https://www.zirve.edu.az/
10.02.2020 15:30
“Bir dəstə gənc məni qırağa çəkib, qoçulandı ki, dərsə qatlanmış dəftərlə gəl, yoxsa..”-Aqşin Yenisey “
Çap et

“Məktəb xalqın uşaqlığı, universitet gəncliyi, akademiya qocalığıdır. Məktəb necədirsə, cəmiyyətdə o gündə olacaq”.

Bu sözləri AzEdu.az-ınTəhsil resepti” rubrikasının qonağı  şair Aqşin Yenisey deyib.

Rubrika çərçivəsində respublikanın tanınan ictimai-siyasi şəxsləri, incəsənət və maarif xadimləri, media təmsilçiləri Azərbaycan təhsilinin gələcək inkişafı üçün öz “resept”lərini təqdim edirlər.

Budəfəki müsahibimiz şair Aqşin Yeniseydir.

O, əvvəlcə bir ədəbiyyat adamı kimi şagird və tələbələrdə mütaliə mədəniyyətinin formalaşması üçün bəzi tövsiyə və təkliflərini qeyd edir:

“Adətən, mütaliəyə “mənəvi qida” deyirlər. Nə qədər uyğun metafor olduğunu dəqiq deyə bilməsəm də, əmin olduğum bir şey var: fiziki aclıqdan fərqli olaraq insan mənəvi aclığı özü-özündə yaratmalıdır. Yəni, mütaliə insanın özünün  yaratdığı estetik ehtiyacdır. Buna görə də illərlə məşq etmək, oxumaq,  nəticə çıxarmaq, sonra öz həyatına tətbiq etməyə çalışmaq lazımdır.

İnsan cəmiyyətə təkcə evdən yox, həm də kitabdan gəlməlidir. Cəmiyyətimiz daha çox  evdən çıxıb gələnlərlə dolu olduğu üçün eybəcərdir. Özündə mənəvi aclıq yaratmaq və bunu estetik gözəlliklərlə doyurmaq istəyən gənclərimizə isə ancaq bir yol göstərə bilərəm:Özünüzü oxumağa məcbur edin”.

Bir çox insanlar savadın dərsdə alınan qiymətlə və diplomda yazılan rəqəmlə bağlı olmadığını düşünürlər. Aqşin Yenisey bu məsələ ilə bağlı qənaəti də maraqlıdır:

“Sovet təhsil sistemində “5” qiyməti  və diploma verilən dəyər o qədər şişirdilmişdi ki, şagird və tələbələrin, həm də valideyn və  müəllimlərin təhsil əxlaqını korlamışdı. Biz hələdə bu sistemin vurduğu yaraların əziyyətini çəkirik. “5” və ya “qırmızı diplom” almaq üçün insanlarımızın çıxmadığı hoqqa, etmədiyi tərbiyəsizlik qalmamışdı. Qısa müddətdə cəmiyət gündəliyi “5”lə dolu, “qırmızı diplomlu” insanlar ilə doldu.

Müasir təhsil sistemlərində uğuru təmin etmək üçün təhsildə elmi məlumatlarla yanaşı, öyrənənin dünyagörüşünə də diqqət yetirilir. Məsələn, Sinqapurt əhsili ABŞ alimi Hovard Hardnerin yaratdığı “Hardner modeli”ni əsas götürür. Bu təhsil modelində məqsəd şagirdin, tələbənin, magistrın intellektual potensialını maksimum istifadə etmək deyil, onu potensialının fövqünə çıxarmağı hədəfləyir. Yəni, məktəb şagirdin bütün zəka növləri ilə işləyir, məntiqdən tutmuş yaradıcı zəkasına kimi...  Bizdə isə savadlı adamlar daha çox məktəbdən, universitetdən kənar mühitlərdə yetişirlər.

Bilik, unudulan şeydi, təkrar tələb edir. Savad –yaddaşa çevrilən bilikdir. Əgər bir bilik yaddaşa çevrilməyibsə, onun cəmiyyətə faydasından çox ziyanı dəyir”.

O, məktəb və universitet illərində qarşılaşdığı bir neçə məqamı da oxuculara çatdırır:

“O illərdə çox mənfi hallar yaşanıb. Ən mənfisi də çoxluğun oxuyan tək-tük yoldaşlarına paxıllıq etməsi, onları gözdən salmaq üçün bir çox işlər görməsi idi.

Universitetin ilk günlərində auditoriyaya içi kitab dolu çanta ilə girirdim. Doxsan nəfərlik auditoriya məni və çantamı “fitə”basırdı. Axırda bir dəstə oğlan məni bir qırağa çəkib qoçulandı ki, heç kimdən artıq deyilsən, sabahdan iki dənə dəftərini iki qatla qoy arxa tərəfdən şalvarının belinə. Hamı necə, səndə elə... Elə etmə ki, səni bıçaqlayaq. Qorxumdan 6 illik universitet həyatımı iki dəftərlə yola verdim. Demək istədiyim odur ki, məktəb xalqın uşaqlığı, universitet gəncliyi, akademiya qocalığıdır. Məktəb necədirsə, cəmiyyətdə o cür olacaq”.

Aqşin Yenisey hazırda Türkiyədə yaşasa da, tələbələrlə  çox görüşlər keçirib. Onlarda müşahidə etdiyi bir sıra mənfi xüsusiyyətlərin dəyişməsini arzulayır:

“Gənclərə  təhsil sisteminə arxayın olmamağı, indidən gələcəkdə pul qazana biləcəkləri, heç kimdən asılı olmayacaqları günlərin xatirinə özlərini bir ixtisasa, bir peşəyə fokuslamağı, bundan ötrü öz üzərlərində işləməyi məsləhət görərdim. Yazılarımda da həmişə bu mövzuya diqqət edirəm. Gənclərimizin, xalqımızın dünyadan xəbəri yoxdur. Magellan kimi dünyaya açılmaq lazımdır. Problemlərimizin çoxu dünyadan təcrid olunmuş düşüncələrlə yaşamağımızdadır. Elm adamları yaxın 20 ildə 50-yə yaxın ixtisasın yox olacağını, onların yerini yeni istisasların tutacağını yazırlar. Gənclərimiz keçmişin yox, gələcəyin adamı olmağı bacarmalıdırlar. Mütləq dünya universitetlərinə can atmaq lazımdır. Texnologiyalar dövrü sürətlə öz bazarını yaradır. Hədəf o bazarda iştirak olmalıdır. Bu gün Hindistan texnologiyalar dünyasında böyük pay sahibidir. Niyə? Çünki ABŞ, Avropa universitetlərində oxuyan tələbələri ölkəyə işləməyə dəvət ediblər. Bizimkilər oxumağa gedir, “itkin düşür”. Sanki, savadlı adam bu xalqın ögey övladıdır. Amma bu, gənclərimizi ruhdan salmamalıdır, eybi yoxdur, getsinlər oxusunlar və dünyada itkin düşsünlər”.

Müsahibimiz orta məktəb müəllimləri barəsində də danışaraq, onlara dünyagörüşlərinin  daha da inkişafı üçün bəzi qeydlərini edir: 

“Özümü müəllimlərə tövsiyə verəcək səlahiyyətdə görmürəm. Amma hər bir müəllim müasir təhsil proqramlarından xəbərdar olmalı və bacardıqca bunu Azərbaycan məktəblərinədə tətbiq etməlidir. Müəllim böyük qüvvədir. Müəllimini fədakar görməyən şagirddə heç vaxt belə bir duyğu formalaşmaz. Müəllimi fədakar olmayan cəmiyyət cəsur insan yetişdirə bilməz.  Amerikalı təlimçi Piter Senqen məktəbi “öyrənən mafiyalar” adlandırır. Bu qədər sərt bir yanaşma. Fədakarlıq “mafiya” anlayışının ilk qanunudur. Müəllim fədakar olmasa, onun məktəbindən, “mafiyası”ndan ancaq xoruz döyüşdürən tiplər çıxar. Ümumiyyətlə, tək müəllimlər yox, ölkəsinin gələcəyini, həm də azad gələcəyini düşünən hər kəs özündən nəsə etməlidir. Təəssüf ki, cəmiyətimizin böyük bir qismi meşşan azlığın həyatını özünə örnək və hədəf götürür. Bu düşüncədən Fatıya tuman olmaz!”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları