Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 10:48:00
Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi – Güclü ölkələri necə qabaqladı?-FOTO

 

Şagirdlərimiz 8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar.

 “İlk olduğuna görə, müəyyən qədər təcrübəsiz, həyəcanlı idim”

Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev də bürünc medal qazanıb. Onu digər medalçılardan fərqləndirən isə hər hansı liseyin deyil, məcburi köçkün məktəbinin şagirdi olmasıdır.

I-VIII sinifləri Tovuz rayon Çeşməli kənd orta məktəbində, yuxarı sinifləri isə Şuşa rayon Malıbəyli kənd tam orta məktəbində oxuyub:

“Bu, iştirak etdiyim ilk beynəlxalq olimpiada idi. 20 ölkədən  588 şagirdin qatıldığı olimpiada mənim üçün ilk olduğuna görə, müəyyən qədər təcrübəsiz, həyəcanlı idim. Bunları nəzərə alsaq, uğurlu olduğunu düşünürəm. Olimpiadadan əlavə, təhsil sərgisi, müxtəlif idman oyunları keçirildi. Fərqli ölkələrdən olan məktəblilərlə tanış olduq. Əlbəttə, onların hər biri bu kimi olimpiadalarda dəfələrlə uğur qazanmış şagirdlər idi. Bu baxımından çox yaddaqalan oldu.

Olimpiadaçıların əksəriyyəti VII sinifdən olimpiadalara hazırlıq mərkəzində dərs alan şagirdlərdir. Onların 90%-i olimpiadaya bu yolla gedir. Mənsə, fənn olimpiadalarına IX sinifdən hazırlaşıram. X sinifdə olarkən Respublika fənn olimpiadalarından Riyaziyyat üzrə qızıl medal qazanmışam. IX sinfi bitirdikdən sonra, beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə imtahan verdim və dərslərdə iştirak hüququ qazandım. Bu dərslərlə məktəb proqramı arasında həddindən artıq fərq var. Məktəbdəki biliklərlə beynəlxalq olimpiadalarda uğur qazanmaq çox çətindir”.

“Bu, fərdi biliklərdən çox, şagirdin təhsil aldığı şəraitdən asılıdır”

Vüqar Quliyevin də hədəfi digər şagirdlər kimi qızıl medal olub:

“Amma bürünc qismət oldu. İlk dəfə üçün bu da pis deyil.

Bu, fərdi biliklərdən daha çox şagirdin yaşadığı, təhsil aldığı şəraitdən də asılıdır. Daha yüksək nəticə əldə edən ölkələrin şagirdləri daha yaxşı təhsil görüblər. Təbii, onların çalışma əzmləri də fərqlidir. Bir ölkə daxilində bir neçə şagird müxtəlif nəticə göstərirsə, bu onların fərdi bacarıqlarından asılıdır”.

Vüqar Quliyev təhsilini gələcəkdə ABŞ-ın məşhur Massaçusets Texnologiya Universitetində davam etdirməyi düşünür.

Qeyd edək ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları