Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-11 09:59:00
AMEA-dan maraqlı təşəbbüs – dilimizi öyrənən əcnəbilər üçün tədris vəsaiti hazırlanır

Son dövlər əcnəbilərin Azərbaycan dilini öyrənməyə maraqları çoxalıb. Dilimizi öyrənmək üçün onlar müxtəlif vasitələrdən istifadə etmək istəyirlər. Lakin çox təəssüf ki, onların Azərbaycan dilini internet vasitəsilə öyrənməsi ciddi problemdir. Çünki ana dilimizin qayda-qanunları, sözləri internet resurslarında tam olaraq yerləşdirilməyib. Bu da dilimizin əcnəbilər tərəfindən öyrənilməsinə əngəl olur. Halbuki, istənilən əcnəbi dili internet vasitəsilə öyrənmək çox asandır, amma Azərbaycan dilinin hələ də internet resursları yaradılmayıb. Bunun həyata keçirilməsinə Azərbaycan dili haqqında qəbul edilən Dövlət Proqramı da, digər qanunvericilik aktları da imkan verir, sadəcə, əməli iş görülmür.

Qeyd edək ki, Sovet dövründə, eləcə də ondan sonrakı mərhələlərdə Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün tərtib edilən nəşrlər də onların bu dili öyrənməsinə yetərincə imkan vermirdi.

Möhsün Nağısoylu: “Vəsaitin internetdə yerləşdirilməsi də nəzərdə tutulub ki, əcnəbilər internet vasitəsilə də bu vəsaitdən yararlansınlar”

Bu gün isə əcnəbilərin Azərbaycan dilini öyrənməsi üçün yeni tədris vəsaitinin birinci hissəsi hazırlanıb, ikinci hissə isə hazırlıq prosesindədir.

AzEdu.az xəbər verir ki, bunu söhbətində Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirdi. O qeyd etdi ki, Azərbaycan dilini öyrənən xaricilər üçün tədris vəsaitlərinin hazırlanması prosesi başlanıb, nəşrin birinci hissəsi 2019-cu ildə işıq üzü görüb. M.Nağısoylu vurğuladı ki, Azərbaycan dilini öyrənən xarici vətəndaşlar üçün “Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin tətbiqi ilə tədris vəsaitləri dəstinin hazırlanması” layihəsi çərçivəsində artıq işlər başlanıb. Vəsait institutun şöbə müdiri, dosent Mayıl Əsgərov tərəfindən hazırlanıb və hələlik rus, ingilis dillərini əhatə edib. O qeyd etdi ki, vəsaitlərin hazırlanması 2021-ci ilədək mərhələli şəkildə yerinə yetiriləcək. M.Nağısoylunun sözlərinə görə, bu vəsait Azərbaycan dilini öyrənmək istəyən əcnəbilərin maraqlarını tam olaraq təmin edəcək. “Artıq bu vəsaitin birinci hissəsi hazırlanıb, lakin biz hələ onun təqdimatını keçirməmişik. İkinci hissəsi də hazırlanacaq. Bu olduqca əhəmiyyətli bir vəsaitdir. Bizim institutun müvafiq şöbəsinin müdiri Mayıl Əsgərov tərəfindən hazırlanıb. Vəsaitin internetdə yerləşdirilməsi də nəzərdə tutulub ki, əcnəbilər internet vasitəsilə də bu vəsaitdən yararlansınlar. Biz onu o şəkildə yerləşdirməliyik ki, əcnəbilər ondan istifadə edə bilsinlər” - deyə M.Nağısoylu bildirdi.

Mayıl Əsgərov: “Bu tədris vəsaiti imkan verəcək ki, əcnəbilər Azərbaycan dilini sərbəst şəkildə öyrənsinlər”

Vəsaitin müəllifi, AMEA-nın Dilçilik İnstitutunun sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, dosent Mayıl Əsgərov bizimlə söhbətində bildirdi ki, vəsaitin hazırlanması tamamilə yeni qaydalara uyğundur. “Bu vəsaitin birinci hissəsi hazırdır. Hələlik rus və ingilis dillərindədir. Bu tədris vəsaiti imkan verəcək ki, əcnəbilər Azərbaycan dilini sərbəst şəkildə öyrənsinlər. Bu vəsait Sovet dövründə çap olunan vəsaitdən tamamilə fərqlənir. Vəsaitdə hər şəkilçi, hər ədat fərqli rənglərdə işarələnib. Fikirləşirik ki, bu vəsaiti internetdə də yerləşdirək, canlı şəkildə, diktor səsilə təqdim edək ki, əcnəbilər Azərbaycan dilini daha rahat şəkildə öyrənsinlər” - deyə müəllif qeyd etdi. (Bakixeber.az)