Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-20 09:00:00
 Bütün tələbələrini işlə təmin edən mərkəzin direktoru –“Magistratura məzunları da bizə müraciət edirlər”

 

AzEdu.az  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov ilə müsahibəni təqdim edir:

-Rəşad müəllim, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və CİSCO şirkəti arasında əməkdaşlıq memorandumu bağlanıb. Bu əməkdaşlığın  təhsil mərkəzi üçün nə kimi faydaları olacaq?

 -Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzi və CİSCO şirkəti arasında  24 yanvar tarixində  anlaşma memorandumu imzalandı. Bu memorandum çərçivəsində  ikitərəfli əməkdaşlıq nəzərdə tutulub. CİSCO beynəlxalq  şirkətdir. O, şəbəkə sistemi və  avadanlıqlar üzrə dünyada məşhur brenddir. Buna görə də  mərkəzimizin daxilində  texniki ixtisaslar üzrə  müəyyən məzmunu tədris prosesinə gətirməyə , inteqrasiya etməyə çalışırıq.

Mərkəzdə 8 texniki ixtisas  tədris olunur. Bundan əlavə, informasiya kommunikasiya texnologiyaları ixtisası üzrə  şəbəkə məzmunu üzərində işləyirik.  Şəbəkənin əsasları mövzusunu    2020-2021-ci ildən  İKT ixtisasına  inteqrasiya olunacaq və  model olaraq mərkəzimizdə tədrisi gözlənilir. Digər bir  istiqamət mərkəzin daxilində CİSCO Akademiyasının qurulmasıdır.  CİSCO Akademiyanın texniki imkanlarını nəzərə alaraq müəyyən kurslar həyata keçiriləcək. Bu həm təhsil alanlar, həm də digər şəxslər üçün böyük  imkan yaradır. Bu kursların məzmunu hazırda yekun mərhələdədir. Buradakı  istiqamətlər: İKT-nin əsasları,  şəbəkənin əsasları,    CİSCO şəbəkəsi üzrə ekspert səviyyəsində mütəxəssislərin hazırlanmasıdır.  Növbəti təhsil ilindən başlayaraq, mərkəzimizdə kiber təhlükəsizlik ixtisasının  tədrisi nəzərdə tutulur. Bu gün bazarda bu ixtisasa olduqca çox tələbat var. Məlumatlar bazasında təhlükəsizliyi təmin etmək və  müdaxilənin qarşısını almaq lazımdır. Biz bu istiqamət üzrə ayrıca  məzmun və kurs hazırlayırıq. Bu kursu yaratdıqdan sonra    onu yeni bir ixtisas kimi tədris planına əlavə etməyi düşünürük. Kibertəhlükəsizlik kursu növbəti tədris ilindən mərkəzimizdə fənn olaraq keçiriləcək. İstənilən şəxs müraciət edərərək bu kurslarda iştirak edə biləcək. Bu əvvəl kurs formatında sonra isə ixtisas olaraq təklif ediləcək”.

-Mərkəzin daxilində Kareya Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir. Bir semestrdir ki, artıq burada dərslərə start verilib. Bu yaradılan mərkəz öz effektivliyini nə dərəcədə verib?

-Sənaye və İnnovasiyalar üzrə Bakı Şəhər Dövlət Peşə Təhsil Mərkəzi  Koareya peşə təhsil modelini tətbiq edir. Biz bu peşə təhsil modeli   üzrə kurikulum,  tədris vəsaitləri, tədris proqramları hazırlamışıq. 2019-cu ilin sentyabr ayından başlayaraq bu model tətbiq olunur. Bu tədris proqramının ilk yarımilinin nəticələrini müəyyən etmişik. Bizim müəssisəmiz publik hüquqi şəxs statusunu alıb və burada dövlət-özəl tərəfdaşlıq modeli qurulub. Bu modelin özəlliyi ondan ibarətdir ki,  biznes və özəl şirkətləri mərkəzimizə cəlb etməli və onları tədris prosesinə inteqrasiya etməliyik.  Hər bir  kurikulum üzrə  şirkətlərdən rəylər alırıq. Mütəmadi olaraq bazarda olan şirkətlərin istəkləri dəyişir və güclü  rəqabət gedir. Mərkəzimizdə tədris etdiymiz bilik və bacarıqları müəyyən etmək üçün  özəl şirkətlərlə əməkdaşlıq edirik. Dövlət və özəl tərəfdaşlıq çərçivəsində  trendləri tədris prosesinə inteqrasiya edirik. Yeni modelləri seçərək tədris prosesinə cəlb edir və  master klaslar təşkil edirik. Tələbələrimiz ikinci  yarımildən başlayaraq şirkətlərə təcrübəyə gedirlər. Müəyyənləşdirilmiş    25-dən çox şirkətlə memorandumlar imzalanıb və bu şirkətlərin sayı gündən-günə  artır. Burada  təcrübə keçən tələbələr haqqında  rəylər öyrənirik. Şirkətlərin bizə verdiyi rəylər əsasında tədris etdiyimiz  koreya modelinin uğurluluq dərəcəsini müəyyən edirik. Tələbələrimiz Tayota və tanınmış alman və yapon istehsalı olan avtomobil   şirkətlərinin servislərində təcrübə keçirlər. Onların göstərdiyi nəticə əsasında  müəyyənləşdirik ki,  avtomobil ixtisasında olan tələbələr bu sahədə çalışa bilirlər, ya yox. Bu şirkətlər onların bilik və bacarıqlarını müəyyənləşdirir və səviyyələrini qiymətləndirirlər. Onlar təhsilalanların hansı istiqamət üzrə işləyə biləcəklərini  müəyyənləşdirirlər. Mersedez Benz avtomobillərinin Azərbaycanda əsas servis mərkəzində olmuşuq. Müəyyənləşdiririk ki, tələbələr hansı kriteriyalar əsasında  praktiki məşğələlərdə iştirak edəcəklər. Bu praktiki məşğələlərin nəticələrini biz mütəmadi olaraq izləyəcəyik. Beynəlxalq şirkətlərin böyük tələbləri  olur. Onların müəyyən standartları  var. Bu standartlara cavab vermək üçün  tələbələr hazırlayırıq ki,  onlar real bazarda özlərinə yer tapa bilsinlər. Təhsil alanlarımız tədris ili bitdikdən sonra  həmin müəssisələrdə qalıb orada işləmək imkanları qazanırlar. Hər bir şirkətdən  bu istiqamətdə razılıq əldə etmişik. Onlar  seçim prosesi apararaq  müəyyənləşdirirlər  ki,  təhsil alanların arasında uğurlu namizədlər hansılardır.

-İş imkanlarından söz açdınız. Bəs Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi məzunlarının iş imkanları ilə nə dərəcədə maraqlanır?

-Mərkəzimizin yaratdığı  dövlət-özəl tərəfdaşlığı  çərçivəsində tələbələrimizin bir çoxu işlə təmin edilir.   Bizim müəssisəni bitirən insanlar bilirlər ki, müxtəlif yerlərdə təcrübə keçəcəklər. Onlar tələbələrimizi gələcəkdə işçi kadr olaraq görmək istəyirlər. Elektrotexnika üzrə də əməkdaşlıq memorandumumuz var. Sənaye quraşdırılma ixtisası üzrə də bir neçə neft-qaz şirkəti ilə  əlaqələr qurmuşuq. Mexanika ixtisası üzrə Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlıq edirik. Biz şirkətlərin profilləri ilə yaxından tanış olur və müəyən edirik ki, onlara hansı ixtisaslar daha çox uyğundur. Sumqayıt Texnologiyalar Parkı ilə 5 istiqamət üzrə əməkdaşlığımız var.

-Bu gün cəmiyyətimizdə peşə təhsilinə münasibət  o qədər də müsbət istiqamətdə deyil. Bunun qarşısını almaq üçün  hansı tədbirlərə əl atılmalıdır?

-Peşə təhsili və onun imkanları daha geniş şəkildə təbliğ olunmalıdır. Biz bu istiqamətdə  orta məktəblərdən başlayaraq,  təqdimatlar keçiririk. Missiyamız Peşə Təhsil Mərkəzinin istiqamətlərini onlara çatdırmaqdır. Bunu  sonralar daha aşağı siniflərə də tətbiq edəcəyik. Müəyyən təbliğat işləri aparılmalıdır. Bu yaxınlarda mərkəzimizdə Açıq qapı günləri keçiriləcək. Artıq bu istiqamətdə müəyyən işlər aparılıb. Məktəblərdə təbliğatlarımız təşkil olunacaq. Daha sonra biz ali təhsil müəssisələri ilə bu əməkdaşlığı aparmağa çalışacayıq. Çünki bizim peşə təhsil müəssisələrində universitet məzunu olan şəxslər də var. Mərkəzimizdə hazırda 20-45 yaş aralığında olan insanlar təhsil alırlar. Həyat boyunca peşə təhsilini öyrənmək olar. Orta məktəbi bitirən hər bir şəxs bizə müraciət edə bilər. Bu istiqamətdə kurslar açmağı da düşünürük. Çalışırıq ki, peşə təhsilini geniş şəkildə təbliğ edək. Cəmiyyətimiz peşə təhsilin məqsədini dərk etməlidir. Mərkəzimizdə 18-dən çox peşə təhsil kursları fəaliyyət göstərir. Avtomatika ixtisası üzrə artıq kurslarımıza start verilib. Bu qrupda təhsil alanların hamısı işlə təmin olunan  şəxslərdir. Onlar imiclərini yüksəltmək, bacarıqlarını artırmaq  üçün bizim mərkəzimizə müraciət ediblər.  Onlar 3 ay müddətində məntiqi idarəetmə  mövzusunda  təlimdən keçəcəklər. Təhsil alanların qruplarına nəzər yetirsək burada fərqli yaş kateqoriyasını müşahidə etmək və  ali təhsilli şəxsləri də görmək mümkündür. Magirstraturanı bitirənlər belə kurslarımıza müraciət edirlər. Tədris prosesimiz o formada qurulub ki, biz peşəni ali təhsildən müqayisə etmirik. Peşə təhsili hamı üçün böyük şansdır.  Bu imkandan hər kəs yararlanmalıdır".

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları