https://www.zirve.edu.az/
17.02.2020 09:11
Ali Attestasiya Komissiyasının qərarı niyə narazılıq doğurur?
Çap et

 

Bu gün ən müxtəlif fəaliyyət sahələrində aparılan çoxşaxəli islahatlar elm və təhsil sistemindən də yan keçmir. Elm adamlarının, elmi ad almaq istəyən iddiaçıların əsas ünvanı olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası da bu islahatlardan kənarda qalmayaraq gündəmə yeni islahatlarla, yeni qərarlarla gəldi. 

Komissiyanın qəbul etdiyi bir sıra qərarlar müsbət qarşılansa da, bəziləri cəmiyyətdə, xüsusən elmi ad almaq istəyən doktorant və dissertantların narahatlığına səbəb oldu. Bu, fəlsəfə doktorluğu elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyaların yenidən ilkin müzakirəyə qaytarılması qərarı idi. 

Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 dekabr 2019-cu il tarixli qərarına əsasən 11 iyun 2018 - 11 iyun 2019-cu il aralığında ilkin müzakirədən keçmiş işlərdən başqa bütün dissertasiyalar yenidən ilkin müzakirələrə təqdim olunmalı, 11 iyun 2019-cu il tarixinədək elmi seminardan keçmiş hər bir dissertasiya işi isə yenidən seminardan keçirilməlidir. Bu isə seminar vermiş bütün iddiaçıların yenidən həmin prosedurdan keçməsi deməkdir. Çünki  Dissertasiya Şuraları Ali Attestasiya Komissiyası tərəfindən buraxılıb və iddiaçıların işləri dayandırılıb (Azərbaycan Dillər Universitetində sonuncu seminar 2018-ci ilin dekabr ayının 7-də keçirilib).

Belə görünür ki, şuralar bağlı olduğuna görə bir il gözləmiş iddiaçılar əlavə bir il də seminar növbəsini gözləməli olacaqlar. Onların diplom almaları isə qeyri-müəyyən vaxta çəkəcək.

Qərarda deyilir ki, 2019-cu il  iyunun 11-də qəbul edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin tələbləri nəzərə alınmaqla sonuncu mərhələ (ilkin müzakirə və ya seminar) yenidən verilməlidir. Bu Əsasnaməyə görə, bəzi iddiaçılar təkrarən ilkin müzakirəyə, bəziləri isə seminara salınmalıdır. Qərarın elanından az sonra bir çox doktorant və dissertantlar mətbuatda, sosial şəbəkələrdə məsələyə öz etirazlarını bildiriblər. Bu günlərdə mövzu ilə bağlı narazı iddiaçılar tərəfindən redaksiyamıza  da məktublar daxil olub.

Həmin məktublarda irəli sürülən iddialara görə, AAK-ın bu qərarı iddiaçıların vaxtını ən az 2 il uzadacaq. AAK öz fəaliyyətini vaxtilə dondurmasına baxmayaraq, bütün məsuliyyət müzakirədən və seminardan keçmiş iddiaçının üzərinə qoyulur. Elmi işlərin müdafiəsinin gecikdirilməsinə və yol verilən süründürməçiliyə görə cavabdehlik daşıyanların cəzalandırılmaması isə süni narazılıqlar yaradır. AAK həmin qərarının hər bəndində Azərbaycan Respublikası Prezidentinin məlum fərmanını vurğulamaqla öz qərarına qanuni don geyindirməyə çalışır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"də vətəndaşın hüquqlarını pozan heç bir tələb əksini tapmır. AAK-nın qərarı isə konstitusiyanın tələbinə ziddir, çünki Əsasnamənin qüvvəsi geriyə şamil edilə bilməz:

Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII bəndində deyilir: "Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir".

İddiaçılar bütün prosedurları mövcud qanunvericilik çərçivəsində keçdiklərini söyləyirlər: "Yeni Əsasnamə ən sonuncu seminarı verən iddiaçıdan ən azı altı ay sonra qəbul olunub. İşləri xeyli sonra qoyulan qaydalara uyğunlaşdırıb təkrar müzakirə və ya seminardan keçirməyi tələb etmək qanunvericiliyin tələblərinə ziddir".

Elmi seminardan uğurla keçib müdafiə növbəsində dayandığını bildirən Almaz Həsrət qərarın ədalətsiz olduğunu deyir: "Tamamilə yanlış qərar verilib. Qanun və ya qərar geriyə şamil oluna bilməz. Yox, əgər olunursa, onda qoy AAK bizimlə birgə qəbul olunmuş hər bir iddiaçının işini tam geri qaytarsın. O zaman deyərik ki, ədalətli qərardır. Bizim bu elmi işə illərlə vaxtımız gedib. Deyirlər ki, təkrar geri dönək? Bu nə deməkdir?"

Anar Fərəcov bu qərarın hüquqi əsasının olmadığı qənaətindədir: "Çox təəssüf ki, bu qərarı verənlər cənab Prezidentin apardığı siyasətə kölgə salmaqla məşğuldurlar. AAK-ın yeni əsasnamə qəbul etməsi müdafiə proseslərinin dayanması üçün hansı hüquqi əsaslar verə bilər? İnsan həyatının neçə illərini heçə saymaq nə deməkdir? Təzə qaydalar heç bir halda tətbiq oluna bilməz. Təzə əsasnamə yalnız 2019-2020-ci tədris ilindən qəbul olunan dissertantlara aid edilməlidir".

Doktorant Esmira Rövşənova öhdəliklərini qanun çərçivəsində və zamanında yerinə yetirsə də, haqsızlıqlarla qarşılaşdığını dilə gətirir: "Əsasnaməyə uyğun olaraq, müdafiəyə qədərki bütün qanuni prosedurları keçməyimizə baxmayaraq, bizdən asılı olmayan səbəblərə görə, keçdiyimiz bütün mərhələləri yenidən keçməyimiz tələb olunur. Səbəb soruşulduqda isə tutarlı bir cavab verilmir. Əgər yeni əsasnaməni və hansısa bir qərarı rəhbər tuturlarsa, zənnimcə, "Qanunun geriyə qüvvəsi yoxdur" hüquqi anlayışını da nəzərə almalıdırlar".

Şəlalə Məhyəddinqızı çəkdikləri zəhmətin hədər getdiyindən təəssüflənir: "Mövcud qanunvericilik çərçivəsində doktorant öz öhdəliklərini yerinə yetiribsə, onun günahı olmadan fəaliyyətini dayandıran Müdafiə Şurası açılanda növbəyə duran elmi işçinin əməyi yerə vurula bilərmi? İnsanın illərini verdiyi zəhmət hədər gedirsə, bunun günahı kimdədir? Xahiş edirəm, hüquqşünaslar, dəyərli alimlər fikir söyləsinlər".

Müzakirədən uğurla keçmiş elmi işləri geri qaytarılanlar arasında xarici vətəndaşlar da az deyil. Türkiyə vətəndaşı Mehmet Önəmli elmi işinə 9 il vaxt sərf etdiyini açıqlayıb. O, hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edəcəyini bildirib: "2011-ci ildə loqopediya üzrə elmi iş üzərində çalışdım və seminardan keçdim. Hazırda bu qərar xarici vətəndaş olaraq məni də sarsıdır. Demokratik bir ölkə olan Azərbaycanda təhsil haqqımın əlimdən alındığı qənaətindəyəm".

İddiaçılar AAK-ın müvafiq qərarının ləğvi üçün dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Müraciətdə deyilir: "Sizin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanla təsdiq etdiyiniz "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə" bütün parametrləri üzrə elmi inkişafın müasir tələblərinə cavab verdiyi, vətəndaşların hüquq və maraqlarına xidmət etdiyi halda, AAK-nın Rəyasət Heyətinin 13 dekabr 2019-cu il 13-R nömrəli Qərarı  Prezident Fərmanına və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun gəlmir, elmin inkişafını stimullaşdırmır və vətəndaş hüquqlarını pozur. AAK-nın sözügedən qərarı mövcud qanunvericiliyə uyğun qanuni prosedurlardan keçmiş gənc alimlərin vəziyyətini süni surətdə ağırlaşdırır".

Yaranmış narazılıqlara qarşı tərəfin münasibətini öyrənmək məqsədi ilə AAK-ın şöbə müdiri, professor Asif Rüstəmliyə müraciət etdik. O, verilən bütün qərarların qanun çərçivəsində və Azərbaycan elminin inkişafı naminə verildiyini söyləyib.

Fevralın 12-də Bakı Dövlət Universitetində (BDU) AAK-ın sədri Famil Mustafayevlə görüş keçirilib. Sədr Ali Attestasiya Komissiyasındakı islahatlar, elmi dərəcə və elmi adların verilməsi qaydalarındakı yeniliklər haqqında geniş məlumat verib.

Həmin görüşdə iştirak edən BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli görüş barədə fikirlərini bildirib, AAK-ın yeni islahatlarından məmnunluğunu ifadə edib: "Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin Bakı Dövlət Universitetində professor-müəllim heyəti ilə görüşü çox səmərəli keçdi. Komissiya sədri xüsusi məruzə ilə çıxış edərək bizdə çoxdan yaranan suallara aydınlıq gətirdi. Məlum oldu ki, AAK-ın yeni nizamnaməsində xeyli müsbət dəyişiklik edilib. Bu dəyişikliklər, yeni yanaşmalar daha çox beynəlxalq təcrübəyə istinad edilib. Bu yeniliklər birbaşa elmi araşdırmaların-dissertasiyaların keyfiyyətinin artmasına, elmi dərəcə iddiasında olanların məsuliyyətinin artırılmasına kömək edir. Bütün bunlar dissertanta, doktoranta elmi rəhbərin təyin edilməsi, iddiaçının elmi seminardan keçməsi, dissertasiya şuralarının təkmilləşdirilməsi kimi vacib aspektləri əhatə edir. Müdafiə-dissertasiya şuralarının yaradılması və təsdiqi məsələlərində də yeniliklər var. Seminar prosesində obyektivliyi təmin etmək üçün səsvermə mütləq gizli keçirilməlidir. Dissertasiyaların mövzusuna, problemə dair ən azı 5 nəfər mütəxəssis olmalıdır. Ən maraqlısı bir də budur ki, minimum imtahanlardan informatika ləğv olunub. Çünki indi elə bir dövrdür ki, uşaqdan böyüyə kimi hər kəs komputeri bilir, informatikaya bələddir. Bunu imtahana salmaq artıq şeydir. Sədr özü də bu fikirdədir. Həm də bu imtahanı götürənlər bəzən qeyri-obyektiv yanaşır, insanları incidirdilər. Əvvəllər AAK doktor olmayanlara professor adı vermirdi. Çox nadir hallarda belə bir şey ola bilərdi. Bunun özü ümidsizlik yaradırdı. İndi isə bunu xeyli dərəcədə dəyişiblər. Belə ki, 20-30 il dosent işləmiş adam əgər gözəl, ictimai rəydə təsdiq olunmuş elmi əsərləri varsa, onlara professor adı verəcəklər. Bu da müsbət cəhətdir".

Narazılığa səbəb olan məsələyə toxunan C.Məmmədli bu qərarı müəyyən dərəcədə qəbulolunmaz saydığını bildirib: "Bu qərar bizim kafedrada olan doktoranların da işinə təsir edir və onlar bundan narahatlıq keçirirlər. Doğrudan da, o prosedurun özü çətinlik yaradır, vaxt aparır. Amma AAK sədri dedi ki, burada narahatlıq keçirməyə əsas yoxdur, doktorantlar prosedurları əvvəl keçdikləri kimi, gəlib yenə də keçsinlər, seminarla bağlı yeni qaydalar tətbiq olunub və əvvəlki iddiaçılar da məhz bu yeni qaydalarla seminardan keçməlidirlər. Bu, nə qədər səmərəli olacaq, ya yox, bunu zaman göstərəcək. Amma məncə, dissertantların özlərinin günahı olmadan yenidən müzakirələrdən, seminardan keçməyə məcbur qalmaları yenə də narazılıqlara səbəb olacaq.

Burada iddiaçıları daha çox narahat edən məqamlardan biri də növbə və bu növbənin alacağı zaman məsələsidir. Bununla bağlı ədalətli prinsip ortaya qoyublar. Əvvəl bir şurada bir fəlsəfə, bir elmlər doktoru işi müdafiə oluna bilərdi. Amma indi bir şurada dörd elmlər namizədi müdafiə edə bilər. Bu da prosesin sürətlənməsinə səbəb olacaq. Eləcə də bir müdafiə şurasında iki namizədlik, bir doktorluq işi müdafiəyə buraxıla bilər. Belə bir fikir də deyildi ki, uzun müddət müdafiə olunmayan dissertasiyalar var ki, dövr dəyişdikcə onların mövzusu da müəyyən qədər dəyişməlidir. Bu, daha çox humanitar fənlərə aiddir. Həqiqətən də, məsələn, jurnalistika sahəsində hər gün yeniləşmə, dəyişikliklər olur. Ona görə də bununla bağlı fikri qəbul etmək olar". ("525-ci qəzet")