Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 13:13:00
İmişli RTŞ-in müdiri: “Bu şəxslərin bilik və pedaqoji bacarıqlarının zəifliyi təhsilə çox təsir etdi”

 

Rayon Təhsil Şöbələrinə edilən yeni təyinatlar təhsil cameəsi və medianın diqqətindədir. Təyinatın baş tutduğu rayon əhalisini maraqlandıran əsas məqam isə ərazidə həyata keçiriləcək təhsil yenilikləri ilə bağlıdır.

Yeni təyinat alanlardan biri də Ələmdar Quliyevdir. O, İmişli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə ötən il təyin olunub. Təyinatdan sonra ilk işi isə təhsili idarəetmə orqanlarında kadr məsələsinin vəziyyətini yoxlamaq olub. Tətbiq etdiyi yenilik və gələcək planlarını AzEdu.az-la bölüşən RTŞ müdiri müşahidə nəticəsində 2 məsləhətçi vəzifəsinin boş olduğunu, metodkabinetdə əvvəlki illərlə müqayisədə kadr çatışmazlığı aşkarlayıb:

 “Bu müşahidələr işin daha da  təkmilləşdirilməsi və ümumtəhsil müəssisələrində tədris keyfiyyətinin artırılması məqsədilə aparılıb.

İmişli məktəblərinin IX-XI sinif şagirdlərinin buraxılış imtahanı nəticələrini təhlil etdik. Müvafiq qərarlar qəbul olundu. Ana dili, riyaziyyat, xarici dili tədris edən müəllimlərlə RTŞ-də  keçirilən görüşdə məsələnin ciddiliyi nəzərə alınaraq onlara tapşırıqlar verildi. Növbəti illərdə buraxılış imtahanlarının nəticələrinin daha da yüksəldilməsi üçün də tədbirlər  görülüb. Yeni təlim metodlarından istifadə qaydaları müəllimlərə izah olunub.

Azərbaycan ümumtəhsil müəssisələrinə direktor təyinatının müsahibə yolu ilə aparılması məktəblərə yeni nəfəs gətirib. Təyinatımdan sonra buna bir daha əmin oldum. Müsabiqə vasitəsilə işə qəbul olunan direktorlar iş prosesində özlərini daha çox doğruldurlar. Düzdür, xoşagəlməz məqamlar da var. Amma bunların əksəriyyəti bu yenilikdən əvvəl təyinat alanlardırlar. Problemlər də onların uzun  müddət vəzifədə qalmaları, bu vəzifənin öhdəsindən gələ bilməmələri, idarəetmə bacarıqlarının yüksək səviyyədə olmamaları, pedaqoji şuralarda müzakirə edilən məsələlərin səthi həyata keçirilməsi, bəzən isə ümumiyyətlə reallaşdırılması səbəbindən yaranıb. Müşahidələrdən sonra bu məsələni diqqətdə saxlayırıq”.

RTŞ müdiri acı da olsa etiraf edib ki, orta məktəblərdə dərs hissə müdirləri, sinifdənxaric işlər üzrə müavinlərin bilik, elmi pedaqoji səviyyəsinin aşağı olması da ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinə təsir göstərib:

“Boşluqların aradan qaldırılması üçün yeni təyinatlarda diaqnostik  qiymətləndirmədə ən yüksək bal toplamış müəllimlərə üstünlük veririk. Bu kimi məsələlər idarəetmədə vacib şərtlərdən biridir.

Təhsil nazirinin 531 nömrəli əmrinə əsasən  gənclərin vətənpərvərlik, milli mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi qarşımızda duran vacib məsələlərdəndir.

Həmin əmrə əsasən, risk qrupuna daxil olan uşaqların müəyyənləşdirilməsi istiqamətində görüşlər, müzakirələr həyata keçirilib. Risk qrupuna daxil olan şagirdlər müəyyənləşdirilərək onlarla fərdi söhbətlərin aparılıb. Artıq rayonun bütün  ümumtəhsil müəssisələrində “hər şagirdimizi tanıyaq” devizi altında tədbirlər keçirilir.

Valideynlərlə də görüşlər keçirilir. Neqativ halların aradan qaldırılması üçün İmişli Rayon Prokurorluğu, Polis şöbəsi, bir sıra məkətblər valideynlərlə görüşüblər. Valideynləri dəvət edib, oları narahat edən məsələləri ön plana çəkmişik. Neqativ halların baş verməməsi üçün tədbirlər planı hazırlanaraq məktəb direktorlarına təhvil verilib. Əslində bu, amirlik metodu kimi qəbul olunmamlıdı. Bu, Təhsil Nazirliyinin əmrinin icrasıdır”.

“Qabaqcıl iş təcrübəsinə sahib müəllimlər nəticələrin zəif olduğu sinif və məktəblərə göndəriliblər”

RTŞ müdiri rayon nəticələrinin yüksəldilməsi məqsədilə atılan addımlardan da söz açıb:

“Növbəti həftənin şənbə günü  öz imkanlarımız vasitəsilə IX siniflər üçün yeni sınaq imtahanlarının keçirilməsi  nəzərdə tutulub. Bu işdə könüllü iştirak edən valideynlər və iş adamlarına minnətdarlığımı bildirirəm. Tədris keyfiyyətinin yüksəldilməsi, şagirdlərin oxu-yazı bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinq keçirilib. IV siniflərdə yeni sınaq imtahanlarının təşkili də nəzərdə tutulub. Məqsədimiz əlimizdəki bütün imkanlardan  istifadə edərək  əlimizdən gələni əsirgəməməkdir.

Bundan əlavə, qabaqcıl iş təcrübəsinə sahib müəllimlər nəticələrin zəif olduğu sinif və məktəblərə göndəriliblər. Nümunə  dərslərin keçirilməsi də təmin olunub. Yaxın vaxtda ümumtəhsil məktəblərində irəliləyişlərin şahidi olacaqsınız.

Əsas məsələ isə tədrisdə hesabatlılığın təmin  edilməsidir. Keçirilmiş  açıq dərslərin təhlili, proqram materiallarının yerinə yetirilməsi qarşımızda duran əsas məqsədlərdəndir. Təəssüf ki, bəzən məktəb rəhbərlərinin bu işə soyuq yanaşdığının şahidi oluruq. Bu təhlillər aparılmasa, çətinliklərimiz olacaq. Vaxtilə təyin olunmuş direktorlar elə vəziyyətdədirlər ki... Tədrisi normal şəkildə təşkil edə bilmədiklərinə görə nəticələrin rayon və respublika səviyyəsindən aşağı olmasını müşahidə edirik”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları