Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-19 09:20:00
Magistraturaya qəbulda dəyişikliyin daha bir görünməz faydası- Ekspert təhlili

Bir neçə gün öncə ali təhsil müəssisələri və Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul qaydalarında dəyişiklər edildi.

Belə ki, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanı yalnız bir mərhələdə - ümumi intellekt  (məntiqi təfəkkür), informatika və xarici dil üzrə keçirilməsi nəzərdə tutulur.

AzEdu.az magistraturaya qəbul imtahanının bir mərhələdə keçirilməsinin sosial və təhsil istiqamətləri haqqında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədovun fikirlərini öyrənib:

O, açıqlamasında ikinci mərhələnin ləğv edilməsinin bəzi üstünlükləri olduğunu qeyd edib:

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə magistraturaya qəbul imtahanının bir mərhələdə keçirilməsi, xüsusilə ikinci mərhələnin bəzi ixtisaslar istisna olmaqla ləğv edilməsi, yəni təhsildə yeni yanaşmanın tətbiqi ciddi müzakirəyə səbəb olub.

Sosial və təhsil istiqamətlərini nəzərə aldıqda magistraturaya qəbul imtahanının bir məhələdə keçirilməsinin təhsilin keyfiyyətinin artırılması və vətəndaşların sosial vəziyyətinin nəzərə alınması baxımından bəzi üstünlükləri var”.

Aqşin Məmmədov vurğulayıb ki,bu qərar həm də zəruri iqtisadi əhəmiyyət daşıyır:

“Belə ki, əgər əvvəlki illərdə bakalavrlar magistratura imtahanlarında iştirak etmək üçün 1-ci mərhələ üçün 50 manat, 2-ci mərhələ üçün 60 manat ödəməli olurdularsa, bu ildən etibarən imtahanlar birmərhələli olduğundan yalnız bir imtahan üçün ödəniş edəcəklər. Məsələn, 2018/2019-cu tədris ili üçün magistraturaya bütövlükdə 12387 nəfər bakalavr ərizə verib. İmtahanda 12241 nəfər bakalavr iştirak edib. İkinci mərhələdə 8303 nəfər (birinci mərhələdə iştirak edənlərin 67.83%-i) iştirak edib. Deməli, bu, 8300 ailənin maliyyə yükünün nisbətən azaldılması deməkdir.

Qeyd edək ki, qərara əsasən, dəyişiklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur. 4 il ərzində bakalavr ixtisas üzrə müəyyən biliklər əldə edir. Magistraturada da daha çox ixtisas fənlərinin tədris olunması, qəbulda ixtisas fənlərindən imtahan verməsini məntiqsiz edir. Magistraturaya qəbul imtahanlarının yalnız bir mərhələdə keçirilməsi magistraturaya qəbulu asanlaşdırmaq, təhsilin əlçatanlığını artırmaq, prosesi sadələşdirmək məqsədini özündə ehtiva edir.

Ümumiyyətlə, fikrimcə, həm ali təhsil müəssislərinə, həm də magistraturaya qəbul prosesini sadələşdirmək, təhsilin keyfiyyətini artırmaq yolu ilə ali məktəblərin hər iki pilləsini bitirmək prosesini nisbətən çətinləşdirmək lazımdır.Yəni biz qəbulda “qapıları” daha geniş açmalı, sonda isə “qapıları” nisbətən örtməliyik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları