Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 11:12:00
Yeni təhsil proqramı üzrə hazırlıq kurslarına qeydiyyat aparılır

Dövlət İmtahan Mərkəzində (DİM) fənn kurikulumları əsasında tarix, fizika, biologiya və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair aprelin 15-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat aparılır.

AzEdu.az xəbər verir ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.

Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Qeydiyyat aprelin 14-ü saat 23:59-dək aparılır.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.

Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.