https://www.zirve.edu.az/
04.02.2020 10:54
Ağdamda modul tipli məktəb istifadəyə verilib

Ağdam rayon Təzəkənd tam orta məktəbi üçün quraşdırılan modul tipli bina istifadəyə verilib.

AzEdu.az xəbər verir ki, məktəbin direktoru Soltan Abbasov məktəb haqqında məlumat verərək bildirib ki, Təzəkənd kənd tam orta məktəbinin 1987-ci ildə inşa edilən binası 1993-cü ildə Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində dağıdılıb. Onun sözlərinə görə, məktəb binası 2003-cü ildə bərpa edilsə də, 2016-cı ilin Aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşmüşdü. Məktəb üçün modul tipli binanın qurularaq istifadəyə verilməsi valideynlərin, müəllimlərin və şagirdlərin razılığı ilə qarşılanıb.

Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. M.Mustafayev modul tipli məktəblərin üstünlüyünü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılması ilə izahlayıb.

Qeyd edək ki, modul tipli məktəblərin tikintisində, əsasən yerli istehsal məhsullarından istifadə edilir.

Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova respublikanın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, yeni məktəblərin tikintisindən,  təmirindən və yenidən qurululmasından danışaraq, bunu təhsilə göstərilən dövlət qayğısının nəticəsi adlandırıb.

Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Səksən şagird yerlik məktəb 8 sinif otağı, müəllimlər və direktor otaqları, sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib, nəzarət kamerası quraşdırılıb. Həyətində su çəni qoyulub, çirkab su anbarı tikilib, abadlıq işləri aparılıb.