https://www.zirve.edu.az/
21.02.2020 11:32
Ucqar kəndlərdə möcüzə yaradan, “sıfır”dan sinif quran müəllimlər- Onların fərqli metodları-II yazı
Çap et

AzEdu.az təhsil portalı bölgələrdə  (həmçinin, paytaxt və şəhərlərdə) çalışan, tətbiq etdiyi fərqli metodlar, atdıqları yenilikçi addımlarla yadda qalan müəllimlərin tanıtım yazılarını davam etdirir. Hansı ki, bu müəllimlər az qala, “sıfır”dan sinif qurub, onu irəli aparmağı bacarıblar.

 “Şagirdin beynini hədəf almaq istəyirsənsə, öncə onun qəlbinə yol tapmalısan”

 Oğuz şəhər 3 N-li məktəb-liseyin tarix müəllimi Kərimova Mətanət müəllimlik fəaliyyətinə 2011-ci il 15 sentyabrında başlayıb. O, ilk zəngi, uşaqlarla ilk qarşılaşdığı günü çox yaxşı xatırlayır. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək  yüksək bal toplamağına, müsabiqədən uğurla keçməyinə, psixoloji cəhətdən hazırlıqlı olmağına baxmayaraq çox həyəcanlı olub. Hətta...

 “Anam jurnal almışdı mənə (gülür). Hansı ki, orda ilk işə başlayacaq müəllimlər üçün məsləhətlər vardı. Ordan bir cümləni hələ də xatırlayıram:

 “Nəyi, niyə, nə üçün etdiyinizi mütləq uşaqlarla bölüşün”. Dönə-dönə oxumuşdum. Hamıya, bütün tanışlara eyni sualı verirdim: “Birdən uşaqlar məni sevməsə?”

 İlk gün sinfin qapısına yaxınlaşanda əllərim əsirdi... Üstündən bir qədər vaxt keçsə də, hər yeni tanış olduğum siniflərlə eyni həyəcanı yaşayıram. Məktəbin, sinfin qapısını açanda necə gözəl bir dünyaya daxil olduğumun fərqindəyəm. Şagirdlərin dünyasını daima işıqlandırmaq, onlarda gələcəyə ümid yaratmaq müəllimin ən ümdə vəzifəsidir”.

 Xudu Məmmədov deyirdi ki, uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər. Mətanət müəllim də tarix fənninin imkanlarından istifadə edərək vətənimizi şagirdlərə tanıtmaq yolunu seçib:

 “Mən tarix müəllimiyəm. Bir tarix müəllimi kimi çalışıram ki, vətənimizin tarixini uşaqlara sevdirim. Tariximizi sevdirməyin isə bir yolu var, vətəni tanıtmaq. Məncə, dərs yalnız sinif otağı ilə məhdudlaşmamalıdır. Bunun üçün ilk növbədə məktəbdə şagirdlərimdən ibarət kiçik “Tarixçilər klubu” yaratdım. Çalışdım ki, uşaqlarla çoxlu ekskursiyalara gedək. Dərslikdəki mövzuları keçdikcə uyğun məkanları seçirik və bəzən dərslərimizi gedib həmin məkanlarda keçirik. Məsələn, qədim Albaniya dövlətinə aid  Oğuz rayonu ərazisində çoxlu abidələr var. Rayonumuzdakı bütün alban abidələrində olmuşuq. Orta əsr müdafiə tikililəri haqqında öyrənəndə burada mövcud olan orta əsrlərdən yadigar qalan “Keşikci qülləsinə”, qədim dövr mağaraları keçəndə Uğan mağarasına, tunc dövrünü öyrənərkən tunc dövrünə aid kurqanlara, həmçinin sinaqoqlara, kilsələrə səyahət etmişik. İstəyirəm ki, şagirdlərim əsl insan kimi yetişsin. Tolerant olsunlar. Başqalarının fikrinə, dini görüşlərinə hörmətlə yanaşsınlar”.

 O, həmçinin müasir təlim texnologiyalarından, metodalardan da istifadə edir. Yalnız dərsi bu vasitələrlə yükləmir. Əsas məqsəd şagirdin marağını dərsə yönəltməkdir:

 “Dərsdə müəyyən əyləncəli oyunlar, bilik yarışları keçirirəm, yaradıcı tapşırıqlar verirəm. Çalışıram ki, dərs prosesi darıxdırıcı olmasın. Bəzən, dərslərdə səhnəcik qurub, rollu oyunlardan istifadə edirik. Bu da uşaqların dərsə marağını daha da artırır. Gənc bir müəllim kimi elektron resurslara üstünlük verirəm. İlk vaxtlar dərslə bağlı videolardan istifadə edirdim, daha sonra elektron resurslardan istifadəni genişləndirdim, onlayn testlər, dərs nümunələri hazırlamağa başladım. Şagirdlərimin çox xoşuna gəlirdi. Əlimdə böyük bir material bazası toplandı və mən həm şagirdlərimin artan marağını nəzərə alıb, həm də müəllim yoldaşlarıma metodiki köməklik məqsədilə “Tarix müəllimi” saytını, eyni adlı youtube kanalını yaratdım. Şagirdlərim hər materialı böyük maraq və sevgi ilə gözləyirlər. Bütün bunlarla həm fənnə maraq yaratdım, həm də hər dərsə girdiyimdə uşaqların gözündə olan sevgini görürdüm. Məhz onların gözündəki sevgi fəaliyyətimə stimul verirdi. Bu gün şagirdlərim arasında tarix müəllimliyi ixtiasını seçənlər var. İndi yazırlar ki, “siz müəllim olmaq istəyimi alovlandıran insansınız”, “universitetdə müəllimlər müəllimliyi izah edəndə sizi yadıma salıb dərsi yadda saxlamağa çalışıram”. Bir müəllim bu sevgidən daha çox nə arzu edə bilər ki?!”

 “Müəlliməm... Məndən ötrü hər şagird kəşf edilməyə hazır olan bir ulduzdur”

 Mətanət müəllimin ən böyük amalı şagirdlərini zamanında kəşf edə bilməkdir. Kəşf etdiyi yetirmələrindən biri də respublika olimpiada qalibi olan Sənandır:

 “İlk işə başladığım il 5-ci sinifdə bir şagirdim vardı:  qapalı, danışmayan və bir qədər fərqli xüsusiyyətlərə malik  Sənan.  Sərbəst işlər, yazı tapşırıqları verməyə və onu həvəsləndirməyə başladım. Xətti o qədər oxunmaz idi ki, mənə dedi, heç kəs yazılarımı oxumur, yəqin siz də baxmayıb atacaqsınız. Kağızı alıb oxumağa başlayanda inana bilmədim. Sanki kitabı olduğu kimi köçürmüşdü. Zamanla onun qəribə fotoqrafik yaddaşının olduğunu gördüm. İnanılmaz idi, oxuduqları elə bil beyninə köçürülürdü. Amma onunla qarşıda uzun bir yolumuz vardı. Çox çətinliklərdən keçdik. Özünə inamı zəif idi. Şagirdin qəlbinə yol ona özündə inam yaratmaqdan keçir. 8-ci sinifdə bilik yarışında   qalib oldu. İlk dəfə idi ki, özünə və başqalarına nəyi isə bacardığını sübut etdi. 11-ci sinifdə respublika fənn olimpiadasına qatıldıq, hətta valideyni belə inanmamışdı. Sənanın ən böyük arzusu ali məktəbə daxil olmaq idi. Ona dedim ki, olimpiadaya qatılıb qalib olsan, ali məktəbdə müsabiqəsiz oxuma şansı qazanacaqsan. İşin qəribə tərəfi  onda idi ki, Nazirlər Kabinetinin olimpiada nəticəsi ilə ali məktəbdə oxuya bilmə qərarı hələ çıxmamışdı. Lakin biz çalışmağa başladıq. Öncə rayon, sonra zona mərhələsini yüksək nəticə ilə keçdik. Nəticədə respublika turunun nəticəsi internetdə çıxanda zəng etdim. Medal qazandığını, qalib olduğunu deyəndə onun sevincini təsəvvür edə bilməzsiniz! Onunla hansı ixtisası seçəcəyi barədə heç vaxt danışmamışdıq,  “Tarix müəllimi olacağam” dedi. O qədər sevinmişdim ki, sanki özüm yenidən ali məktəbə daxil olmuşdum. O, olimpiada nəticəsi ilə Oğuz rayonundan ali məktəbə qəbul olan ilk şagird oldu. Fikrimcə, müəllim olmaq budur başqalarının həyatında yaşamaq. O başqa həyatları öz həyatında doğmalaşdırmaq”.

 “Müəlliməm! Millətimin bütün müqəddəs əmanətləri məndədir”.

 Səltənət Qurbanova Azərbaycan dili və ədəbiyyat müəllimidir, Gəncədə yaşayır, işlədiyi təhsil ocağı  isə Göygöl rayon Çaylı kənd tam orta məktəbidir.

 Səltənət müəllim fəaliyyətinə ilk olaraq məktəbdə kök salmış bir ənənəyə yenilik gətirməklə başlayıb:

  “Çaylı kəndində çalışmağa başlayanda  nəzərimi ilk cəlb edən məqam şagirdlərin  daha çox tarix və coğrafiya fənlərinə maraq göstərmələri, buna görə də 2-ci fənn bloku üzrə imtahan vermələri idi.

 Həmçinin, qızların təhsilə marağının az olması məni narahat edirdi. Təbii ki, ixtisasını sevən bir müəllim və xanım kimi şagirdlərimin Azərbaycan dili və ədəbiyyat fənninə marağını artırmağı, qızları təhsilə cəlb etməyi və 3-cü fənn bloku üzrə imtahan verən şagirdlər yetişdirməyi qarşıma məqsəd qoydum.

 Pedaqoji fəaliyyətə başladığım ilk ildən şagirdlərimin fənnimə marağının az olmasını, həmçinin, bilik bazalarının zəifliyini artıq müşahidə etmişdim və bilirdim ki, onlarda maraq yaratmaq heç də asan məsələ olmayacaq. Təsəvvür edin, illərdir o kənddən bir nəfər belə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına maraq göstərən və bu ixtisas üzrə təhsil alan şagird olmadığı halda, keçən il bir şagirdim bu ixtisas üzrə yüksək balla ali məktəbə qəbul oldu və hazırda birinci kurs tələbəsidir. Üstəlik, də bir xanımdır. O məktəbdə çalışmağa başlayanda həmin şagirdim 8-ci sinifdə oxuyurdu və sinfə girdiyim ilk gündən “nə vaxtsa mən də sizin kimi bir müəllim olacağam” deyirdi. Düşünün, bir müəllim üçün bundan dəyərli nə ola bilər? Sən kimin üçün isə örnəksən, stimulsan və illər sonra əziyyətinin bəhrəsini görürsən, sevincimi sözlə ifadə etmək çətindir. Hazırda Çaylı kənd tam orta məktəbinə gəlsəniz, hər sinifdə 3-cü blok üzrə hazırlaşan şagirdlərin olduğunu müşahidə edə bilərsiniz”.

 “Məsələ tək bilik vermək deyil, həm də şagirdlərin sevgi və inamını qazana bilməkdir”

 Səltənət müəllim üçün iş şagirdləri III ixtisas qrupuna istiqamətləndirməklə bitmir. Bu, məsələnin başlanğıcıdır. O, şagirdlərinin tələbə adını qazanmasında, məktəbin ümumi naliyyətlərinin artmasında yorulmadan çalışan müəllimlərdəndir:

 “Şagird müəllimini sevsə, ona inansa, tədris etdiyi fənni də sevə-sevə oxuyacaq. Bir məqamı da qeyd edim ki, çalışdığım məktəbdə qəbul səviyyəsi mən getdiyim ildən əvvəlki illərə nisbətdə daha da artıb. Çalışdığım illər ərzində hər il Çaylı məktəbinin məzunları yüksək ballarla tələbə adını qazanırlar. Ən maraqlı məqamı sona saxladım, belə ki, ilk dəfə məktəbə gedəndə direktorumuz mənə dedi ki, bu məktəb var olan bir gündən bu günə qədər məktəbimizdə 600 bal sevinci yaşanmayıb, mənim də bir məktəb direktoru kimi ən böyük arzum odur ki, məktəbimdən hər hansı bir şagirdim bu sevinci bizə yaşatsın və 600-dən yüksək nəticə göstərsin. Nəhayət, keçən il Azərbaycan dili və ədəbiyyat fənlərindən olimpiadada uğur qazanan, mənim “olimpiski şagirdim” -  onu belə adlandırırdım - Çaylı kənd məktəbində tarix yazaraq 621 bal ilə ali məktəbə qəbul oldu, deyərdim ki, bu məqam nəinki məktəbdə, kənd sakinləri arasında da böyük sevinc və qürurla qarşılandı. Bizim məktəb kiçikdir, cəmi 110 şagirdi var. Yəni istər-istəməz burda  uğur əldə etmək elə də asan olmur”.

 “Olimpiski şagird” statusu

  “Ən maraqlısı isə odur ki, hazırda şagirdlərim olimpiadada uğur qazanan şagirdimizin  yerini tutmaq və məndən “olimpiski şagirdim” statusunu qazanmaq üçün öz aralarında rəqabətdədirlər. Ailə vəziyyətimlə əlaqədar olaraq yerdəyişmə imtahanlarında iştirak edib yaşadığım yerdə çalışmaq istəsəm də, şagirdlərimi qoyub gəlməyə cəsarət edə bilmirəm. Onların sevgisini, inamını, təhsilə marağını, oxumaq əzmini görmək sanki mənə güc verir və məni yorulmağa qoymur”.