https://www.zirve.edu.az/
25.02.2020 11:43
Uşaqların telefondan aslılığının səbəbləri və həlli yolları – SORĞU
Çap et

Əvvəllər yalnız əlaqə yaratmaq üçün nəzərdə tutulan smartfonlar sonradan müxtəlif funksiyaları da yerinə yetirməyə başladı. Bu gün telefonlar artıq oyun oynamaq, elektron məktublaşma, sosial şəbəkələr üçün istifadə olunur. 

 Düzdür, bunun müsbət tərəfi odur ki, dünya ovcunun içində olur... Amma bununla yanaşı, insanlar arasında getdikcə mobil telefon asılılığı yaranır. Bu asılılığa təkcə gənclər deyil, artıq uşaqlar da məruz qalır.

 Maraqlıdır, uşaqları telefondan asılı edən hansı səbəblərdir?

  Teatrşünas, “Kaspi” qəzetinin mədəniyyət yazarı, iki uşaq anası Xəyalə Rəis iş qrafikinə uyğun olaraq gündəlik övladları ilə elə də çox zaman keçirə bilmədiyini qeyd edib: “Övladlarımın 4 yaşı var. Həftə içi hər gün  bağçaya gedirlər və bağçadan sonra anam onları təmiz havada parka gəzdirməyə aparır. Oyun saatları bitdikdən sonra isə yuyunub planşetin başına keçirlər. Axşamlar müəyyən saatlarda Yutubda yerli nağıllarımızı dinləyir, xarici animasiya filmlərinə və yutuberlərin hazırladıqları videolara baxırlar. İşlədiyim üçün övladlarımla istədiyim qədər zaman keçirə bilmirəm. Onlara yeni nağıllar, hekayələr öyrətməyə zamanım olmur. Yutub isə onlara bu imkanı bəxş edir. Artıq uşaqlarımın internetdən izləyib, əzbər bildiyi nağıllar, mahnılar var. Hətta onlar xarici yutuberlərin hazırladıqları videoları izləyərək rus və türk dilində danışmağa cəhd edirlər. Bunun nəyi pisdir ki?”

Xəyalə Rəis qeyd edib ki, məhz Youtube vasitəsi ilə övladlarının indidən nəyə maraq göstərdiklərini və istiqamətlərinin hansı  yöndə olduqlarını müəyyən edə bilir: “Təbii ki, onların planşetdə hansı kanalları izlədiklərinə nəzarət edirəm. Bəzən o kanallarda o qədər maraqlı  materiallar hazırlanır ki, özüm də uşaqlara qoşulub onlarla birlikdə həmin materialları izləyirəm. Deyirlər ki, telefonlar və planşetlər uşaqlarda nitq mədəniyyətinin formalaşmasına mane olur. Mən bu fikirlə razı deyiləm. Çünki övladlarım hər dəfə o kanallardakı nağılları dinlədikdə oradan yeni sözlər öyrənirlər. Öz aralarında söhbət edəndə o ifadələrdən istifadə edirlər. Təbii ki, bu da məni məmnun edir. Oğlum daha çox xarici cizgi film qəhrəmanı olan Spider Man-in cizgi filmlərinə baxır və onun kimi güclü olmaq istəyir. Buna görə onu elə bu yaşından güləşə yazdırmışam. Və görürəm ki, güləşə böyük həvəslə gedir və özünü qəhrəman hesab edir. Övladlarımın telefona bağlanmasının və uşaq üçün hazırlanan proqramların izləyicisi olmalarının əleyhinə deyiləm. Əksinə bunun faydasını görən biri kimi  müasir dövrün uşaqlarını öz dövrünə uyğun şəkildə yetişdirməyin tərəfdarıyam. Çünki bizim dövrümüzdə sosial şəbəkələr, planşetlər olmayıb. Onlar texnologiya dövrünün uşaqlarıdır.  Bu gün böyüyən nəsli bundan məhrum etmək olmaz”.

 Modern.az-ın əməkdaşı Gülşən Raufqızı hesab edir ki, uşaqların telefona, planşetə meyillənməsi 21-ci əsrin bəlaları sırasındadır: “Məsələ burasındadır ki, uşaqlar adi, intenetə qoşulmayan telefonları da qəbul etmirlər. Və böyüklərdən kiminsə “uşağı telefona öyrətməyin” fikirlərini də qəbul etmirəm. Çünki bu, dövrün tələblərinə uyğun olaraq formalaşır. Bəzən düşünürəm ki, işləməsəm, evdə otursam, uşaqlarla daha çox vaxt keçirsəm, onların mobil qurğulara aludəçiliyi aradan qalxar. Amma evdə olduğum günlərdə müşahidə edirəm ki, bu, artıq uşaqların dövrə uyğun tələbatıdır”.

 Gülşən Raufqızı qeyd edib ki, insanlar arasında əlaqələrin, münasibətlərin azalması, bunun əvəzində sosial şəbəkələr üzərindən əlaqələrin genişlənməsi istər-istəməz uşaqların da vərdişlərinə təsir edir: “Uşaq görür ki, ata-ana evə girən kimi telefonda nəyəsə baxı və istər-istəməz bu, onlarda da bu cür vərdişlərin formalaşmasına səbəb olur.

Düşünürəm ki, asılılıqdan azad olmaq üçün,  ilk olaraq biz valideynlər uşaq yanında telefondan istifadəni minimuma endirməliyik. Çünki uşaq dediyimizi  deyil, gördüyünü təqlid edir, onu təkrarlamağa çalışır”.

 Müsavat.com saytının əməkdaşı Könül İbrahim bildirib ki, telefonlar, planşetlər son illər valideyinlə övlad münasibətlərinin möhkəmliyini sarsıdan bir cihazdır: “Bunun günahı da valideyinlərdədir. Daha rahat olmaq və uşaqların başını qatmaq üçün telefonlara üz tuturlar. Bu da uşaqların zehnini zəiflədir, gözlərinə mənfi təsir göstərir, onları valideynlərdən uzaqlaşdırır. Mənim qızımın 3 yaşı var, telefondan heç istifadə etmir desəm, yalan olar. Baxır, oradan ingilis və rus dilini öyrənir. Günün yarım saatını cizgi filminə baxmağa sərf edir. Ümumiyyətlə, evdə kiminsə telefonla oynamasından xoşu gəlmir deyə, evdə bütün telefonları şkafa yığır. Valideynlər çalışmalıdır ki, uşaqlarla oyun oynasınlar, rəsm çəksinlər, çünki indi uşaqlar üçün daha çox əyləncə vasitələri var. Valideynlər uşaqlara telefon verməkdən çəkinsinlər, onları gələcəkləri üçün faydalı məşğuliyyətlərə yönləndirsinlər”.

 TED.az saytının redaktoru Nicat Abdullayev də hesab edir ki, uşaqların smartfonlardan asılılığının səbəbkarı valideynlərdir: “Hələ körpə vaxtlarından başını qatmaq, yeməyini yedirtmək üçün uşaqlara smartfondan istifadəni öyrədirik. Bu, bir müddət sonra kütləvi hal alır və telefon aludəçiliyi özünü göstərir. Müşahidələrimdən bilirəm ki, uşaqların telefondan asılılığının səbəbi daha çox internet oyunlarıdır. Lakin bu hal özünü daha çox, 8-10 yaşdan yuxarı uşaqlarda göstərir. Mənim qızım Youtube-da videolara baxır. İzlədiyi videolar əslində maarifləndiricidir. Lakin bu maraq, onun bəzən 2 saatdan çox telefonla oynamasına səbəb olur. Təbii ki, uşağın bu qədər müddət telefonla məşğul olması onun inkişafına mənfi təsir edir. Çıxış yolu tapmaq, bu vəziyyəti müsbətə doğru dəyişmək ən böyük prioritetlərdən biridir”.

 Kulis.az saytının əməkdaşı, iki uşaq anası Günel Musa bildirib ki, uşaqları mobil telefonlardan asılı edən şey birinci növbədə oyunlar, sonra isə Yutub kanallarında çəkilib yerləşdirilən, guya uşaqlar üçün nəzərdə tutulan videolardır: “Ona görə guya dedim ki, bu videoların heç də hamısı uşağın düzgün formalaşmasına xidmət etmir. Həmin videolardakı rəngarəng təqdimat, aksioma uşaqları telefondan asılı vəziyyətə gətirir. Oyun dünyası uşaqlara real həyatdan daha həyəcanlı təsir bağışlayır. Məsələn, uşaqlar kitab oxuduğu zaman obrazları özləri xəyal etmir. Hər şey onlara hazır təqdim olunur. Bununla yanaşı oyunlarda baş verən hadisələri və obrazları uşaqlar özləri idarə edə bilir, uğurlu nəticələrə görə mükafatlandırılırlar. Bu da uşaqlara çox cəlbedici gəlir. Bu məziyyətlər virtual dünyanı həyəcanlı etsə də, real həyatı bəsit və yetərsiz göstərir”.

 Günel Musa qeyd edib ki, uşaqların mobil telefonlardan asılı olmasında valideynlərin birbaşa rolu var: “Amma bu vəziyyətdən çıxış yolu uşaqların əlindən mobil telefonu almaq, “toxunma” qadağası qoymaq deyil. Çünki sən nə etsən də əks təsir göstərəcək. Bu davranış aqressiv və bütün həyatı virtual əyləncə üzərində qurulan uşağa travmadan başqa bir şey verməyəcək. Uşaq ağlayanda onu telefon verməklə sakitləşdirən valideynlər anlamalıdır ki, müəyyən müddətdən sonra uşağın mobil telefon asılılığı yaranacaq və bu vəziyyətdən çıxış yolu olmayacaq. İki övladım va,r heç biri telefondan asılı deyil”.

 AFN.az saytının əməkdaşı Həbibə Abdulla bildirib ki, övladlarının əvvəllər telefona aludəçilikləri olub: “Mənim 3 qızım var, kiçik 1 yaş 2 aylıqdır, ortancıl 5 yaşında, böyük isə 7 yaşındadır. Böyükləri kompüter və telefondan tamam uzaqlaşdırmışıq. Əvvəllər aludəçilikləri vardı, amma adi mobil oyunlar oynayırdılar: müxtəlif fiqurları rəngləmə oyunları, kublar və s. Lakin aludəçilik yarandığına görə biz bunu da onlara qadağan etdik və  düşündük ki, gələcəkdə qarşısını ala bilməyəcəyik. İnternet imkanını onlara TV-də yaratmışıq, gün ərzində bir neçə saat Yutubda müxtəlif videolara baxırlar. Çalışıram ki, daha çox maarifləndirici videolara baxıb, nəsə öyrənsinlər. Arada musiqi dinləmələrinə şərait yaradıram”.

 Həbibə Abdulla qeyd edib ki, bir müddət əvvəl böyük qızının bu yaxınlarda amansızlıqla qətlə yetirilən Nərmin Quliyeva ilə bağlı videolara baxdığının şahidi olub: “Oturdub olanları yumşaq formada nağıl etdim, başa saldım ki, ailədən uzaqlaşmaq, ata-ana bilmədən harasa tək getmək sonucda belə nəticələnə bilər. Və ondan sonra o hadisə ilə bağlı videoları da qadağan etdim. Valideyn kimi mənim xoşbəxtliyim ondadır ki, böyük qızım hələ uşaq olsa da çox anlayışlıdır, dediyimi qəbul edir, yerinə yetirir. Ortancıl bir az etiraz edir, amma onu da zamanla qadağalara alışdırıram. Yəni qarşısını almaqda problemim yoxdur”.

 "CapitalNews" biznes portalının təsiscisi və baş redaktoru Ülviyyə İsmayılova bildirib ki, uşaqların telefondan aslılığına səbəb onların boş vaxtının çox olmasıdır: “Valideynlər çalışmalıdır ki, onların maraqlı məşğuliyyətləri olsun. Təbii ki, dərslər uşaqlar üçün o qədər də maraqlı deyil. Buna görə də onları idman və əyləncələrə yönəltmək daha düzgün olar. Bundan əlavə, uşaqlarımızı mütaliəyə də alışdırmalıyıq. Belə olduğu halda, düşünürəm ki, onların telefonla oynamağa vaxtı qalmaz”.

 Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə bildirib ki, uşaqları telefon aludəçisi olmasa da, kompüterlə çox vaxt keçirirlər: “Oğlanlar daha çox kompüterdə vaxt keçirirlər, bunun da səbəbi oyunlardır. Telefondan sadəcə rabitə vasitəsi kimi istifadə edirlər. Düşünürəm ki, qadağa qoyulan yerdə mütləq həvəs artır. Buna görə də, uşaqlara “olmaz” sözünü demirəm, onları sərbəst böyütmək istəyirəm. Övladlarım balaca vaxtı telefon və kompüterdən o qədər asılı idilər, indi isə artıq özləri bezib. Uşaqların telefona marağı ən çox son model olması ilə bağlıdır. Bunun da səbəbi dostları arasında lovğalanmaq istəyidir. Hesab edirəm ki, uşaqları sadəcə maarifləndirməklə, başa salmaqla telefon və kompüter asılılığından azad etmək olar”. (Ted.az)