Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 14:43:00
Coğrafiya III, tarix isə bütün qruplara əlavə olunmalıdır -POLEMİKA

Ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı müzakirə olunan məsələlərdən biri də fənn blokları olub.

Bəziləri şərti olaraq “qrup” adlandırılan (I-V qruplar) fənn bloklarındakı fənlərin ixtisaslarla  əlaqələnmədiyini, bəziləri isə hər hansı bir fənni əvəzləməyə ehtiyac olduğunu və s. bildiriblər.

Fənn blokları isə günümüzə qədər bir neçə dəfə dəyişiklərə məruz qalıb.

Fənn bloklarına aid olan fənlər həmin bloka aid olan ixtisasların tələbatını nə dərəcədə ödəyir? Hər fənn blokuna aid 5 fənn yüzdən çox ixtisasın tələbatını nə dərəcədə ödəyə bilir? Ümumiyyətlə, fənn blokları universitetlərə intellektual cəhətdən nə dərəcədə hazır kadrlar yollaya bilirlər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan “Zirvə” kursunun rəhbəri Rahib İbrahimov  II, III qrupa salınan fənlərə  yenidən baxılmasını təklif edir:

 “II-III qruplara daha çox  diqqət ayrılmalıdır. Məncə, bu qrupların çox yalnış fənn seçimi var.  Bunun səbəbi odur ki, ölkə idarəetməsində əsas strukturların kadrları III qrup, yəni humanitar sahə üzrə təhsil alır. Əsas fənlər isə tarix, Azərbaycan dili və ədəbiyyatdır.  Biz bu qrup üzrə universitetlərə qəbul olunmuş tələbələrdən  tarixçilər yetişdiririk.  Həmin tarixçilər bizim tariximizi, ərazimizi dünya arenasında müzakirə edəcəklər.  Amma təəssüf ki, bir tarixçi coğrafiyanı bilmirsə, tarixi ərazilərimizi necə dəqiq müdafiə edə bilər?! Hesab edirəm ki, III qrupa mütləq coğrafiya əlavə edilməlidir”.

İbrahimovun sözlərinə görə, coğrafiyaçıya tarix öyrədildiyi kimi, tarixçiyə də coğrafiya öyrədilməlidir:

“Vaxtilə, III qrupda coğrafiya var idi. Fənnin sonradan III fənn blokundan çıxarılması, fikrimcə, yanlış qərar idi. Məncə, bu  fənn III qrupda nə qədər tez bərpa olunarsa, o qədər faydalı olar.

Ümumiyyətlə, sahələr üzrə fənn bloklarını formalaşdırmaq çox gözəl addımdır. Çatışmazlıqlar qeyd etdiyimiz məqamlarla bağlıdır. Məsələn, I qrupda əsas ixtisaslar informatika ilə bağlı olsa da, onun fənn blokuna salınmaması problem yaratmır. Çünki dəqiq elmdir, onu universitetdə də müəyyən bir zaman kəsiyində öyrənə bilərlər, amma tarixi yox... Hətta tarixin bütün fənn qruplarında olması da, çox gözəl olardı”.

Tarixçi alim, Kərəm Məmmədov da mövzu ilə bağlı öz fikirlərini bildirib:  

“Fənn bloklarını Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir və illərdir, cilalanır. Minimal biliklərin, biri də  ixtisas üzrə biliklərin yoxlanılması var. Bizim müəllimlərdə milli olaraq bir xüsusiyyət var. Həmişə çalışırıq ki,  birinci öz fənnimizin dərdini dilə gətirək. Ona qalsa, III qrup üzrə universitlərə qəbul olan şagirdlər riyaziyyatla bağlı bir semestr belə dərs keçmirlər. Amma onlar qəbulda riyaziyyatdan imtahan verməyə məcburdular. Eləcə də, universitetlərə II qrup üzrə qəbul olanlar da,  sonradan  elə də geniş riyaziyyat keçmirlər. Amma   universitetlərin hamısında bütün ixtisaslara   Azərbaycan tarixi keçirilir. Elə universitetdə, elə bir  ixtisas yoxdur ki, orada bir semestr də olsa  tarix tədris olunmasın. Nəticədə nə buraxılış imtahanlarına, nə də bəzi qruplar istisna, ali məktəblərin qəbul proqramına salınmayan tarix fənnindən tələbələrin biliyi zəif olur.  Bu da sonda onların qırmızı diplom almasına kəskin şəkildə mane olur. Ali məktəblərin göstəricilərini bütövlükdə aşağı salır”.

K. Məmmədov III qrup fənlərinin dəyişilməsinə ehtiyac olmadığını vurğulayıb:

“Məncə, III qrupa coğrafiya salınmasına heç bir ehtiyac yoxdur. Öncə də qeyd etdiyim kimi fənn blokları zamanla yenilənir. Xatırlayırsızsa, əvvəllər II qrupa ancaq Azərbaycan tarixi salınır, ümumdünya tarixi isə çıxarılmışdı. Şagirdlər II qrup üzrə regionşünaslıq fakültəsi üzrə amerikaşünaslığa, fransaşünaşlığa və s. qəbul olurdu. Amma həmin ölkənin tarixi haqqında heç nə bilmirdi.  Artıq iki ildir, bu qüsur aradan qaldırılıb.  Yəni təkmilləşmə gedir. İnsan özü də bir orqanizm olaraq təkmilləşir, o cümlədən qəbul imtahanları, təhsil və s.  Əvvəllər coğrafiya III qrupda olub, onu sonradan haqlı olaraq çıxardılar. III qrup üzrə qəbul olan tələbənin coğrafiya nəyinə lazımdır?! Coğrafiya ilə bağlı əsas fənn və ixtisaslar II qrupdadır”.