Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 15:19:00
Bu şagirdlərin sinifdəki davranışları hər kəsi təsirləndirir-“Dostumun çantasını mən yığdım”-FOTOLAR

Hazırda Azərbaycanda 60 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var. Onlardan yalnız 12 mini təhsilə cəlb olunub, o cümlədən, 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv təhsil alır.

Azərbaycanda "İnklüziv təhsil” layihəsinin icrasına 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə” inkişaf proqramı təsdiq edilib.

İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönələn yanaşmaların formalaşdırılmasına çalışır.

İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.

Azərbaycanda inklüziv təhsilin ilk tətbiq edildiyi təhsil müəssisələrindən biri də 138 nömrəli tam orta məktəbdir.

Azedu.az  adıçəkilən məktəbdən hazırladığı reportajı təqdim edir:

 

Bizi ilk olaraq məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Mirfaiq Mirheydərli qarşılayır.

Öncə inklüziv təhsilin məktəblərində tətbiq olunması tarixi haqqında  danışır:

 

“İnklüziv təhsil məktəbimizdə 5-ci ildir, tətbiq olunur. Təhsil Nazirliyinin müvafiq əmri ilə inklüziv təhsil ölkəmizdə tətbiq olunub. Bununla əlaqədar biz Təhsil Nazirliyində alman mütəxəssislərin iştirakı ilə təlimlərdə oluq. Ardınca isə Almaniyada bir həftəlik təlim keçdik.Burada məsələnin həm nəzəri, həm də praktiki tərəflərini bizə aşıladılar. Almaniyada inklüziv təhsilin tətbiq edildiyi məktəbdə olduq və dərs proseslərini müşahidə etdik. Burada sağlamlıq imkanları məhdud uşaqlarla işləmək üçün xüsusi pedaqoqlarla tanış olduq. Sonra isə almanların nümayəndə heyəti bizim məktəbdə oldu. Onlar hər sinifdə iki uşaq olmaqla iki sinif üçün uşaqlar seçdilər.

Almaniyadan olan nümayəndələrin, UNİCEF-in, Təhsil Nazirliyinin bizə böyük dəstəyi oldu. Anar Xəlilov bu məsələlərin həyata keçirilməsində böyük səy göstərdi. Bizi tək qoymayan hamıya təşəkkürümü bildirirəm”.

Məktəb direktoru inklüziv təhsilin tətbiqinin çətinliklərini də qeyd edir:

 

“Birinci il çox çətinliklə inklüziv təhsili tətbiq etdik. Bu işdə Bakı Şəhər Təhsil İdarəsi bizə yaxından köməklik etdi. Bu gün bizdə 5-ci siniflər də daxil olmaqla  10 sinifdə inklüziv təhsil tətbiq olunur. Bu istiqamətdə təhsil alan şagirdlərin sayı 20-dir. Müəllimlərimizin hamısı bu uşaqlara xüsusi qayğı ilə yanaşırlar.Valideynlər də bilirlər ki, onların uşaqları sağlamlıq imkanları məhdud olanlarla bir sinifdə təhsil alırlar.

Burada əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqların vəhdətini təşkil etmək  və onların dərs prosesinə birgə cəlb olunmasını təmin etməkdir. Sağlamlıq imkanları məhdud uşaqların sosial həyata cəlb olunması üçün məktəb mərhələsi çox önəmlidir.

Hazırda sağlamlıq imkanları məhdud uşaqların bizə müraciəti olduqca çoxdur və hətta elə olur ki, bizdə yerlər tükənir. Düşünürəm ki, bu həmin uşaqların bu mühitə uyğunlaşmasından irəli gəlir”.

 

İndi isə inklüziv təhsilin tətbiq edildiyi 1A sinfinə daxil oluruq. Burada iki şagird, Məmmədli Xəyalə və Əliyev Yusif inklüziv təhsilin imkanlarından yararlanır.

İbtidai sinif rəhbəri Abdullayeva Gülər uşaqların tədris prosesinə uyğunlaşmasından və onların sinif yoldaşlarına münasibətindən danışır:

 

“Şagirdlər dərs əsnasında Xəyalə ilə Yusifə kömək edir, onların tədrisdən kənar qalmalarına razı olmurlar. Xüsusi qayğıya ehtiyacı olanları biz özümüzdən hesab edirik və onlarla hamı kimi davranmağa çalışırıq”.

Bu əsnada müəllimə Yusif və Xəyaləyə yaxınlaşır. O, Yusifin dəftərlərini göstərərək qeyd edir ki, o artıq bütün hərf və rəqəmləri tanıyır. Lakin onun  sinfə gəldiyi ilk vaxt onun bu inkişafa çatacağına  heç ümid olmayıb.  

Sonra müəllimə Xəyaləyə yaxınlaşır, onun dəftərlərini göstərək qeyd edir ki, Xəyalə də artıq hərfləri və rəqəmləri qavrayıb və onun hətta  şeir demə qabiliyyəti də var. Elə bu vaxt Xəyalə bizə Səməd Vurğunun “Azərbaycan” şeirini söyləməyə başlayır. Həm də bunu heç çaşmadan, səslis şəkildə ifadə edir.

Tək müəllimə deyil, sinifdə olan bütün uşaqların Yusif və Xəyaləyə münasibəti müsbətdir. Şagirdlər sinif yoldaşlarına kömək edir, onların dərslərinə yardımçı olurlar. Bunu nəzərə alaraq, şagirdlərdən Xəyalə və Yusif haqqında danışmalarını xahiş edirik:

Cavad adlı şagird sinif yoldaşlarını çox istədiyini deyir:

“Mən Xəyalə və Yusiflə dostluq edirəm. Yusifə dəfələrlə kömək etmişəm, onun əlindən tutmuşam və başını sığallamışam. Xəyalənin də bir dəfə çantasını yığmışam”.

Aysu da Xəyalə və Yusiflə dostluq edir. O, sinif yoldaşlarına  yanında olmağa hər zaman hazır olduğunu deyir:

“Mən Xəyaləyə həmişə kömək etmişəm. Onun kitablarını açmasına, onları çantasına yığmağa kömək göstərirəm.  Ona dərslərində yenə də yardımçı olacağam”.

Xəyalənin ən yaxın rəfiqəsi isə  Fatimədir. Görək, o, nə deyir:

“Mən həmişə Xəyalənin yanında otururam və ona kömək edirəm. Çalışıram ki, Xəyalə də dərslərini yaxşı oxusun”.

Murad isə Yusifin çox yaxın dostudur:

 

“Yusif bir dəfə mənim adımı dedi. Bu məni çox sevindirdi. O, mənim dostumdur. Yeməyimi hər zaman  onunla bölüşürəm. Müəllimimiz bir dəfə demişdi ki ona kömək göstər və mən də ona yaxşılıq etməyə çalışıarm”.

Yusif və Xəyalənin anası hər gün onları məktəbə gətirir və dərs bitənə qədər onlarla birgə gözləyirlər.

Yusifin anası Vəfa Əliyeva  qeyd edir ki, oğlunu  məktəbə qoyduğu zaman çox tərəddüd edib:

“Yusif məktəbə gələndə onun təhsil həyatının necə olacağı haqqında çox düşünürdüm. Hazırda onun uşaqlarla davranışı və münasibəti çox gözəldir. Əvvəllər isə belə deyildi. Lakin məktəbin Yusifə çox müsbət təsirləri oldu.O, əlavə məşğələ kimi idmana gedir. Lakin məktəb mühiti tam başqadır”.

İnklüziv təhsilin tətbiqində defektoloqun rolu böyükdür. 138 nömrəli məktəbin defektoloqu Bəşirova Ülkər inklüziv təhsilin məktəbdə tətbiq imkanlarından bəhs edir:

“İlk inklüziv təhsil sinifləri bizim məktəbimizdə açıldı. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərimiz digər şagirdlərlə bərabər təhsil alırlar. Bu, onların sosial həyata adaptasiyanına imkan yaradır və təhsil imkanlarını genişləndirir.

Məktəbdə köməkçi otaq fəaliyyət göstərir. Buradan o zaman istifadə olunur ki,  gözlənilməz bir hal baş verir və şagird dərsdə otura bilmir. Bu zaman onları köməkçi otağa gətirir və fərdi qaydada məşğul oluruq.Burada loqopedik məşğələlərlə məşğul oluruq və uşaqlara xüsusi təlimlər keçirik. Biz burada onları sinif mühitinə hazırlayır və onlarla xüsusi məşğul oluruq”.

Nəticə olaraq onu qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqları sosial həyata cəlb etmək məqsədi daşıyır.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları