https://www.zirve.edu.az/
17.01.2020 11:39
Müasir idarəçi kimdir?

 

Ali təhsil dövlətin yeni minillikdəki mövcudluğunu təmin edə bilən kadrlar yetişdirməlidir

 (Əvvəli ötən sayımızda - https://www.muallim.edu.az/news.php?id=9280 )

Dövlət idarəçiliyi sferası müxtəlif səviyyəli və xarakterli işlər üçün çoxlu sayda idarəçi-mütəxəssislərin mövcudluğunu tələb edir. Ümumi idarəçilik qabiliyyəti olan şəxslərlə yanaşı məxsusi sahələrdə ixtisaslaşmış mütəxəssislərə xüsusilə ehtiyac var. Söhbət, misal üçün, tibb, təhsil, səhiyyə, energetika, kənd təsərrüfatı və s. gedir. Hər ölkənin yerli çağırışlar və ehtiyacları səbəbindən belə idarəçilər lokal şərtlərin diqtəsi ilə hazırlanır. Ancaq müasir idarəçilik təhsili elə bir fenomendir ki, xarici təcrübədən yararlanmaq mütləq hala çevrilib. Söhbət əcnəbi dövlətlərdə idarəçilik problemlərinə yanaşmadan yararlanaraq çoxşaxəli idarəçilik təhsil proqramının yaradılmasından gedir.

Ötən sayımızda qeyd etmişdik ki, müasir şərtlərdə idarəetmə olduqca mürəkkəb, xüsusiləşmiş, yüksək texnoloji fəaliyyət sferasıdır. Bu sahədə istisnasız olaraq yalnız yüksək səviyyəli mütəxəssislər, intellektual elitanın təmsilçiləri çalışa bilərlər. Bu baxımdan, ictimai tələblərə cavab verən müasir təhsil sisteminin belə kadrları hazırlamasından əvvəl aşağıdakı suallara cavab tapmağımız lazımdır:

- Yeni mütəxəssisləri nə üçün yetişdirməliyik?

- Kimi öyrətməliyik?

- Necə öyrətməliyik?

“Yeni mütəxəssisləri nə üçün yetişdirməliyik?” sualına artıq cavab vermişik. Sırada növbəti sualdır:

Kimi öyrətməliyik?

Bu suala cavab vermək üçün, ilk növbədə, müasir cəmiyyətdə idarəetmə elitasının mühüm funksiyaları müəyyən olunmalı, yeni formasiyada ideal idarəçinin modeli yaradılmalı, idarəetmə prosesinin yeni xarakteristikası üzə çıxarılmalı və mövcud şərtlərdə cəmiyyətin idarəçidən nələri tələb etdiyi bilinməlidir.

İdarəçi elita mütləq halda strateji qərarları kütləvi şuur və davranışa nüfuz etdirə bilməyi bacarmalıdır. İnformasiya və rəqəmsal inqilabın yaşandığı müasir dünyada yeni formasiya idarəçilər müasir informasiya texnologiyalarından idarəetmə aləti qismində məharətlə davrana bilməlidirlər. Onlarda yeni “şəbəkə” dünyagörüşü, yeni tərz düşüncə, dəyişmiş reallığa köklənmiş yeni dəyərlər sistemi formalaşmalıdır. Bu şəxslərin kiçik qrupların maraq və dəyərlərindən asılılığı minimuma endirilməlidir. Onlar geniş informasiya axınına əsaslanan, müstəqil düşüncəli və qeyri-standart qərarlar qəbul edə bilən əməkdaşlarla daimi kommunikasiyada olmağı bacarmalıdırlar.

Yeni idarəçilər və yeni texnologiyalara ehtiyac dövlət idarəçiliyi prosesində xüsusilə nəzərə çarpır. Siyasi sistemlər yarımfunksionaldırlar, siyasi məqsədlər müəyyən olunarkən müxtəlif xarakterli qrupların maraqlarının nəzərə alınması adi haldır. Siyasətçilər qərar qəbul edərkən problemin hər bir tərəfini nəzərə almalıdırlar. Ancaq bu qərarlar necə ərsəyə gəlir? Bu suala güman ki, nə nəzəriyyəçilər, nə də siyasətçilərin özləri cavab verə bilmirlər. Siyasi qərarın qəbul olunmasında rasionallığa deyil, onun əsaslandırılmasına önəm verilir. Əsaslandırma isə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün seçilmiş alətlərə deyil, müxtəlif ictimai maraqlara söykənir. İdarəetmə fərqli sosiomədəni parametrlərdən asılıdır. Çünki hər bir mədəniyyətin öz informasiyasını təhliletmə mexanizmləri var. Spesifik milli xarakteristikalar qəbul edilmiş qərarların analizinə fərqli təsirlər göstərir. Bu səbəbdən istənilən təşkilati və idarəetmə fəaliyyətində etnomədəni amilləri nəzərə almaq lazımdır. Bu baxımdan, əgər biz idarəçilik təhsilində xarici praktikadan danışırıqsa, əminliklə qeyd etməliyik ki, əcnəbi təcrübəni yerli spesifika nəzərə alınmadan tətbiq etmək yanlış nəticələrə səbəb ola bilər. Və əksər hallarda belə də olur.

Beləliklə, yeni idarəçilər elə şəxslərdir ki, onlar həm müxtəlif sahənin mütəxəssisləridirlər, həm də yalnız məhdud funksiyalı və dünyagörüşlü kadrlar deyillər. Məhdud dünyagörüşlü şəxs üçün problemin həllində alternativ çıxış yollarını tapmaq olduqca müşkül məsələyə çevrilə bilər. Müxtəlif qrupların, maraqların və sosial güclərin konsensusuna nail olmaq və nəzərə almaq vacib  tələblərdən biridir. Beləliklə, yeni idarəçi elitanın əsas xarakteristikası budur: idarəçilər dialoq bacarığına malik olmalı, qərar qəbul etmək məsuliyyətini dərk etməli, komandada işləyə bilməli, vətənpərvər yetişməli, müxtəlif təmayüllü analitik və ekspertlərlə əməkdaşlıq edə bilməlidir. İdarəetmə təhsili sahəsindəki parametrlər məhz yuxarıda sadalanan bacarıqlar əsasında formalaşır.

“Kimi öyrətməliyik?” sualı ortaya digər sualın çıxmasına səbəb olur:

Necə öyrətməliyik?

İdarəçilərin yetişdirilməsi məqsədilə effektiv təhsil proqramının yaradılması üçün idarəetmə qərarlarının qəbulu situasiyasını dərk etmək lazımdır. Belə qərarlar iki növ olur: təşkilatın sabit fəaliyyətinin təmin olunmasına xidmət edən sabit idarəçilik situasiyaları və qeyri-adi qərarların qəbulunu tələb edən böhranlı hallar. Birinci növ situasiyalarda artıq sınaqdan çıxarılmış metodlar işə düşür. İkinci hal  isə innovasiyalara hazır olan, qeyri-adi idarəçilik yanaşması sərgiləyə biləcək yaradıcı yanaşma tələb edir. “Riskli cəmiyyət”lərdə ikinci tərz yanaşma, belə demək mümkündürsə, adi hala çevrilir. Nəticədə elə bir idarəçilik formasiyası yaranır ki, onun təmsilçiləri üçün böhranlı şəraitdə böhranın fəsadlarının azaldılmasına yönəlmiş anti-böhran fəaliyyəti bir növ adiləşir. Burada olduqca incə məqama diqqət yetirmək lazımdır. Məlumdur ki, idarəçilik əksər hallarda daha çox təcrübəyə söykənir. Böhranlı anların idarəçiliyi fərqlidir. Burada nəzəriyyə üstünlük təşkil edir. Yəni böhranlı anlar üçün əvvəlcədən müəyyən olunmuş anti-böhran tərzli idarəetmə yolları müəyyən olunmalıdır. Çünki böhranların ardıcıllığının səbəbi bir çox hallarda onların praktik həllinə edilən cəhdlərin nəticəsi olur. Bu baxımdan, böhranlı dövrün idarəçiliyi idarəçilik elminə, onun nəzəri əsaslarına, yeni idarəetmə dünyagörüşünə və idarəetmə paradiqmasına əsaslanmalıdır. Yeni rasionallıq üçün böhran sistemin ekstraordinar halı deyil, sadəcə təşkilat üçün yeni imkanlar, yeni məqsədlərdir və strukturun yenidən təşkilatlanmasına təbii keçididir.

 Yeni formasiya idarəçilərin hazırlığında izlənilən ən böyük çətinlik ondan ibarətdir ki, müasir şərtlərdə idarəetmə elminin özü formalaşma mərhələsindədir. İdarəetmə qərarlarının nəzəri analizi müxtəlif elmlər çərçivəsində araşdırılır: sosiologiya, politologiya, iqtisadiyyat, hüquq, psixologiya, tətbiqi riyaziyyat və texniki elmlər. Ancaq idarəetmənin müxtəlif elm sahələrində ayrı-ayrılıqda öyrənilməsi yeni şərtlərdə effektivliyə tam təminat vermir. Yəni bu lazımlıdır, ancaq qərarların qəbulu üçün yetərli deyil.

Yeni tərz idarəçilərin hazırlığı fərqli, müasir çağırışlar və risklərə əsaslanan təhsil proqramları hesabına mümkündür. Bunun üçün tədris prosesinin özünə tam fərqli yanaşma olmalıdır. Tədris sistemində müasir şərtlərə və çağırışlara yönəlmiş dəyişikliklər yeni pedaqoji texnologiyalara yol açacaq ki, bu da öz növbəsində ali məktəblər üçün yeni-yeni fəaliyyət sferalarının meydana çıxmasına səbəb olacaq. Beləliklə, əgər kvalifikasiyanın artırılması və yenidən ixtisaslaşma mövcud idarəçilər korpusunun təkmilləşməsinə hesablanıbsa, ali məktəblərin qarşısında daha strateji məqsədlər durur: elə bir yeni nəsil idarəçilər yetişdirilməlidir ki, dövlətin tərəqqisini və onun yeni minillikdə layiqli mövcudluğunu təmin etmək iqtidarında olsunlar.

Rüstəm QARAXANLI (AZərbaycan müəllimi)