https://www.zirve.edu.az/
10.01.2020 12:47
"Bu məntiqlə oliqarxların hamısı Nobel almalı idi..." - Londonda "şort-list"ə düşən Varislə müsahibə  
Çap et

London ədəbiyyat mükafatının (The London Literary Award) 50 nəfərlik "şort-list"i elan olunub. Azərbaycandan tanınmış yazıçı Varis Yolçuyev də həmin siyahıda yer alıb. Belə ki, yazıçımız Britaniya Yazıçılar Birliyinin ( APİA) və Beynəlmiləl Yazıçılar Birliyinin (İWU) seçdiyi 50-likdədir.

 AzEdu.az Kulis.az-a istinadla  mövzu ilə bağlı Varis Yolçuyevlə qısa söhbət əsasında olan müsahibəni təqdim edirik.

Son vaxtlar dalbadal bir neçə mükafata layiq görüldünüz. Müqayisədə London premyasının uzun siyahısı nə dərəcədə əhəmiyyətlidir?

 - Uzun yox, artıq qısa siyahıdır bu. Uzun siyahı 2018-ci ilin sonu açıqlanmışdı. Böyük Britaniya Yazıçılar Birliyinin ( APPİA) və Beynəlmiləl Yazıçılar İttifaqının (IWU) birgə təsis etdikləri bu mükafat ədəbi aləmdə kifayət qədər ciddi mükafat hesab edilir, əlbəttə, şort listə düşmək az iş deyil. Amma hər halda, qısa siyahı da yalnız yolun bir hissəsidir. Mən maksimalistəm. Son nəticədə maraqlıyam. Tarixdə heç vaxt yarımfinalçılar və finalçılar qalmır. Tarixdə qaliblər qalır. Ya hər şey, ya heç nə.

- Sirr deyil ki, bu gün ədəbiyyata həm də bir menecer işi kimi baxmaq lazımdır. Bütün dünyada bu cürdür. Siz deyəsən Azərbaycanda ədəbiyyatın bu sahəsini bu istiqamətini düzgün quran ilk adamsınız Bu barədə nə deyə bilərsiniz?

- Bütün dünyada bədii ədəbiyyat nümunəsi bir əmtəə növü kimi qəbul edilir, alıcısı olmayan, piştaxtada çürüyüb qalan məhsulla oxucusu olmayan bədii ədəbiyyat nümunəsi eyni tutulur. Çox təəssüf ki, bizdə kitablarının oxucusu olmayan yazarlar günahı özlərində deyil, oxucularda görür, oxucuları səviyyəsizlikdə qınayır. Bu anormal yanaşmadır. Bu gün dünya ədəbi bazarında Azərbaycanda hələ də gündəmdə qalan “ciddi və qeyri-ciddi ədəbiyyat” bölgüsü belə yoxdur. Düzdür, daha çox detektiv, fantezi, fantastika, balletristika, macəra ədəbiyyatı satılır, düzdür, Harri Potteri yaradan Coan Roulinq ən çox kitabları satılan müəllifdir, düzdür, Non-fikşn janrında yazılanlar bütün satış rekordlarını qırır, amma bütün bunlar sırf oxucu zövqündən asılıdır. Statistik oxucu zövqü məhz belə əsərlərə yönəlib. Bununla belə, bu gün klassik nəsrin Hüqo, Folkner, Fitscerald, Dostoyevski, Tolstoy, Coys, Prust, Markes və digər nəhəngləri də, müasirlərimiz olan Murakami, Kutzee, Moyes, Kundera, Pamuk da çoxmilyonlu oxucu kütləsinə malikdirlər.

- Yazıçı üçün oxucu vacibdir?

- Janrından asılı olmayaraq yaxşı kitab heç vaxt rəfdə qalmaz. Ədəbiyyatda ən böyük menecment oxucunu təmin edə bilməkdir. Oxucu ilə onun dilində danışmağa başlamalı, söhbətiniz alındıqdan sonra öz dilinizdə danışığa keçməlisiniz. Öz statistik oxucusunu - hədəf qrupunu tanımaq yazarın uğur qazanması üçün başlıca şərtdir. Öz təcrübəmdən deyim: 2008-ci ildə ölkədə bədii ədəbiyyat nümunələri uzağı 500 nüsxə ilə çıxanda, “indi heç kim heç kimin kitabını oxumur” məsəli zərb məsələ çevriləndə mən 10000 nüsxəlik rekord tirajla gəncliyə yönəli sevgi romanı ilə debüt etmişəm və ölkədə kitab bazarının hələ formalaşmaması məcburiyyətindən 2 min nüsxəni gənclərə hədiyyə edib kitabı tanıdandan sonra qısa müddətdə 8 min nüsxənin satılmasına nail olmuşam. Kitabla oxucunun qarşılıqlı münasibətini obrazlı şəkildə gəmi ilə limana, təyyarə ilə hava alanına bənzətmək olar. Təsəvvür edin, təyyarə uçuşa, gəmisə üzməyə başlayanda cəmi bir məqsədləri olur: hansısa məsafədəki hava alanına, limana yetişmək. Başqa məqsəd istisnadır. Təyinat nöqtəsinə yalnız qəzaya uğrayanda - məhv olanda yetişilmir. Oxucuya yönəlməli olan kitablarsa hər dəfə gah kiməsə yarınmaq məqsədi, gah vəzifə və maddiyatından istifadə edib boz ədəbiyyat yaymaq, gah dahilik xəstəliyinə tutulub yazmaq qəzalarına uğrayırlar.

- Açığı ədəbi camiədə belə bir fikir də dolaşır ki, Varisin aldığı mükafatların bir çoxu həm də və bəlkə də daha çox administrativ uğurdur. Yəni mətnin özündən daha çox onun təbliğinin lazımi yerlərə çatdırılmasının nəticəsidir. Bu haqda açıqlamanıza ehtiyac var...

- Bu məntiqdən belə çıxır ki, əlində kifayət qədər maliyyə rıçaqları olan ədəbiyyat həvəskarları - oliqarxların hamısı potensial Nobel mükafatçısıdır. Gözqamaşdıran konfet kağızına bükülən konfetin cəzbediciliyi yalnız dadına baxıncadır.

Ədəbi cameə anlayışı da özlüyündə subyektiv anlayışdır. Hər bir event yalnız öz auditoriyası üçün fakta çevrilə bilir. Azərbaycan nəsrinin klassiki İsmayıl Şıxlı müəllimim olub, çağdaş nəsrimizin sayseçilən imzaları olan Elçin Əfəndiyev, Kamal Abdulla, ədəbi tənqidimizin tanınmışları olan Nizami Cəfərov, Vaqif Yusifli, Nizaməddin Şəmsizadə yaradıcılığıma yüksək qiymət veriblər, mənim qəbul etdiyim ədəbi cameə ədəbiyyata xidmət edənlərin toplumudur, qrup və tayfaların yox.

Elə bu yerdə maraqlı bir tarixçəni danışım sizə. “Yasnaya polyana” Fondunun təsis etdiyi Lev Tolstoy adına mükafatın uzun siyahısına yalnız müəyyən tələblərə cavab verən, son bir ildə kitab halında dərc edilən romanlar daxil edilir. Məni isə istisna kimi bircə abzasıma görə həmin siyahıya salmışdılar: “İnsan ömrünün uzunluğu adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən asılıdır. Bir bədbəxt gün iki xoşbəxt günü aparır.” Ən yaxşı reklam bədii ədəbiyyat nümunəsinin özüdür.

 

- London mükafatına təqdim olunmağınızın qısa tarixçəsini mümkünsə qeyd edərdiniz. İdeya hardan yarandı, kim müraciət etdi, əsər necə tərcümə olundu və uğuru necə əldə etdi?

- 2018-ci ildə dünyaca məşhur The Hollywood reporter nəşrinin ənənəvi kinossenari müsabiqəsinə qatılmaq üçün “Göydən yıxılan mələk” kinossenarimin geniş sinopsisi (ruscadan ingiliscəyə tərcümə edilmişdi) The Bell dərgisində dərc edildi. Həmin ssenari Beynəlxalq London mükafatı komissiyasının da diqqətini cəlb etdi, əsər lonq listə daxil edildi. (Haşiyədən kənara çıxıb deyim ki, kinossenari müsabiqəsində ssenarim finala qədər irəlilədi, finalda artıq sinopsis deyil, tam ssenari dərc edilməli idi, təəssüf ki, ingiliscəyə keyfiyyətli tərcümə üçün lazım olan məbləğim olmadı deyə finaldan imtina etməli oldum). O ki qaldı London mükafatına, bu mükafat bir neçə nominasiyada 2015-2019-cu illərdə ingilis dilində dərc edilmiş ən yaxşı nəsr və nəzm əsərlərinə veriləcək.

2019-cu ildə açıqlanan yekun uzun siyahıda mənimlə bərabər 5 il ərzində fərqlənmiş 700-ə yaxın yazıçı adı var idi. Mən qaydalar çərçivəsində qısa siyahı uğrunda mübarizəyə başqa əsərlə - bu dəfə “Metamorfoza. Bir gecənin əhvalatı” romanı ilə qoşuldum. Bu roman Rusiyada, Amerikada nəşriyyat hesabına dərc edilib kifayət qədər uğur qazanmışdı, üstəlik, 2018-ci ildə Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında 170 materik yazıçısının mübarizəsində mənə qızıl laureatlıq gətirmişdi. Bu dəfə də roman mənə uğur gətirdi, qısa siyahıya düşdüm.

Hazırda qısa siyahıdakı 50 addan 42 ad açıqlanıb, siyahı ilə hələ tam tanış olmağa macal tapmamışam. Amma bu 42 nəfərin tanınan və debütant yazarlar olması bəllidir. Reqlamentə görə 8 nəfər ulduz yazarın adları isə hələ açıqlanmayıb. Onlardan biri dünyaşöhrətli Den Braundur. Mükafatlar da məhz 3 kateqoriyada veriləcək: ulduzlara, tanınmışlara və debütantlara.

 

- Rusiyada və artıq Avropada diqqətçəkən mükafatlar almağa başlayan Varis bu istiqamətdə öz həmkarlarına nələr tövsiyə edərdi?

- 2016-cı ildə Nyu-Yorkda Dünya Yazıçıları Konqresində 48 akademik saat “Bestseller yazmağın qızıl qaydaları” mühazirələrini dinləyib kursu müvəffəqiyyətlə bitirəndə mənə əsas onu əxz etdilər ki, yaxşı yazıçı olmaq mütləq üç şərtdən ibarətdir: 1. istedadlı olmaq, 2. elmli və mütaliəli olmaq və 3. ustad dərsləri almaq. Şedevr yaratmaq qaydaları isə bunlardır: uğurlu mövzu seçimi, oxucunu ilk iki-üç abzasda əsərə pərçimləyə bilmək qabiliyyəti, tərcümə imkanları nəzərə alınaraq dilin sadəliyi, oxucunun diqqətini konsentrə etməsi üçün obrazların azlığı, oxucu üçün daha məqbul sayılan hərəkət ədəbiyyatı görüntüsündə oxucu üçün daha gərəkli olacaq fikir ədəbiyyatı nümunəsi yarada bilmək.

Tövsiyəm də elə bunlardır, yalnız bu şərtlər daxilində uğurun açarını əldə etmək olar. Çox istedadlı gənclərimiz var. Bir uğurlu yazı ilə özlərini zirvədə hesab etmək əvəzinə gənclər daim oxusunlar, öyrənsinlər. Özlərinə qarşı tələbkar olsunlar. Özündən razılıq inkişafın dayanması deməkdir. İnkişaf dayananda isə tənəzzül başlayar.

Bu günün bəşəri ədəbi mövzuları məhəlləçilikdən qat-qat genişdir, sərhədsizdir. Orada qlobal ideyalara xidmət edən artefaktlar meydan sulayır.

Ədəbiyyatsa qorxulu proqnozlara rəğmən, heç vaxt ölməyəcək, İKT sivilizasiyanı dağıdıcı həddə gətirəndə belə, müasir insan epoxasına son qoyulsa belə, olsun ki, papiruslar üzərində yenidən ədəbi nümunələr yaranacaq.