir göstərir.
 Uşaqlarını 338 saylı dövlət bağçasına qoyan Çinarə Əlixanova  bildirib ki, dövlət bağçalarında onlayn sistemin olmaması narahatedici məqamdır: “Əslində bağçada hər bir avadanlıq yüksək keyfiyyətlidir. Mən tədris proqramından və hazırki müəllimlərdən razıyam. Amma yeni müəllim və ya dayələr işə başlayanda bir müddət bağçaya get-gəl edirəm. Çünki onların uşaqla necə rəftar edəcəyini müşahidə edib, yeni gələn işçilərlə yaxından tanış olmaq istəyirəm. Bu, mənim vaxtımı xeyli aparır. Mən işlərimi atıb, 1 həftədən çox bağçaya gedib-gəlirəm. Dövlət bağçalarında da onlayn izləmə sistemi qurulsa əminəm ki, valideynlərin bağçalarla olan münasibətəri də düzələr. Sosial şəbəkələrdəki şiddət dolu görüntülər istər-istəməz valideynlərdə tandımadığımız halda müəllimlərə qarşı aqressiya hissi yaradır. Düşünürəm ki, onlayn izləmə sistemi qısa zamanda dövlət bağçalarına da tətbiq olunmalıdır”.

 Övladını Kaspi KIDS uşaq bağçasına qoyan valideyn Röyalə Musəvi onlayn izləmə sisteminin işlərini xeyli asanlaşdırdığını vurğulayıb: “Hər dəfə qızımı bağçaya qoymaq mövzusu açılanda öz-özlüyümdə xeyli narahatlıq hissi keçirirdim. Soisal şəbəkələrdən izlədiyim görüntülər bağçalara olan inamımı hər gün bir az daha azaldırdı. Lakin mən evdar qadın olmadığım üçün, məcburən, uşağı bağçaya qoymalı idim. Yaşadığım ərazidə birbaşa özəl bağçaya üz tutdum və burda onlayn izləmə sisteminin mövcudluğundan xəbərdar oldum. Bu, məni çox rahatlatdı. Mən onlayn izləmə sistemi sayəsində müəllimlər, tərbiyəçilərin uşaqlarla necə rəftar etməyinin və tədris prossesinin şahidi oluram. İşə getdiyim üçün uşağı bağçaya qoyub, həmin dəqiqə də tələsik ordan çıxıram. Məhz bu sistem vasitəsilə həmin bağçada dərslərin keyfiyyətini, qızımın müəllimə necə cavab verdiyini izləyə bilirəm. Bəli, özəl bağçalar qiymətinə görə dövlət bağçaları ilə müqayisədə xeyli bahadı. Düşünürəm ki, dövlət bağçalarında bu sistem qurulsaydı mən birbaşa uşağımı ora qoyardım. Bir valideyn olaraq, dövlət bağçalarının da onlayn izləmə sisteminə keçməsini arzu edirəm”.

 Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, onlayn izləmə dövlət bağçalarında da olsa daha yaxşı olar: “Çox təəssüf ki, bizim məktəbəqədər təhsil sistemində mükəmməl konsepsiyalarımız yoxdur. Bununla bağlı mən özüm də işləyirəm və yaxın zamanda ortaya keyfiyyətli təlimlər paketi qoyacağıq. Bundan əlavə bizim tərbiyəçilərimiz də bu istiqamətdə lazımi səviyyədə hazırlanmayıblar. Onların bir çoxu dolayısı yollarla; rüşvətlə pedaqoji məktəb bitirirlər, hətta bəzilərinin heç təhsili də yoxdur. Mənim bu sahədə ən çox Yaponiyanın təcrübəsi xoşuma gəlir. O təcrübəni mən də Azərbaycana gətirmək istəyirəm. Bu təcrübəyə əsasən 6 yaşına qədər olan uşaqlar döyülməməli və tərbiyə edilməlidir. Bizimkilər bunu biraz düzgün dərk etmir və düşünürlər ki, yaponlar deyir “Uşaqları döyməyin”. “Uşağı döyüməyin” o demək deyil ki, ona tərbiyə verməyin. Uşağı düzgün tərbiyə etmək lazımdır. 6 yaşa qədər, hər yaşın öz tərbiyə funksiyası var”.

 

“Onlayn izləmə sistemi olduğu zaman, tərbiyəçilər ehtiyat edir, hərəkətlərinə müəyyən nizam verirlər. Amma olmayanda tərbiyəçi “onsuz uşaq qorxub evdə deməyəcək” anlayışı ilə hərəkət edir. Təəssüf ki, doğurdan da, bu belədir və onlar hər istədiyini edirlər”, – deyə, o, bildirib. 

 “Bağçam” uşaq bağçaları şəbəkəsi və Edu.co təhsil şirkətinin rəhbəri Rasif Dünyamalıyev isə onlayn izləmə sisteminin müəllimlərin keyfiyyətinin yüksəldilməsinə təsir göstərməyəcəyini düşünür: “Hesab edirəm ki, onlayn izləmə sistemi sadəcə olaraq, nəzarət mexanizmidir. Yalnız onlayn izləmə sistemi yaratmaqla tədris keyfiyyətini yüksəltmək olmaz. Bununla yanaşı, dövlət uşaq bağçalarının keyfiyyət standartlarını yüksəltmək lazımdır. Onlayn izləmə sistemi qurmaqla heç nə dəyişməyəcək. Sadəcə olaraq sosial şəbəkələrdə bu kimi videolar artacaq. Düzgün tərbiyə funksiyasını bilməyən müəllim uşağı videokamera qarşısında yox, küncdə-bucaqda döyəcək. Mənim təklifim budur ki, dövlət uşaq bağçaları İcra Hakimiyyətlərindən alınmalı və Təhsil Nazirliyinin tabeçiliyində olan Məktəbəqədər Təhsil Müəssisələri üzrə Agentlik adlı qurum yaradılmalıdır. Bağçalar yataqxana rejimindən çıxarılmalı və uşaq inkişaf mərkəzi olmalıdır”.

Bununla belə Rasif Dünyamalıyev onlayn izləməni nəzarət mexanizmi baxımından yüksək qiymətləndirdiyini vurğulayıb: “Valideynlər bu sistem sayəsində bağçada olan tədris və digər prossesləri izləmə şansı əldə edir. Bundan əlavə, bağça direktorları da bu sistem sayəsində qruplara girmədən hər şeyi müşahidə edə bilir. Lakin onu da qeyd edim ki, bəzi valideynlər bu sistem vasitəsindən şantaj aləti kimi istifadə edirlər. Buna görə də, hətta bəzi özəl bağçalar belə bu sistemdən imtina etməyə başlayır. Mən düşünürəm ki, onlayn sistemin ən üstün cəhəti elə valideynin bağça prosseslərinin bir hissəsinə çevrilməsidir”.(Ted.az)