Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 16:24:00
Nazir olimpiada qalibləri ilə görüşdü: “Siz dünyanın ən rəqabətli universitetlərində uğurla təhsil ala bilərsiniz”-FOTOLAR

Bu gün Təhsil Nazirliyində  ölkəmizi Beynəlxalq Elm Olimpiadası və 16-cı Beynəlxalq Jautikov Olimpiadasında uğurla təmsil edən şagirdlərlə Təhsil naziri Ceyhun Bayramovun görüşü keçirilib.

AzEdu.az xəbər verir ki, görüş Təhsil naziri Ceyhun Bayramovun məktəbliləri təbrik etməsi ilə başlayıb. Nazir bildirib ki, nailiyyətlərimizin beynəlxalq səviyyədə olması sevindirici məqamdır:

“Ölkəmizi iki beynəlxalq bilik yarışında uğurla təmsil etmisiniz. Üzərinizdə yalnız son medallarınızı görürəm. Bugünədək qazandığınız medalların sayı isə olduqca çoxdur. Məmnunluq hissi ilə bildirirəm ki, builki nəticələriniz tarixi və təqdirəlayiqdir”.

Təhsil naziri məktəblilərin hər iki olimpiadada göstərdikləri nəticələri xatırladaraq bildirib ki, Beynəlxalq Jautikov Olimpiadasında 2qızıl, 3 gümüş, 4 bürünc medal tarixi nailiyyətdir:

“Bu olimpiadada ilk dəfə İnformatika üzrə qızıl medal qazanmışıq. Dünya olimpiadasında axsadığımız yer informatika fənni idi və bu qızıl medal simvolik xarakter daşıyır.

Olimpiadanın gedişini, hazırlıq məşğələlərini böyük maraqla izləyirəm. Bilirəm ki, bu işlərin arxasında nə qədər zəhmət var. Bundan əlavə, hər uğurun arxasında sizə dəstək verən valideyn və müəllimlərin  töhfəsi dayanır.  Sizi təbrik edirəm. Düzgün seçimdəsiz və bu işləri peşakarcasına görürsüz.

Artıq özünüzə və ətrafınızdakılara qarşınıza böyük hədəflər qoyduğunuzu sübut etmisiniz. Təhsil Nazirliyi olaraq sizin kimi şagirdlərin sayının çox olmasında maraqlıyıq. Siz dünyanın ən tələbkar, rəqabətli ali təhsil müəssisələrində uğurla təhsil ala bilərsiniz.

Faktlar göstərir ki, 15 il öncəki olimpiada qalibləri öz həyatlarında və karyeralarında çox böyük uğurlar qazanıblar. Yüksək uğurlu, təhsilli bir gənc yüzlərlə gəncə müsbət təsir göstərə bilir”.

Cənab nazir əcnəbi ölkələrin aparıcı universitetlərdə dərs deyən müəllimləri misal göstərib. Bildirib ki, budəfəki olimpiada qaliblərinin də çox yaxşı universitet təklifləri alacaqlarına əmindir:

“Nazirlik olaraq sizə ali təhsiliniz, dünya universitetlərindən təklif almanızla bağlı dəstək göstərməyə hazırıq”.

Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə də dünya səviyyəli universitetlərlə birgə həyata keçirilən ikili diplom proqramlarının sayının artıdığını qeyd edib:

“2019-2023-cü illər ərzində ölkə ərazisində dövlət proqramı çərçivəsində ilkin mərhələdə 5 ixtisas üzrə ikili diplom proqramının təsis edilməsi gözlənilir.

Bilirəm ki, olimpiadada göstərdiyiniz nəticə ilin startıdir. Məşqlərinizi davam etdirdiyinizi bilirəm.İnanıram ki, bu il sizinlə görüşüb uğurları qeyd etmə səbəblərimiz çox olacaq”.

Görüş beynəlxalq olimpiada qaliblərinin mükafatlandırılması və xatirə fotoların çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları