https://www.zirve.edu.az/
17.01.2020 12:51
1 qızıl, 3 gümüş, 4 bürünc medal

Azərbaycan məktəbliləri 16-cı Beynəlxalq Jautikov olimpiadasında növbəti uğura imza atıblar

Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar. 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc medala layiq görülüb.

“Əsas hədəfim qızıl medal idi”

Beynəlxalq Jautikov Olimpiadasından qızıl medalla qayıdan Abutalıb Namazov Azərbaycanda informatika fənni üzrə hələlik ilk və yeganə qızıl medalın sahibidir. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin 11-ci sinfində oxuyan bu məktəblinin adı təhsil ictimaiyyətinə, hətta məktəblilərin uğurlarını izləyən hər bir ölkə vətəndaşına yaxşı tanışdır. Artıq 4 ildir ki, durmadan  məsələ həll edən Abutalıbın böyük yarış təcrübəsi  var: “Bir müddət idi ki, olimpiadalara hazırlıqdan uzaqlaşmışdım. Əslində bu, ürəyimcə deyildi. Ancaq ali məktəblərə qəbul üçün bəzi məcburiyyətlər var. Sənədlər hazırlamaq, esse yazmaq, bir sözlə, ali məktəblərə müraciətlər vaxt aparan işdir. Ancaq  16-cı Beynəlxalq Jautikov Olimpiadasında həm ölkəmizi təmsil etmək, həm öz akademik tarixçəmə yeni qələbə yazdırmaq hədəfim idi. Ötən il bu olimpiadada iştirak edərək gümüş medal qazanmışdım. Bu il əsas hədəfim qızıl medal idi. Düşünürdüm ki, ən pis halda gümüş medal qazanmalıyam”.

Bu yarışda çox güclü rəqibləri olduğunu deyən Abutalıb üçün olimpiada həyəcanlı və gərgin keçib: “Yarışda çox güclü məktəblilər iştirak edirdi. Hətta qonşu Gürcüstanda da son illər informatika ənənəsi güclənib”.

Məktəblimizin dediyinə görə, olimpiadada qoyulan sualların çətinlik dərəcəsi də ötənilki ilə müqayisədə çox olub: “Təsəvvür edin ki, ötən il maksimum bal 600 idi. Amma bu il toplanılan ən yüksək bal 444 oldu. Çox həyəcanlı idi. Bacardığımı, əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”.

Abutalıb olimpiadanın ilk günü, sadəcə həyəcan deyil, həm də qeyri-müəyyənlik hissi ilə baş-başa qalıb: “Birinci gün bütün məsələləri həll etdim. Ancaq məsələnin birinə çox vaxt getdi və cavabı sistemin bağlanmasına bir dəqiqə qalmış göndərdim. Vaxt bitən kimi sistem bağlandığından balımın nə qədər olduğunu, ümumiyyətlə, cavabımın qəbul olunub-olunmadığını uzun müddət öyrənə bilmədim. Nəticədə qeyri-müəyyənlik içində qaldım. Ancaq axırı yaxşı oldu. Həmin gün bir sualdan 100, ikinci sualdan 50, üçüncü sualın cavabına görə 48 bal toplamışdım”.

Abutalıb deyir ki, heç ikinci gün də asan keçməyib: “Yenə qarşımızda 3 məsələ vardı. Bu dəfə taktikanı dəyişdim. Çətin məsələnin həllindən başladım. Bu da bütün vaxtımı apardı. Nəhayət, özümün heç vaxt istifadə etmədiyim, başqalarının da istifadə etdiyini görmədiyim bir həll variantı düşündüm və həmin cavabıma görə 72 bal hesablandı. Bir məsələnin həllinə 5 saata yaxın vaxt itirdiyim üçün məsələlərdən birini, ümumiyyətlə, həll etmədim. Son dəqiqələrdə üçüncü məsələni bitirdim. Nəticədə bir məsələdən 100, digərindən 72 bal topladım. Olimpiadanın ümumi  nəticələrinə görə 15-ci oldum. Bu olimpiadanın nəticələri gözlədiyimdən yaxşı oldu. Ölkəmizdə informatika fənni üzrə ilk qızıl medalın sahibi mənəm”.

İndiyədək həm riyaziyyat, həm də informatika üzrə yerli və beynəlxalq yarışlara qatılan məktəblimizin sözlərinə görə, informatika  üzrə olimpiadada salınan sualların cavabının 60 faizi məsələ həlli, 40 faizi kodlaşdırmadan ibarətdir. Ona görə də informatika üzrə hər hansı yarışda qalib gəlmək üçün riyazi biliklər həlledici ola bilər. Ancaq burada uğur qazanmaq tamamilə riyaziyyatdan asılı deyil: “İnformatika fənni üzrə  böyük əməliyyatları kompüter icra edir. Biz onu kodlaşdırmaqla nə edəcəyini əmr edir və nəticə əldə edirik. Riyaziyyat məsələlərinin həlli üçün isə  kreativ düşüncə tələb edilir”.

Hər iki fənn üzrə qələbənin sirri isə çox məsələ həll etməkdən keçir. A.Namazov deyir ki, çoxlu məsələ həll edənlər yeni yollar, müxtəlif həll variantları düşünə bilirlər: “Çətin məsələnin həlli yolu ya çox istedadlı insanların ağlına gələ bilər, ya da durmadan məsələ həll edənlərin.  Mən ikincilərdənəm. 4 ildir çoxlu məsələlər üzərində işləyirəm. Xüsusən, düşünmə tələb edən məsələlər çox həll etmişəm. Təcrübədə də görmüşəm ki, çox məsələ həll edən insan bir müddət sonra üzərində işlədiyi məsələlərdə yeni həll variantları tapır. Bu olimpiadada məhz bunu bir daha təsdiq etdim. Birdən məsələnin heç vaxt etmədiyim, başqasında da rast gəlmədiyim bir yolunu tapdım. Bu fikir birdən ağlıma gəldi və mənə uğur qazandırdı”.

A.Namazov olimpiadalarda uğur qazanmağın daha bir sirrini açır: “Olimpiadalarda mövzu əsaslı deyil, düşünmə əsaslı suallar qoyulur.  Ona görə də hər hansı olimpiadada iştirak edib uğur qazanmaq üçün mövzuları bilmək həlledici olmur. Burada fənn üzrə biliyimizi tətbiqetmə bacarığımızdan asılı olaraq, uğur qazanır, ya da qazanmırıq.

Abutalıbın fikrincə, olimpiada, sadəcə bilik, bacarıq, təcrübə məsələsi deyil. Burada şans da çox böyük, hətta yarıbayarı  rol oynayır. Ona görə də olimpiadadan qızıl medal qazanmaq heç də hamıdan daha çox bildiyin anlamına gəlmir.

Ümumiyyətlə, Abutalıb medal qazanmaq üçün yox, məsələ həll etməyi sevdiyi üçün olimpiadalarda həvəslə iştirak edir. “Məsələ həll etməkdən həzz alıram”, deyən məktəbli bu tədris ili ərzində olimpiadalara qatılmağa davam edəcək. Hazırda Beynəlxalq İnformatika Olimpiadasına hazırlaşan məktəblimiz tələbə adı qazandıqdan sonra da olimpiadalarda iştiraka davam edəcək: “Biz artıq tələbələrin qatıldığı olimpiadalarda iştirak edir, hətta ilk yerləri tuturuq”.

“Bu, qızıl medala ən yaxın olduğum yarış idi”

Murad Ağazadə də XI sinif şagirdidir. Olimpiadalara marağı VI sinifdən özünü göstərməyə başlayıb. Həmin vaxt 220 nömrəli məktəb-liseydə təhsil alan yeniyetmə məktəblərarası  respublika fənn müsabiqələrinə qatılıb və ilk uğurlarını qazanıb. Bu uğurlar diqqəti cəlb edib və o, olimpiadalara hazırlıq mərkəzlərinə dəvət alıb. VII sinifdən Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyə qəbul olunub: “Bir məktəbdə oxumaq, başqa məktəbdə hazırlığa gəlmək çətinlik yaradırdı. Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyə qəbul olunandan sonra işim asanlaşdı. Nəticədə olimpiadalara daha yaxşı hazırlaşa bilirdim”.

Artıq 13 beynəlxalq yarışda iştirak edib, 5 gümüş, 6 bürünc medal qazanıb. Almatıda keçirilən və qatıldığı hələlik sonuncu, 13-cü yarışda 5-ci gümüş medalı boynundan asıb.  Ötən il 15-ci Beynəlxalq Jautikov Olimpiadasında iştirak edən M.Ağazadə buradan gümüş medalla  qayıtmışdı. Odur ki, bu il bu yarışa gedərkən qızıl medalı hədəfləyirdi. Ancaq qızıl medalı 1 balla itirərək bu dəfə də gümüşə qane olub: “Bu tədris ilində qatılmağa hazırlaşdığım iki olimpiadada qızıl medal qazana biləcəyimə ümid edirəm”.

Murad deyir ki, respublika fənn olimpiadalarında əldə etdiyi 4 qızıl medalı var: “Hətta 2 dəfə mümkün olan ən yüksək balı toplayaraq qızıl medala layiq görülmüşəm”.

Ancaq son beynəlxalq yarışda qızıl medala yaxınlaşsa da, onu son anda itirməsi onu xeyli məyus edib: “Bu son olimpiada mənim qızıl medala ən yaxın olduğum yarış idi. Mümkün olan 42 baldan 29 bal yığmışdım. Qızıl isə 30 baldan başlayırdı. Bu baxımdan Almatıdakı olimpiada mənim üçün ürəkaçan olmadı. Çünki hesab edirəm ki, nəticə daha yaxşı ola bilərdi. Yaxşı yazsam, daha yaxşı yer tuta bilərdim. Ona inanıram ki, olimpiadalarda uğur qazanmaq hazırlıqdan asılıdır. Bunu öz üzərimdə də təsdiq etdim. Məktəblərarası respublika fənn olimpiadalarındakı uğurlarım sayəsində olimpiadalara hazırlıq mərkəzində məşqlərə başladım. İlk  dəfə 2017-ci ildə Makedoniyanın Oxrid şəhərində keçirilən 34-cü Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasına (JBMO) qatılaraq bürünc medal qazanmışdım. Bu nəticəm sonra da davam etdi. VIII-IX siniflərdə oxuduğum illərdə iştirak etdiyim beynəlxalq bilik yarışlarında, olimpiadalarda bürünc medal qazanırdım. X sinifdə oxuyarkən  noyabr ayından başlayaraq Amerikada yaşayan azərbaycanlı müəllim Cəfər Cəfərov bizə dərs keçir. Məhz Cəfər Cəfərovun dərslərindən sonra qatıldığım beynəlxalq yarışlarda gümüş medal qazanıram. Dərslərimiz davam edir və mən bu tədris ili ərzində keçiriləcək beynəlxalq yarışlardan qızıl medal da gətirəcəyimə inanıram”.

“İlk dəfə beynəlxalq olimpiadaya qatılırdım”

Vüqar Quliyev Şuşa şəhərçiyində Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində təhsil alır. İlk dəfə IX sinifdə oxuyarkən olimpiadaya qatılıb. 2017-2018-ci tədris ilində riyaziyyat fənni üzrə iştirak etdiyi respublika fənn olimpiadasında bürünc medal qazanıb. Bu qələbədən sonra olimpiadalara hazırlıq mərkəzində məşqlərə başlayıb. Riyaziyyat üzrə seçmə imtahanlarında göstərdiyi nəticələrlə nəinki hazırlıq mərkəzində dərslərə qatılmaq, eyni zamanda beynəlxalq olimpiadalarda iştirak hüququ əldə edib. Həmin dərslərin nəticəsidir ki, ötən tədris ilində respublika fənn olimpiadalarının riyaziyyat fənni uzrə qızıl medalçısı olub. Artıq 2 ildir ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzində dərslərə davam edən məktəbli Almatıda növbəti uğurunu, ilk beynəlxalq yarış nailiyyətini qazanıb: “Riyaziyyata həvəsimi ailəm  5 yaşımdan fərq edib. Məşhur amerikalı riyaziyyatçı və iqtisadçı Con Neşin həyatı haqqında kitab oxuduqdan sonra riyaziyyata tamamən bağlandım”.

Hazırda Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev 2019-2020-ci tədris ilində qatıldığı ilk beynəlxalq yarışda - 16-cı Beynəlxalq Jautikov Olimpiadasında bürünc medal qazanıb: “İlk dəfə beynəlxalq olimpiadaya qatılırdım. Həm də buna görə olimpiada mənim üçün çox maraqlı oldu. Üstəlik, başqa ölkə, başqa şəhər gördüm. İlk dəfə ölkəmdən kənara çıxdım. Maraqlı olduğu qədər həyəcanlı idi. Olimpiadadan əvvəl təhsil sərgisi oldu. Qazaxıstan ali məktəbləri ilə tanış olmaq imkanımız oldu. Olimpiada proqramı çərçivəsində bizi ekskursiyalara apardılar. Həm iştirak etdiyim ilk beynəlxalq yarış, həm də çıxdığım ilk  xarici ölkə olaraq qiymətləndirsək, hər şey çox maraqlı oldu”.

Amma bircə bu həyəcan da olmasaydı... 

Baxmayaraq ki, həyəcanını dəf etmək üçün bəzi tədbirlər görüb, amma yenə də  xaricdəki ilk yarışının “ilk gün” həyəcanı da olub: “İlk günün nəticəsi yaxşı idi. İkinci gün də son dəqiqələrə qədər çalışdım. Ancaq nəsib olmadı. Həyəcan olmaması üçün özümü hazırlamışdım. Çünki həyəcan da sualları cavablandırmaqda problemlər yaradır. Buna baxmayaraq, ilk gün  həyəcan oldu. Amma ikinci gün müəyyən qədər alışmışdım”.

Həyəcanı yox etmək üçün ayrıca hər hansı nəzəriyyə olmasa da, azaltmağın yolları olduğunu düşünür: “Belə hesab edirəm ki, daha çox yarışda iştirak etdikcə, həyəcan azalır. İlk dəfə olan hər şey daha böyük həyəcana səbəb olur”.

Vüqar Quliyev əldə etdiyi son nailiyyətində Olimpiadalara hazırlıq mərkəzində keçilən dərslərin rolunu da istisna etmir: “Respublikada keçirilən bilik yarışlarına özüm hazırlaşırdım. Necə hazırlaşmaq lazım olduğunu bilmədən. Amma olimpiadaya hazırlıq mərkəzində hazırlaşmağa, Amerikada yaşayan azərbaycanlı riyaziyyatçı Cəfər Cəfərovdan, professor Nazim Kərimovdan dərs almağa başladıqdan sonra necə hazırlaşmağı öyrəndim. Bizə dərs demək üçün İrandan müəllimlər dəvət edilir. Bu dərslərin olimpiadada uğurlarımızda böyük rolu olduğuna inanıram. Hətta deyərdim ki, bu dərslərsiz olimpiadada qalib olmaq mümkün deyildi”.

Hazırlıqlara sonradan başlaması, olimpiadalarda gec iştirak etməsi qatıldığı ilk yarışda onun yeganə çətinliyi olub: “Qoyulan məsələləri həll etmək mənə çətin görünürdü.  Halbuki təcrübəm olmasa da, olimpiada, orada iştirak, sualların qoyuluşu, həlli yolları barədə kifayət qədər məlumat toplamışdım. Çətinliyim sırf təcrübəsizliyimlə bağlı idi. Olimpiadalara hazırlıq mərkəzində VII sinifdən hazırlaşmağa başlayırlar. Mən VIII sinfə qədər Tovuz rayon Çeşməli kənd məktəbində təhsil almışam. Ona görə də olimpiadalara hazırlığa gec başladım. Bu da Almatıda öz sözünü dedi”.

Vüqar hazırda may ayında keçiriləcək Balkan Riyaziyyat Olimpiadasına hazırlaşır. Həm bu yarışda, həm də iyul ayında Sankt-Peterburqda keçiriləcək Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanmağı qarşısına məqsəd qoyub.

Beləliklə, Azərbaycan məktəbliləri Almatıdan 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medalla qayıdıblar. 2006-cı ildən etibarən sözügedən olimpiadada iştirak edən ölkə məktəbliləri bugünədək 3 qızıl, 19 gümüş, 27 bürünc olmaqla ümumilikdə 49 medal qazanıblar. Və bu, son deyil.

Ruhiyyə DAŞSALAHLI (Azərbaycan müəllimi)