Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 17:59:00
Uzun Həsən Padşah – bəylikdən imperatorluğa kimi

 

Oğuzların Bayandur boyundan olan uca boylu, yaraşıqlı, xoşsöhbət, mahir sərkərdə Ağqoyunlu Həsən Padşah 1423-cü ildə Diyarbəkirdə (indiki Türkiyə ərazisində) anadan olmuşdur. Atası Ağqoyunlu Qara Yuluk Osman bəyin oğlu Əli bəy, anası isə Azərbaycanımızın ilk diplomat qadını Sara Xatun idi.

 Yaxşı təhsil görmüş balaca Həsən ilk dəfə on bir yaşında Diyarbəkirin mühafizəsi üçün atasının yerinə görəvləndirilmişdir. Atası öləndən sonra hakimiyyət əmisi Həmzə bəyə, ondan sonra qardaşı Cahangir Mirzəyə keçdi. Ağqoyunlu əyanları arasında böyük nüfuza sahib olan Həsən bəy bundan istifadə edərək hakimiyyəti qardaşından almağa çalışır. Mənbələrin verdiyi məlumata görə, 1452-ci ildə o, köhnə paltar geyərək 40 nəfər nökəri ilə birlikdə Diyarbəkir şəhərinin mühafizəçilərini aldadıb şəhərə daxil olmuş və taxtı ələ keçirmişdir. Bu hadisə ilə razılaşmayan Cahangir Mirzə ona qarşı savaş açanda Həsən bəy qardaşına məktub yazaraq ikisinin də eyni anadan-atadan olmasını, nahaq qan tökülməsinin gərəksiz olduğunu bildirmiş, Cahangir Mirzə də bundan sonra öz oğlunu qardaşının xidmətinə göndərərək hakimiyyət iddialarından uzaqlaşmışdır.

Azərbaycan torpaqlarını birləşdirmək uğrunda ilk addım olaraq Qaraqoyunlu Cahanşahla mübarizə Uzun Həsənin qələbəsi ilə nəticələndi. 1468-ci ildə Təbrizə daxil olan Ağqoyunlu padşahı Qaraqoyunlular dövlətinə son qoyaraq böyük bir imperiyanın əsasını qoydu. Bu imperiyanın ömrü uzun olmasa da, o, Azərbaycan, eləcə də Anadolu bölgəsi, İran və İraq ərazisində böyük nüfuza malik olmuş, qeyd olunan ərazilərin istər siyasi, istər mədəni, istərsə də iqtisadi tarixində silinməz izlər qoymuşdur. Dövrün tarixçisi Həsən bəy Rumlu Uzun Həsənin Qara dəniz sahilinə qədər irəlilədiyini yazaraq qeyd edir ki, o elə yerlərə gedib çatmışdı ki, islam əhlindən hələ heç kəs oralara gedib çatmamışdı.

 Indi növbəti addım Teymurilərin ayağını bu torpaqlardan kəsmək idi. Uzun Həsən bunu Səfəvi şeyxi Heydər və Şirvanşah Fərrux Yassarla yaratdığı ittifaq əsasında reallaşdıra bildi. Xalqına hörmət və sevgi bəsləyən Uzun Həsən öncə təsirli məzmunda bir məktubla Şirvanşaha müraciət edərək ondan Əbu Səidə kömək etməklə yerli əhalinin qırğınlarına, talan olunmasına yolverməməsini xahiş etmişdi. Fərrux Yəssar onun bu müraciətinə müsbət cavab verərək Teymuri qoşunlarına yardım etməkdən boyun qaçırdı.1469-du cu ildə birləşmiş qüvvələr Mahmudabad yaxınlığındakı döyüşdə Əbu Səidin qoşunlarını məhv etdilər. Uzun Həsənin oğlu şahzadə Zeynal bəy tərəfindən yaxalanan Əbu Səid edam edildi.

 Uzun Həsən düşmənləri ilə kişi kimi döyüşür, onları məğlub etdikdən sonra, lazım gələndə, düşməninə qarşı ehtiramla davranırdı. Belə ki, Əbu Səidi öldürdükdən sonra onun cəsədini anasına verərək öz ata-baba torpağında dəfn olunması üçün yola salır. Qızılağacda Talış camaatının onları qarət etməsi, cəsədin isə çölə tullanması xəbərini eşidən kimi dərhal öz əmirini göndərərək mərhum sultanın nəşinin Xorasana çatdırılmasını tapşırır. Bundan başqa Uzun Həsənin Qaraqoyunluları məğlub etdikdən sonra Təbrizə daxil olarkən mərhum Cahanşahın və onun oğlanlarının qəbrini ziyarət etməsi barədə də mənbələrdə məlumatlar vardır.

Bütün Azərbaycan torpaqlarını birləşdirdikdən sonra  onun əsas qayəsinin kafirlərin torpaqlarına hücum etmək olduğunu duyan Avropa elçiləri-casusları Uzun Həsəni Qərbə - Osmanlı imperiyasına qarşı yönəltməyə çalışırdılar. 1453-cü ildə hər iki türk dövlətində böyük tarixi hadisələrin yazılması-Ağqoyunlu dövlətinin yaranması və Sultan Mehmetin Konstantinopolu işğal etməsi xristian ölkələri arasında böyük qorxuya səbəb olmuşdur. Uzun illər kəşfiyyatçı-səyyah qrupların gediş-gəlişi və diplomatik danışıqların “bəhrəsi” olaraq nəhayət ki, 1473-cü ildə Otluqbeli adlanan yerdə Ağqoyunlu-Osmanlı ordusu arasında qanlı döyüş baş verdi. Bu döyüşdə Uzun Həsən ağır məğlubiyyətə düçar oldu. Əslində o, bu müharibəyə yaxşı hazırlıq görmüşdü, lakin onu yanıldan müttəfiqlərinin silah gətirmək vədi idi. 1473-cü ilin fevralında Venesiya gəmisi ilə 16 top və 1000 tüfəng gətirilsə də, Uzun Həsənin əlinə yetişmədi. Bu məğlubiyyətdən sonra o, bir daha Osmanlılarla savaşdan söz açmadı.

 Uzun Həsən orta əsrlərin digər hökmdarlarından fərqli olaraq öz doğma dili olan türkcəyə böyük hörmət və sayqı ilə yanaşırdı. O, sarayda keçirdiyi məclislərdə Qurani-Kərimi türk dilinə tərcümə etdirərək oxutdururdu. 1470-ci ildə elçiliklə Təbrizə gələn ərəb tarixçisi ibn Eca Həsən Padşahın Təbriz, Şiraz və Səmərqənd alimlərini bir araya toplayıb söhbət etməsinin şahidi olmuş, bu toplantıda Buxaridən hədislərinin türkcəyə çevrilərək oxunduğunu yazmışdır. Uzun Həsənin elmə, təhsilə dəyər verməsi onun sarayında 58 nəfər işçidən ibarət böyük bir kitabxanasının olmasından da bəlli olurdu. Onun elm adamlarını himayə etməsi ölkənin hər yerindən alimlərin, tarixçilərin sarayda toplaşmasına səbəb olmuşdu. XV əsr islam filosofu, alim Cəlaləddin Dəvani “Əxlaqi-Cəlali” və “Farisi-Ərznamə” əsərlərini Uzun Həsənə ithaf etmiş, Əbu Bəkr Tehrani isə “Kitabi-Diyarbəkriyyə” adlı tarixi əsərini onun sifarişi ilə yazmışdı.

Uzun Həsən islam elminə söykənən fiqhi, yəni hüququ yaxşı bilirdi. O, ölkədə gedən məmur özbaşınalığının qarşısını almaq, əvvəlki hökmdarlardan qalan saysız-hesabsız vergi növlərini tərtibə salmaq, nizam-intizam yaratmaq məqsədilə qanunlar toplusu hazırlamışdı. Bu qanunlar uzun müddət Azərbaycan, İran, hətta Osmanlı ərazisində də qüvvədə olmuşdu.

Venesiyalı elçi Katerino Zeno Həsən Padşahın sarayında olmuş, onu yaxından görmüşdür. Elçi şahidi olduğu Ağqoyunlu ordusunu belə tərif edirdi: “Onun əsgərlərinin sayı 100 min süvari, bu süvarilərin və atların bir bölümü italyanlar tərzində silahlanmışdı. Onlardan bəziləri vücudlarını hər cür zərbədən qoruyan qalın və sağlam dərilərlə örtmüş, bəziləri də bədənlərini incə ipəkli kumaşlarla olduqca qalın bir şəkildə sarmışdılar. Buna ox işləmirdi.”Onun ordusunda doxsan səkkiz nəfərdən ibarət sazəndə qrupu vardı ki, döyüş qabağı əsgərləri öz ifaları ilə ruhlandırırdılar.

Nikah diplomatiyasından uğurla istifadə edən Uzun Həsən bu yolla ətrafında olan türk tayfaları ilə birlik, bağlılıq yaratmağa çalışırdı. O, ilk dəfə on beş yaşında olanda əmisi Kor Məhəmmədin qızı Səlcuqşah Bəyimlə evlənərək əmisindən böyük dəstək almış, Ağqoyunlu bəyləri arasında nüfuza yiyələnmişdir. Savadlı, tədbirli Səlcuqşah Bəyim siyasi işlərdə ərinə təsir göstərmiş, onun ölümündən sonra isə oğlanları Sultan Xəlilin, sonra da Sultan Yaqubun hakimiyyətə gəlməsində bilavasitə iştirak etmişdir.

 Trabzon kralı IV İohann Komne Osmanlı imperatoruna qarşı ittifaqda birləşmək üçün xəbər göndərəndə, Uzun Həsən də ona gözəlliyi ilə məşhur olan qızı Teodoranı verməyi təklif edir. 1457-ci ildə prinses öz adamları ilə birlikdə Ağqoyunlu sarayına gəlin gəlir. Ona Dəspinə Xatun adı verilsə də, heç vaxt öz dinindən dönmür, xristian olaraq qalır. O, padşahı (Uzun Həsəni) Osmanlı Sultanı Mehmet Fatehlə müharibəyə sövq etmək üçün xristianlardan tapşırıqlar alırdı. Onun bacısının əri - Venesiya elçisi Katerina Zeno da məhz bu məqsədlə Ağqoyunlu sarayına göndərilmişdi. Dəspinə Xatunla evlilikdən Uzun Həsənin iki oğlu – Maqsud Mirzə və Məsih, bir qızı Aləmşah bəyim olmuşdur. O, qızını Ərdəbilli Şeyx Heydərə ərə verməklə, Səfəvi xanədanlığı ilə də münasibətlərini möhkəmləndirmişdi. Onların nikahından da gələcəkdə Səfəvilər dövlətinin əsasını quracaq Şah İsmayıl Xətai kimi tarixi şəxsiyyət dünyaya gəlmişdir.

Ağqoyunlular dövlətinin tədqiqatçısı Çikaqo Universitetinin professoru şərqşünas alim Johne E. Woods Uzun Həsənin, ümumiyyətlə Bayandurlu nəslinin şəcərə cədvəlini çox dəqiq tərtib etmişdir. O, Həsən Padşahın Anadolu bəylərindən Əyil hakimi Dövlətşah bəyin qızı Can Bəyim və Ömər Zaraki bəyin qızı Tarcil Bəyim ilə də evlənməsi və bu evliliklərdən - birincidən Uğurlu Məhəmmədin, ikincidən isə Mirzə Məhəmməd Bakir bəyin doğulması barədə məlumatları öz kitabında vermişdir.

 Uzun Həsənin şəxsi keyfiyyətlərindən bəhs edərkən onun xalqına qarşı ədalətliliyindən və elm adamlarına göstərdiyi qayğıkeşliliyindən də danışmaq yerinə düşərdi. Həsən bəy Rumlu yazır ki, “ [o] İsfahanda hər çərşənbə günü evin qarşısında qurulmuş səltənət taxtında əyləşib camaatı qəbul edir, şikayətçilər o gün öz ehtiyaclarını ərz edir, öz məqsədlərini hasil edir, öz mətləblərinin vüsalına yetirdilər.”

 Bununla belə, Uzun Həsən həm də çox qürurlu və məğrur bir sərkərdə idi. O öz qələbələri ilə fəxr hissi duyaraq bunu açıq-aşkar dilə gətirirdi. Qaraqoyunlu hökmdarı Cahanşahın məğlubiyyətindən sonra Uzun Həsən Osmanlı sultanına göndərdiyi Fəthnamədə özünü Əmir Teymurla müqayisə edərək özünün daha şərəfli bir boydan gəldiyini, Teymurun isə adi bir kuyumçunun oğlu olmasını, bundan başqa yenilməzlik simvolu olan Əlincə qalasının Teymur tərəfindən on yeddi dəfə həmlə edilsə də, ala bilməməsini, bir Ağqoyunlu sərkərdəsinin isə o qalanı bir gündə təslim etməsini, onun ərazisinin Osmanlı imperiyasından geniş olmasını çox böyük məğrurluqla sadalamışdır.

Təəssüf ki, Uzun Həsən 1476-cı ildə Gürcüstana etdiyi dördüncü səfərdən sonra böyük qənimətlə geri dönsə də, ağır xəstəliyə düçar olur. 1478-ci ildə Ramazan bayramında əlli beş yaşında vəfat edir. Öləndə baş xanımı Səlcuqşah Bəyim onun yanında idi. Mərhum padşahı Nəsriyyə bağçasında dəfn edirlər.

Sözün həqiqi mənasında bu böyük şəxsiyyətdən bizə qalan xatirə qəhrəmanlıq, dürüstlük, ədalətlilik simvolu olan adı - Ağqoyunlu hökmdarı Uzun Həsən Padşah və Təbriz şəhərində tikdirdiyi, Şərqdə ən böyük örtülü bazar olmuş Qeysəriyyə bazarı, eləcə də Nəsriyyə kompleksi-mədrəsəsi, həmçinin Türkiyənin Diyarbəkir, Elazığ, Ərzincan, Bayburt, Ərzrum və Tunceli şəhərlərində inşa etdirdiyi bir sıra hamamlar, körpülər, məscidlər, olmuşdur.

Hazırda dünyanın bir çox muzeylərində, eləcə də Türkiyə Cümhuriyyətinin Topqapı Sarayında, Əsgəriyyə Muzeyində Ağqoyunlular dövlətinə aid döyüş silahları, geyimlər, dəbilqələr, dövlət bayrağı, sikkələr, əlyazmalar, məktublar qorunub saxlanmaqdadır.

 

Günay Həsənova

 İçərişəhər Tarix-Memarlıq Qoruq İdarəsinin

 “İçərişəhər” Muzey Mərkəzinin baş mütəxəssisi

Tarix üzrə fəlsəfə doktoru