https://www.zirve.edu.az/
17.02.2020 14:42
Startap jürisindən vacib tövsiyələr: “Ən çox bunlara diqqət edirik”- Çox vacib
Çap et

Startap- miqyaslana biləcək bir biznes modelini axtarmaq, inkişaf etdirmək və təsdiqləmək üçün yaranan şirkət və ya layihədir.

Adətən, startaplar qısa müddət ərzində uğurlu şirkətlərə çevrilir yaxud,  uğursuzluqla üzləşib sıradan çıxırlar.

 Startap və sahibkarlıq anlayışları oxşardır. Halbuki, sahibkarlıq anlayışı bütün yeni müəssisələri əhatə edir. Buraya özünüməşğulluq fəaliyyəti, və böyümək niyyətində olmayan müəssisələr də daxildir. Startap isə yalnız təsisçidən ibarət yox, kənar ərazilərdə inkişaf etmək niyyətində olan, işçiləri olan və sürətlə böyümək məqsədi daşıyan yeni müəssisə növüdür.

Startapları qiymətləndirmək üçün münsiflər heyəti təşkil olunur və buraya daxil olan jürilər vasitəsi ilə startaplara qiymət verilir.

Bəs startaplara hansı meyarlar əsasında qiymət verilir?

AzEdu.az-a danışan "Yeni Fikir" startap müsabiqəsinin təsisçisi və rəhbəri İsa Qasımov ölkəmizdə olan bir çox startap müsabiqələrinin münsifi olub.

O, startap müsabiqələrinin qiymətləndirmə meyarları haqqında bunları deyib:

“Startapların qiymətləndirilməsi dünya standartlarına uyğun şəkildə həyata keçirilir. Startapın funksionallığını nəzərə alaraq qiymətləndirmə zamanı üç əsas məqam əsas götürülür: komanda, biznes model, təqdim onunan startapın innovativliyi. Layihə təqdim olunarkən onun bazara gətirdiyi innovativ yenilikləri nəzərə almaq lazımdır. Komanda dedikdə layihəni bazarın ehtiyaclarına uyğun təqdim edə bilən insanlar toplusu nəzərdə tutulur. Biznes model dedikdə isə  verilən ideyanın gələcəkdə məhsul və format şəklində necə pul qazandıra biləcəyi anlaşılır. Bu üç məqam startapların qiymətləndirilməsində  böyük rol oynayır. Lakin  startapın inkişaf dərəcəsinə görə ayrı-ayrı meyarlar da əsas ola bilər. Buna uyğun olaraq, təqdimat bacarıqları, komandanın gücünü  misal göstərə bilərik. Bazarda öz yerini tutan startaplar üçün isə qeyd etdiyim 3 əsas məqam əksini tapır.

Bu meyarlar şəxslər üzrə dəyişmir. Bəzi jürilər maliyə sektorundan gəldiyi üçün layihənin biznes tərəfinə daha çox fikir verirlər. Fərqli baxış isə münsiflərin dünyagörüşündən irəli gəlir. Jürilərin bəziləri isə layihənin innovativ tərəfinə fikir verirlər. Məncə komandası güclü və əzimli olan startap gələcək üçün uğurlu ola bilər. Buna görə daha çox komandaya əhəmiyyət verirəm. Amma komanda güclü olsa belə, irəli sürülən ideya orijinal deyilsə, həmin startap bazarda öz yerini tapa bilmir. Bu da güclü komandanın dağılmasına gətirib çıxara bilər. Digər məqamlar isə köməkçi məqamlar olaraq ortaya çıxır”.    

Qeyd edək ki, son dövrlər ölkəmizdə startap ekosisteminin formalaşması istiqamətində müəyyən addımlar atılıb. 2012-ci ildən başlayaraq, bu sahədə bir sıra uğurlar  əldə edilib. Aparılan maarifçilik işlərindən sonra bu sahəyə maraq artıb, hazırda yeni milli startapların formalaşması davam edir, innovasiya mərkəzləri yaradılır və universitetlər üzrə müxtəlif müsabiqələr təşkil olunur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları