Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 13:46:00
Professor Ramiz Əskər Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü seçilib

Özbəkistan Yazıçılar İttifaqında Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərlə görüş keçirilib.

AzEdu xəbər verir ki, tədbirdə Özbəkistan Yazıçılar İttifaqının sədr müavini Nodir Conuzak Ramiz Əskərin yaradıcılığından danışıb, onu alim və tərcüməçi kimi xarakterizə edib. Bildirilib ki, Ramiz Əskər 74 kitabın müəllifidir, bunun 55-i tərcümə, qalanları isə orijinal əsərlərdir. Alim özbək ədəbiyyatına aid 10 kitab tərcümə edib. Böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini isə bu yaxınlarda bitirib və siqnal nüsxəsini Daşkəndə gətirib.

Nodir Conuzak Ramiz Əskərə Özbəkistan Yazıçılar İttifaqının üzvlük vəsiqəsini və qurumun fəxri diplomunu təqdim edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib.

Professor Nurboy Jabborov deyib ki, “Xəmsə” yazan böyük şairlər çoxdur. Bunların dördü daha məşhurdur. Əlişir Nəvai isə ədəbiyyat tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. Ramiz Əskərin özbək ədəbiyyatından tərcümə etdiyi əsərlər arasında Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” və “Seçilmiş əsərləri” kitabları, Sultan Hüseyn Bayqaranın “Divan”ı, “XX əsr özbək şeiri antalogiyası” və digər kitablar də var.

Ramiz Əskər tərcümə ilə bağlı gördüyü işlərdən danışıb, habelə Beynəlxalq Babur mükafatına layiq görüldüyünü qeyd edib. O, özbək klassik ədəbiyyatının tərcüməsi istiqamətində işini davam etdirəcəyini bildirib.

Professor Dilnəvaz Yusupova, dosent Adxambek Alimbekov, şair Xasiyyət Rüstəm, Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və başqaları Ramiz Əskərin elmi və tərcüməçilik fəaliyyətindən danışıb, ona uğurlar arzulayıblar.