https://www.zirve.edu.az/
12.02.2020 12:41
Bəşarət Məmmədov: “Mətbuat xidməti işini səmimiyyət üzərində qurmalıdır”

Bütün ictimaiyyətin gözü onlarda, onların da bir gözü ictimaiyyətdə, bir gözü mediadadır. Mətbuat xidməti, ictimaiyyətlə əlaqələr hər bir qurumun görən gözü, eşidən qulağı, görünən üzü-simasıdır. Onların fəaliyyəti təmsil etdiyi qurumun ictimai cizgilərini formalaşdırır və ya ictimaiyyət onların təqdim etdiyi və ya təqdim edə bildiyi fəaliyyəti görür. Yaxşı və ya pis tərəfdən...

Bu baxımdan mətbuat xidmətlərinin fəaliyyəti, həmişə təqdim etməyə öyrəşmiş insanların özlərinin işi maraq doğurur. Bunları nəzərə alaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektoru fəaliyyəti ilə sizi tanış edirik.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektoru fəaliyyət istiqamətlərinə uyğun olaraq KİV-lə səmərəli əlaqələr yaratmaq, idarə və idarənin tabeliyində olan ümumtəhsil müəssisələrinin fəaliyyəti ilə bağlı zəruri informasiyaları ictimaiyyətə çatdırmaq, müvafiq hüquqi-normativ sənədlərin şərhini, ictimaiyyətə daha dolğun çatdırılmasını təmin etmək, rəsmi sayt və sosial şəbəkə səhifələrini zəruri məlumatlarla təmin etmək kimi vəzifələri yerinə yetirir. KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılır, tədbirlərə media nümayəndələri dəvət olunur, təhsil müəssisələrinə mediaturlar təşkil olunur, mətbuat konfransları və brifinqlər təşkil edilir.

2016-ci ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektoruna tanınmış jurnalist Bəşarət Məmmədov rəhbərlik edir. B.Məmmədov Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinin əvvəlki dövrlərində müəllim, “Respublika” qəzetində baş müxbir və şöbə müdiri, Təhsil Nazirliyində məsləhətçi vəzifələrində işləyib. 2016-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı tərəfindən "Qızıl qələm" mükafatına layiq görülüb. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına, beynəlxalq münasibətlərinə, həyata keçirilən islahatlara dair yüzlərlə məqalənin, analitik yazının müəllifidir. Təhsil Nazirliyi tərəfindən Tərifnamə və Fəxri Fərmanla təltif olunub. İctimai-siyasi, təhsil və mətbuat məsələlərinə həsr olunmuş təlim, konfranslarda iştirak edib.

MƏKTƏB, MÜƏLLİM BİR DƏYƏRDİR

B.Məmmədov deyir ki, 2016-cı ilin sentyabrından BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektoruna müdir təyin olunub. Bu etimadı doğrultmaq həmin dövr üçün qarşıda duran vəzifələr və görüləcək işlər baxımından mühüm və məsul idi: “Təbii ki, bu məsuliyyəti anlayırdım. Həmin dövrdə ilk olaraq rəhbərliyin tapşırıq və tövsiyyələrinə uyğun bir təkliflər proqramı hazırladıq. İlk növbədə mətbuatla daha açıq, daha operativ və çevik əlaqələrin qurulması baxımından işlərə başladıq. Əvvəldə bu o qədər də asan olmadı. Bizim yanaşmamız əsasən bundan ibarət idi ki, məktəb, müəllim bir dəyərdir və biz cəmiyyət olaraq bunu düzgün dəyərləndirməliyik. Bu dəyərlər hamılıqla qorunmalı və onlara hörmətlə yanaşılmalıdır. Məktəbin fəaliyyətinə kənar müdaxilə yolverilməzdir.

Sözsüz ki, məktəb və müəllim nüfuzunun yüksəlməsində mediadakı təqdimatın da mühüm rolu var. Bu istiqamətdə aparılan işlərə ictimaiyyətin və medianın dəstək verməsi prosesi xeyli sürətləndirdi. Bəzi məqsədyönlü maneə və qeyri-peşəkar baxışlar olsa da, ümumi balans açıq üstünlüklə məktəbin və müəllimin xeyrinə dəyişdi. BŞTİ-nin nə o dövrdə, nə də indi peşəkar media ilə heç bir problemi olmayıb. Amma əvvəl qeyri-ciddi, peşəkar yanaşması olmayan “media” adamlarının məktəblərə basqısı, təzyiqi, hansısa özlərinə bəlli məqsədlərlə təhsil ocaqlarına səfərləri olurdu. Məktəb direktorları ilə söhbət zamanı onlar bildirirdilər ki, bəzən bir gündə ozünü “mətbuat nümayəndəsi” adlandıran 20 nəfər məktəbə müraciət edir. Bu da məktəblərdə tədris mühitinin ciddi şəkildə pozulmasına səbəb olurdu. Ciddi media məktəblərdən hər hansı mövzu üzrə material hazırlamaq istəyəndə öncədən razılaşdırmaqla və tədris prosesinə mane olmamaqla bu işi həyata keçirir. Onların bu məsələdə anlayışla davranması təbiidir. Çünki hər bir peşəkar öz işinə dəyər verdiyi kimi, digər peşə sahiblərinin də fəaliyyətinə hörmətlə yanaşmağı bacarır. Xüsusən də söhbət müəllimdən gedirsə... Ancaq qeyri-ciddi və qeyri-peşəkar adamlar özünü hansı peşənin sahibi kimi kimi təqdim etmək istəsə də, onların əsil məqsədi hamıya bəllidir. Bu prosesə ictimaiyyətin, peşəkar medianın dəstəyi və təhsil işçilərinin qətiyyəti sayəsində bir neçə ay ərzində məsələ nizamlandı. Artıq ümumi yanaşma və mövqe bundan ibarətdir ki, heç bir halda tədris prosesinə mane olmaq olmaz. Təbii ki, bütün məktəblərin qapısı valideynlərə, ziyalılara və bütün ictimaiyyətə açıqdır. Ancaq məktəb kiminsə özünə bəlli olan maraqlarının təmin olunduğu bir yer deyil. Məktəb bütün cəmiyyətin inkişafına xidmət etdiyi kimi, ictimaiyyət də öz məktəbini yad və lazımsız təsirlərdən qorumalıdır. Necə ki bu gün bunu açıq formada hiss edirik.

Ümumilikdə son illərdə təhsil sahəsində ictimaiyyətlə əlaqələr məsələsinə olan həssaslıq və informasiya açıqlığı media ilə əlaqələrdə keyfiyyətcə yeni mərhələ deməkdir. Bizə mediadan ünvanlanan bütün sorguları, KİV-i maraqlandıran sualları qısa bir zamanda cavablandırmaq üçün həm idarə daxilində, həm də məktəblərlə kommunikasiya baxımından sistemli fəaliyyət göstəririk. Görünür bunun nəticəsidir ki, media da bizimlə sıx əməkdaşlığa başladı. Keçirdiyimiz bütün tədbirləri, görüşləri, xəbərlərimizi ictimaiyyətə dolğun şəkildə çatdırır. Sevindirici haldır ki, artıq bu gün cəmiyyətdə məktəb, məktəb rəhbəri, müəllim haqqında daha müsbət obrazların təqdim olunduğunu müşahidə edirik. Təbii ki, nöqsanlar da açıq deyilir. Bu gün Təhsil Nazirliyi və İdarənin də əsas yanaşması bundan ibarətdir ki, biz harda nöqsan varsa onu görməliyik, onu etiraf etməliyik və həlli yollarını tapmalıyıq.

İstənilən bir məsələnin ictimai müzakirəyə çıxarılmasında da medianın dəstəyi və imkanlarından səmərəli istifadə vacibdir. Biz cəmiyyətdə məktəb, müəllim imicinin düzgün formalaşdırılması işini birgə hədəfə çevirməliyik. Bugünədək nəyə nail ola bilmişiksə, burada cəmiyyətin, medianın böyük dəstəyini görmüşük. Düşünürəm ki, kim təhsil aldığı dövrdə məktəbi, müəllimi, öyrənməyi sevibsə, onun bu gün hansı sahədə çalışmasından asılı olmayaraq təhsilə, müəllimə münasibəti də eynidir. Əgər kimsə oxuduğu dövrdə məktəbi, müəllimi, təhsili sevməyibsə, ailəsində müəllimə sevgi olmayıbsa, onun bu gün də sadalananlara neqativ münasibəti var.

Düşünürəm ki, biz həmçinin, istənilən sahə ilə bağlı cəmiyyətə neqativlərin, qara fonun ötürülməsini qismən məhdudlaşdırmalıyıq. Çünki bu cəmiyyət bizimdir, onu daha rəngarəng hala gətirmək də bizim üzərimizdədir. Mövcud problemi hər kəs öz bildiyi səviyyədə yolunu göstərməklə qeyd edirsə, bu, problemin həllinə çalışmaqdır. Amma hər hansı mövcud problemə sevinirmiş kimi yanaşmaqla, cəmiyyətdə neqativ fon yaradılır. Bu isə son nəticədə digər formada özümüzə qayıdır. Fikrimcə, hər kəs problemlərə yanaşmanı düzgün və düşünülmüş qurmalıdır”.

BÖYÜK DIQQƏT VƏ HÖRMƏT

B.Məmmədovun sözlərinə görə, mətbuat katibinin mediaya olan münasibəti çox önəmli faktorlardan biridir: “Bəzi hallarda yanlış olaraq, mətbuat katibi ancaq yaxşıları təqdim edən, çatışmazlıqları, problemləri gizlədən və ya gizlətməyə çalışan bir persona kimi təqdim olunur. Ancaq son dövrlər yaxşı və peşəkar mətbuat katiblərinin işi sayəsində bu kimi səhv təsəvvür dəyişməyə başlayıb. Qeyd edim ki, bu yanlış təsəvvürün yaranmasına səbəb olan amillər də olub. Fikrimcə, media ilə uğurlu əməkdaşlıq qurmaq üçün mətbuat katibi səmimi, öz işinə dəyər verdiyi qədər çalışdığı jurnalistlərə də böyük diqqət və hörmətlə yanaşan insan olmalıdır. Medianın nə

istədiyini düzgün anlamalı, mətbuata açıq olmalıdır. Mətbuat katibi bilməlidir ki, media sədəcə doğru məlumat almaq istəyir və öz vəzifəsini yerinə yetirməyə çalışır. Media nümayəndəsi mətbuat katibini axtaranda düşünməməlidir ki, görəsən mən bu insanı tapa biləcəm ya yox. Bəzi insanlar var ki, telefonuna tanımadığı nömrədən zəng gələndə açmır. Çox şükür ki, mənim elə bir qorxum və kompleksim yoxdur. Zəng gəlirsə, ona birmənalı olaraq cavab verilməlidir. Mənim telefonum hər zaman açıq olur. İstənilən zaman mənimlə əlaqə yaratmaq mümkündür. Öz işimə dəyər verdiyim qədər çalışdığım jurnalistlərə də böyük diqqət və hörmətlə yanaşıram. Çalışıram ki, imkan daxilində mətbuat nümayəndələri tərəfindən mənə ünvanlanan sualları ən qısa müddətə cavablandırım. Mətbuat xidməti anlamalıdır ki, bu onun fərdi fəaliyyət sahəsi deyil, o bu sahə ilə bağlı cəmiyyətə xidmət üçün bu vəzifəyə təyin edilib. Mətbuat xidməti ilə mətbuat nümayəndələri arasında qarşılıqlı inam və etimadın olması da vacib şərtdir. İnsan əmin olmalıdır ki, deyilən doğrudur və o məni aldatmır. Hər şeyin təməli səmimiyyətdən başlayır. Sən öz səmimiyyətini qarşı tərəfə ötürə bilsən, sənin təmsil elədiyin sahənin səmimiyyətini və orada olanların inkişaf üçün çalışdığını ictimaiyyət və media qəbul edəcək. Əks halda, mətbuat xidməti öz səmimiyyətini, şəffaflığını mediaya, ictimaiyyətə ötürə bilmədisə, həmin qurumun fəaliyyəti haqqında şübhələr yaranacaq. İnsanlar düşünəcək ki, bu qurumun fəaliyyətində formallıq var. Bunun olmaması üçün qarşılıqlı etimad mühiti və məqsəd birliyi formalaşdırmalı və qorunub saxlanılmalıdır”.

MEDİA BİZƏ BÖYÜK KÖMƏKLİK EDİR

  1. Məmmədov bildirib ki, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunda 6 əməkdaş fəaliyyət göstərir. Sektor tərəfindən mütəmadi olaraq KİV-lərə idarənin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumatlar verilir. İdarə tərəfindən təşkil olunan bütün tədbir və mətbuat konfranslarına ölkədə fəaliyyət göstərən KİV nümayəndələri dəvət olunur: “İşimiz təkcə məlumatın ictimaiyyətə ötürülməsi ilə bitmir. KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılır, paytaxtda fəaliyyət göstərən təhsil müəssisələrinə mediaturlar təşkil olunur, sektora həvalə edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr yerinə yetirilir. İdarənin bütün məlumatlarını KİV-lə yanaşı sosial şəbəkələr vasitəsilə yeni məlumatları, idarənin fəaliyyətini, həyata keçirdiyi layihələri ictimaiyyətə çatdırılır. Bu gün sosial şəbəkələrdən istifadə edən insanların sayı həddən ziyadə çoxdu. Sosial media operativlik baxımından bir çox hallarda ənənəvi median üstələyir. İnsanların böyük əksəriyyəti də xəbərləri sözügedən şəbəkələrdən əldə edirlər. Bütün bunları nəzərə alaraq idarənin bütün məlumatları sosial şəbəkələrdə yerləşdirilir. Obrazlı desək, bizim işimizdə gün bitir, amma iş bitmir. Bəzən elə olur ki, iş saatı bitdikdən sonra paytaxt məktəblərində hər hansı bir gözlənilməz hadisə baş verir. Media və ya ictimaiyyət məsələylə bağlı rəsmi açıqlama gözləyir. Bu halda dərhal ictimaiyyətə doğru məlumatı təqdim etmək əlavə şayiə və dezinformasiyaların yayılmasının qarşısını alır. Bu baxımdan peşəkar medianın rolu əvəzsizdir. Nə yaxşı ki, bu gün ictimaiyyətin inandığı, etibar etdiyi peşəkar media orqanları var”.

HARDAN HARA, BURDAN HARA

B.Məmmədovun sözlərinə əsasən, o BDU-nun tarix fakültəsini bitirib, ixtisasça tarixçidir: “Taledən, qismətdən, bu sahəyə olan böyük maraqdan jurnalistika sahəsində çalışmışam, bu gün də media ilə əlaqəli çalışıram. Həyatda nəyinsə təsadüf olduğuna heç vaxt inanmamışam. Mənim orta məktəb illərindən qəzet oxumağa, mətbuatı davamlı izləməyə böyük marağım var idi. Mən o dövrdə nəşr olunan “Azərbaycan”, “Aydınlıq”, “Xalq qəzeti”, “Yaddaş” və digər bütün qəzetləri demək olar ki, hamısını alır və böyük maraqla oxuyurdum. Birinci səhifəsindən sonuncu səhifəsinə kimi. Oxuduqdan sonra da onları saxlayırdım. Bu gün də bizim rayondakı evimizdə mənim orta məktəb illərində oxuduğum bütün qəzetlər qalır. Rayona gedən zaman vaxt olanda mən o qəzetləri yenidən vərəqləyir, bəzi qəzetlərin kənarlarında apardığım qeydlərə nəzər salıram. Mən jurnalist kimi fəaliyyətə başlayan zaman o dövrdə oxuduqlarımın mənə çox köməyi oldu. Yəni məlumatın necə yazılması, yazının necə işlənilməsi mexanizmini oxuduqlarımdan öyrənmişdim. Sanki praktik olaraq bu yolu keçmişdim. Bu sahəni seçmək baxımından peşmançılıq məndə heç vaxt olmayıb. Əksinə bu sahəni sevmişəm. Bir şeyi də qeyd edim ki, qismətdən həmişə qarşıma yaxşı insanlar çıxıb. Bu səbəbdən də peşmançılığı rəvac verən səbəblər, pessimistik, ruhdan düşmək kimi nüanslar olmayıb. Əslində xaraktercə də çox optimist insanam. Özünə inanan, pozitiv və hadisələrə real baxmağı bacaran biriyəm. Mən düşünürəm ki, hadisələrə münasibətdə, insanlarla münasibətdə ədalətli baxış çox mühümdür. Səhv özündədirsə, onu görməyi və etiraf etməyi bacarmalısan. Heç olmasa səhvini özünə etiraf elə ki, təkrar etməyəsən. Əgər öz səhvini görməsən, həmişə ittihamçı tərəf kimi çıxış etsən, nəinki səhvindən, sonunda həyatdan da heç bir nəticə çıxara bilməyəcəksən. Şükürlər olsun ki, real düşünə bilən, ədaləti görən, səhvləri bağışlaya bilən, istiqamət verməyi bacaran insanlar həyatda kifayət qədərdir. Mən inanıram ki, cəmiyyətdə belə insanların sayı artdıqca, xeyirxah əməllər davam etdiyi müddətcə hamının həyatı öz axarı ilə gedəcək. Hər şey daha da yaxşı olacaq. Mən buna əminəm. Hələ uğurlar qarşıdadır və daha yaxşı günlər, işlər bizi gözləyir. Ona görə nədənsə qorxan, pessimist insanları tam anlaya bilmirəm. Yaxın ətrafıma da həmişə tövsiyəm odur ki, inamlı olun, problemlərdən, qarşınızdakı maneələrdən qorxmayın və xeyirxah olmağa çalışın. Müəllifini unutduğum yaxşı bir deyim var: “Bütün gözəl şeylər qorxunun o üzündədir”. Hər kəsə həmin “o üzü” görməyi arzulayıram”.