Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-25 11:11:00
Müəllimlərin kurikulumu sevməsinə və layiqli tətbiqinə nə mane olur?-SƏBƏBLƏR

 

 “Dünyada layiqli mövqeyi tutmaq üçün mütləq şəkildə ilk olaraq təhsildəki inkişafla ayaqlaşmalıyıq. Dünya hər cəhətdən dəyişdikcə, təbii olaraq təhsil də yerində donma vəziyyətində qalmamalıdır. Təhsilimiz də dəyişməlidir. İllərlə sovetlərin təhsili ilə tədris almışdıq. Artıq qanımız və canımız bahasına müstəqilliyimizi qazandıqdan sonra təhsilmizdə də dəyişikliklərin olunmasına zərurət yarandı”.

Bu fikirləri AzEdu.az-a açıqalamasında  təhsil ekisperti, Almaz Həsrət deyib.  O bildirib ki, tədris metodikasının  müasir yanaşmalara uyğunlaşdırılması üçün yeniliklərə (innovasiyalara) üstünlük verilməyə başlandı:

“Bu yeniliklərdən biri də yeni təlim proqramının yaradılması idi. Təbii ki, hər yenilik tətbiq olunanda özü ilə müəyyən çətinliklər gətirir. Lakin bu çətinliklərin səbəbkarı yeni tətbiq olanacaq proqram deyil, icraçılardır.

Əgər iş keyfiyyətli kadr mühitində tam reallaşdırılsaydı, əminəm ki, çox problemlər bugünkü qədər qabardılmazdı. Yeni təlim proqramının adını, bir az daha irəli gedərək müasir adla (digər xarici ölkələrdə səsləndirilən kimi) “Kurikulum” deyə adlandırdıq. Kurikulum tətbiq olunmamışdan öncə aylarla araşdırmalar və müzakirələr keçirildi. Beynəlxalq və yerli təhsil nümayəndələri, ekspertlər bu işin gedişatına cəlb olundu. Mən də 2010-u ildə Təhsil Nazirliyinə Yeni təhsil proqramının fənn kurikulumunun hazırlanması üçün  işçi qrupuna seçilmişlərdən idim. Müasir zamanla ayaqlaşa bilən bilgilərimizi nəzərə alaraq cəlb olunmuşduq. Hətta xatırlayırsınızsa, ilk təhsil portalı olan Kurikulum saytını da Təhsil Nazirliyinin sifarişi ilə yaratdım. Saytın yaradıcısı, veb-masteri, admini və yazarı belə olmuşdum. Hər iş uğurla hazırlanırdı. Çünki ilk heyətdə əsl peşəkarlar toplanmışdılar”.

O vurğulayıb ki, ilk heyətdə peşəkarlar olduğu halda, bölgələrdə müəllimlərə kurikulum üzrə təlim keçənlərin özlərinin bu işə aiddiyyatı olmayıb:

“Təəssüf  ki, yeni təlim proqramının əsas mahiyyətinin bütün respublika müəllimlərinə ötürülməsi üçün kurslara aidiyyatı olmayan kənar şəxslərin cəlb olundu.  Elə bu zaman işin keyfiyyətinə ziyan vurmağa başlanıldı. Bunu realda da görmək mümkün idi. Hər adam kütləvi keçirilən kurslara təlimçi kimi qatıldı. Bu seçimdə təəssüf ki, daha çox dost, tanış, qızı, gəlini, hətta ailəlikcə, gözətçi, kadrlar şöbəsinin, təsərrüfat şöbəsinin və həmkarların müdirləri, əməkdaşları  təlimçi kimi cəlb olundular.  Məktəb görməyən, illlərlə sinifdə heç dərs deməyən adamlar müəllimlərə yeni təlim proqramı ilə dərs keçməyi “öyrətməyə” başladılar. Halbuki qarşısında əyləşən daha savadlı təhsil işçilərinin əksəriyyətinin özləri sərbəst olaraq kurikulumu oxuyub daha yaxşı qavrayırdılar, nəinki təlimçinin “izahından”. Nazirlikdən gözəl təşəbbüs göstərilmişdi. İnam və güvənə söykənərək yerlərdə təlimçi seçimini həvalə etdikləri adamlar, etimadı doğrultmadılar. Ondandır ki, təlimçilik seçimində də qüsurlar yaranmışdı. Səbəb maraqların tətbiq olunacaq  yeni təlim proqramının (kurikulumun) realizəsi üçün deyil, ayrılan vəsaitin qazanması üçün köklənmişdi. Rəfiqələr, dostlar bu andan yaxşıca istifadə etdilər. Hələ həmin “dostluqları” qoruyub hazırda keyfiyyəti ilə uğur qazana bilməyən dərsliklər yazan komanda heyəti də formalaşdırdılar. Keçirilən kurslardan yaxşı da ödəniş var idi.  Bir yaradıcı təlimçi kursun təqdimatını hazırlayır, hamı da onu hazır şəkildə götürərək təlimlərində istifadə edirdi.  Mənasını dərk etmədən, özü anlamadan “kurs” keçməyə başladılar. Kiçik nümunə: məktəbəqədərdə çalışanlar orta məktəbin kimya, tarix və digər fənlərin tədrisi üçün, dil ədəbiyyat müəllimləri biologiya fənn müəllimlərinə, qısası qeyri ixtisasçılar müəllimllərə təlimləri  keçəndə nəticə belə olacaqdır.  Bəziləri kurikulumu anlamadılar”.

A.Həsrətin sözlərinə görə yeni təlim proqramı olan kurikulumun çox müsbət tərəfini anlamayanlar elə həmin “təlimçilərdən” kurs keçənlərdir:

“Yaxşı təlimçinin dinləyiciləri bu yeni təlim proqramından (kurikulumdan) razıdırlar. Bilirsinizmi nədən? Ondandır ki, kurikulum şagirdlərə biliyi öyrətməyi deyil, bacarıq, təfəkkür formalaşdırmağı vacib bilir. Əzbərləməyi deyil, dərk etməyi üstün tutur. Şagirdlərimizi sərbəst düşünməyə, səlis nitqə sahib olmağa sövq edir. Kurikulum budur. Kurikulumu vahimələndirən bəzi təhsil işçiləri tərəfindən yerlərdə doğru tədbiq olunmamasındandır. Çünki kurikulum dərs keçən  müəllimin özündən yüksək bacarıq tələb edir. Müəllimə bir az zəhmət çəkməyi, oxuduğunu dərk edərək, şagirdlərimizin sərbəst düşüncələrini dinləmək bacarığını tələb edir. Müəllimlərə bunu öyrədə bilmədik. Ondandır ki, kurikuluma qarşı aqressiv fikirlər səslənməyə başlandı”.

Onun fikrincə, kurikulum ibtidai sinifdən yox, məhz məktəbəqədər təhsildən başlanmalı idi:

“Bilirik ki,  2006-cı ildən “Milli Kurikulum” hazırlandı, 2010-cu ildən ibtidai siniflərdə tədbiq olunmağa başlandı. Əslində bu yeni təlim proqramı ilk olaraq məktəbdən deyil, məktəbəqədərdən başlanmalı idi. O ərəfədə də müəllimləri tam hazırlamaq gərək idi. Orta məktəbdə dərs deyən müəllim həm ənənəvi üsulla , həm də yeni təlim proqramı –kurikulumla dərs keçməyə başladı. Ənənəvidən tam ayrıla bilmirdi müəllim. Yeniliyi yalnız yüksək savadı və bacarığı ilə seçilən müəllim tez qəbul edib, tədbiq edə bilir. Üzərində çalışmağı sevməyənlər də, təhsildə olan qüsurları həmən kurikulumda görməyə başladı. Həmin müəllimlərə daha fərqli, yeni bir proqram gətirilsə də 5-10-ildən sonra narazı qalacaqlar. Təki ənənəvidəki əzbərçiliyə, “müəllim dərsi danışsın, şagird dinləsin” mühitinə üstünlük verməkdə qalsınlar. Halbuki kurikulum ilə keçirilən dərslər müasir şagirdlərin marağına uyğundur. Bunu yalnız kurikulumu dərk edən müəllimlər reallaşdıra bilərlər”.

O, həmçinin,  təlim proqramının yenilənməsinin  də tərəfdarı olduğunu bildirib:

“Yeni təlim proqramı cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməli və yeniləşdirilməlidir. Əlavə təklifim də var ki, hər məktəbin özünün yeni təlim proqramı- kurikulumları hazırlanmalıdır.  Dövlət tərəfindən standart verilir. Təlimin sonunda şagirddən nə tələb olunur bəllidir. Məhz ona uyğun da hər məktəb öz kurikulumunu hazırlamalıdır. Çünki  kənd, rayon və şəhər məktəblərində tədris mühiti (avadanlıqların, İKT təminatı və s.) fərqlidir. Ona görə də bu məsələyə diqqəti artırmaq olar.

Kurikulumu çətin proqram sayanlar nöqsanı ən çox qiymətləndirilmədə görürlər. Bəli, mən də bu fikri qəbul edirəm. Kurikulumdakı qiymətləndirmə, şagirdlərin sonda ali məktəbə qəbuldakı qiymətləndirmə ilə eynilik təşkil eləmir. Ona görə də müəllimlər diqqətini valideynlərin arzusu ilə şagirdlərin ali məktəbə qəbul nəticəsinə yönləndirirlər. Qiymətləndirmə hissəsini tam qavramamağımızdandır ki, çətinliklərimiz yaranır”.