https://www.zirve.edu.az/
31.01.2020 09:22
Rəsulzadənin müəllimliyi, təhsil islahatları və gizli bacarığı – Anım günü  

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi, ictimai-siyasi xadim Məhəmmədəmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümüdür. 

AzEdu.az öz  formatına uyğun olaraq, Rəsulzadənin təhsil həyatını qismən də olsa işıqlandırmağa çalışacaq. 

Bu məqsədlə də iki faktı təqdim edirik: biri, Rəsulzadənin Bakı Real gimnaziyasından sonrakı dönəminə təsadüf edir. 

Təqdim edəcəyimiz fakt Rəsulzadənin bəlkə də gizli qalan tərəfi -  onun şairlik qabiliyyətidir.

M/Rəsulzadə irsini, həyat və yaradıcılığını mükəmməl şəkildə araşdıran tarix elmləri doktoru Nəsiman Yaqublu özünün “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” əsərində onun gənclik illərində yazdığı bir neçə şeiri təqdim edəcək. 

 “Qara pul”. “İrşad” qəzeti, N8, 16 fevral 1906-cı il. Bu şeiri də M.Ə.Rəsulzadə 22 yaşında yazıb. Bu şeirdə pul, pulun mahiyyəti, cəmiyyətdə oynadığı mühüm rol haqqında danışılır. 22 misradan ibarət olan bu şeir aşağıdakı misralarla başlayır: 

Ey olan hökmü-rəvan, hakimə hörmət, qara pul! 

Vey qılan piri cavan, bikəsə izzət, qara pul! 

Sən deyilsənmi açan cənnəti-əla qapısın?! 

Sən deyilsənmi verən naridə (cəhənnəmdə) zəhmət, qara pul?! 

“Həsbi-hal (söhbət, ürəyini boşaltma)”. “Füyuzat” jurnalı, N30, 12 oktyabr 1907-ci il).  

M.Ə.Rəsulzadə bu şeirini “Məhəmməd Əmin” imzası ilə nəşr etdirib. Şeirin əvvəlində qeyd edir: “Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib düşündüyüm zaman” sakitləşmək, dərdi azaltmaq məqsədi ilə bu şeiri yazdım. Yeddi bənddən ibarət olan şeirdə aşağıdakı maraqlı fikirlər vardır: 

Qaranlıqdır bana dünya, 

Bütün dünyavümafiha (dünya və onun içindəkilər), 

Diyorlar cümləsi guya: 

Çəkil bir yanə, sakitləş! 

Təhəmmül, səbr mümkünmü?! 

Həyatə cəbr mümkünmü?! 

Zəvali-qəhr mümkünmü?! 

Çəkil bir yanə, sakitləş! 

Təsəvvürati-əhraranə” (“Azadlıq təsəvvürləri”). Füyuzat” jurnalı, N32, 24 oktyabr, 1907-ci il). 

Yeddi bənddən (altı misralıq bənd), 63 misradan ibarət olan bu şeiriM.Ə.Rəsulzadə dünyadakı haqsızlığa, həqiqətin olmadığına, zülmün çoxluğuna həsr edib. Şeir bu misralarla başlayır: 

Görüncə ixtilafı bən cahanda, 

Həqiqət yox təsavi (bərabərlik) bu zamanda. 

Bütün ərbabi-zümü kəhkəşanda, 

Fəqiri daima iczüfəqanda, 

Olub aludeyi vəhmi təfəkkür, 

Bu yolda eylərəm bir çox təsəvvür

Cümhuriyyət qurulan zaman öncə təhsilə çox ciddi diqqət yetirilməyə, böyük islahatlar aparılmağa başlandı. Birinci islahat ondan ibarətdir ki, uşaqlara vətən tariximiz haqqında dərslər keçməyə başladılar. Uzun müddət idi ki, Çar Rusiyasının tərkibində yaşamışdıq, məktəblərdə də elə onların öz tarixi tədris olunurdu. İlk dəfə olaraq şagirdlərimiz, balalarımız Cavad xanın, Gəncə üsyanının adını eşitdilər. Azərbaycanın böyük mədəniyyət və siyasət tarixini keçməyə Şah İsmayılın adını eşitməyə başladılar. Bunlar çox ciddi məsələlərdi.

 

Təhsil islahatları

İndi keçək Rəsulzadənin təhsillə bağlı önəmli görüşlərinə...

AXC dövründə yaranan Bakı Dövlət Universiteti o zaman üç fakültə ilə fəaliyyət göstərirdi. Fakültələrin birində Osmanlı ədəbiyyatını Rəsulzadənin özü tədris edirdi. Universitetdə təxminən 1000-ə qədər adam təhsil alırdı.

Bir ildən sonra məhz onun xeyir-duası  ilə  100-dən çox tələbə xaricə oxumağa göndərildi. Həmçinin, Azərbaycana Türkiyədən dərs demək üçün müəllimlər dəvət edildi. Türkiyədən gələn müəyyən sayda müəllimlərin əsas məqsədi milli ruhda dərs demək idi. Onlardan bəziləri Cümhuriyyət devriləndən sonra da, təxminən, 1930-cu illərə qədər Bakıda qaldı. Bir neçəsi də həmin illərdə repressiyaya uğradı. Bu istiqamətdə də xeyli işlər görüldü. 

Rəsulzadənin ən son təhsil islahatı isə dərsliklərin yazılması oldu. Firudin bəy Köçərli, Abdulla Şaiq, Abbas Səhhət kimi maarifçilər ana dilində dərsliklər yazıb ortalığa qoydular.

 

Daha bir maraqlı fakt – Gəncliyə xitab

Məhəmməd Əmin Rəsulzadənin gəncliyə xitabı:

 

“Ey Gənclik! Ey Türk gəncliyi!”

Sənin öhdəndə böyük bir vəzifə var!

Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz!

Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”

 

Sonradan böyük Atatürk də buna bənzər bir  müraciət hazırladı ki, Türkiyədə hamı o müraciətdən xəbərdardı. İndi isə keçək başqa sənədə”¦Cümhuriyyət tələbələrinin andına. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 tələbəsi haqqında araşdırmaçılar Ədalət Tahirzadə və Teyyub Qurbanın lazımı monoqrafiyaları var. İnanırıq ki, Cümhuriyyət tələbələri bundan sonra da araşdırılacaq, barələrində kitablar, məqalələr yazılacaq. İndi isə Cümhuriyyət tələbələrinin andını təqdim edək:

AXC tələbələrinin andı

"Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".