https://www.zirve.edu.az/
09.01.2020 09:49
İmtahanları  ən çox bu meyarlar effektsiz edir – Ekspertlərdən təklif

Yanvar ayı Azərbaycan ali məktəblərində qış imtahanlarının keçirilməsi ilə xarakterizə olunur. Tələbələr bir ay boyunca əlaçılıq, zərbəçilik və ya imtahanları kəsrsiz  yola vermək  uğrunda  bir növ mübarizə aparırlar.

Dünya ölkələrinin bəzilərində sessiya imtahanı ya yazılı, ya şifahi ya da test üsulu ilə keçirilir.

Bəs görəsən sessiya imtahanlarının hansı formada keçirilməsi daha faydalı olar?

  “Sessiya imtahanlarının test üsulu ilə keçirilməsi daha yaxşıdır”

Bu sözləri AzEdu.az-a təhsil üzrə ekspert Elçin  Əfəndi deyib. O, sessiya imtahanlarının test üsulu ilə keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb:

“Dünyanın mütərəqqi ölkələrində belə test üsulu ilə imtahanlar keçirilir. Çünki test üsulu ilə imtahanlar daha şəffaf və obyektivdir. Burada tələbə öz biliyini müvafiq meyarlar əsasında qiymətləndirir.

 Biz şifahi imtahanların, eləcə də yazılı imtahanların qiymətləndirilməsi məsələsində obyektivliyin nə dərəcədə qorunmasına şübhə ilə yanaşırıq. Bəzən bu şübhələr bizi yanıltmır. Hər hansı yoxlama prosesini həyata keçirən müəllimlər mütləq ki, bir detalı qaçırırlar. Və yaxud da onlar kimlərinsə sifarişi ilə reallığı əks etdirməyən qiymətlər yazırlar. Bu isə imtahan verən şəxsin biliyinin obyektiv qiymətləndirilməməsinə gətirib çıxarır. Ona görə də bütün ali və orta ixtisas təhsil müəssisələrində test üsulu ilə imtahanların keçirilməsi daha məqsədəuyğundur. Test üsulu tələbənin fikirlərini ifadə etməsi baxımından onu nitqi inkişafdan geri salır. Amma bu o demək deyil ki, mütləq şifahi və yazılı imtahan versinlər. Semestr boyu müəllimlər tərəfindən kollokviumlar (yazılı və şifahi), seminarlar keçirilir ki, bu da müəyyən qədər tələbənin özünüifadə etməsinə, nitqi inkişafına təkan verir”.

Təhsil eksperti Adil Vəliyev düşünür ki, sessiya imtahanları yazılı və ya test üsulu ilə keçirilməsi ixtisasa görə dəyişməlidir:

 “Sessiya imtahanlarının yazılı və ya test üsulu ilə olması ixtisasa görə dəyişməlidir. Məsələn, tələbə ingilis dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə oxuyursa onun test imtahan verməsi daha doğru olar. Çünki əksər hallarda veriləcək suallardan qısa və konkret cavab istənilir.   Ancaq riyaziyyat və ya fizika müəllimliyi kimi ixtisaslarda oxuyan tələbənin imtahanı yazılı formada olmalıdır. Çünki  verilən hər bir məsələnin düsturu və ya başqa həll yolunun ehtimalı olur. Bunu da tələbə özü yazaraq izah etməlidir. Bildiyimə görə, İngiltərədə buraxılış imtahanı ancaq riyaziyyat fənnindən və yazılı formada olur. Çünki onlar fikirləşir ki, vəzifə, peşəsindən asılı olmayaraq hər kəs riyaziyyatı bilməli və hər cür ehtimalları dəyərləndirməlidir”.

 Cənubu Koreyanın Hankuk Xarici Dillər Universitetinin məzunu, Xəzər Universitetinin müəllimi Sevinc İskəndərova isə sessiya imtahanların test və şifahi formada keçirilməsini daha faydalı hesab edir:

“Sessiya imtahanlarının iki hissəli formada keçirilməsinin tərəfdarıyam. Birinci hissə test, ikinci hissə isə şifahi olarsa daha məhsuldar olar. Çünki öz təcrübələrimdən görmüşəm ki, test tələbənin bilik səviyyəsini müəyyən etmir. Burada iki cür faktoru təzahür etmək olur; ya test formasına çox öyrəşib müsahibə kimi başqa cür imtahanlar götürəndə çaş-baş qalmaq, ya da  həmin ixtisas üzrə savadının olmasına baxmayaraq test formasına tətbiq edə bilməmək. Öz müəllimlik təcrübəsində hər iki forma ilə qarşılaşmışam. Onu da danmaq olmaz ki, hazırda dünyanın bir çox qabaqcıl ölkələri test formasını tətbiq edir. Lakin, gələcəkdə iş həyatına qatılmaqlarını nəzərə alaraq testlə də tələbələri məhdudlaşdırmaq əvəzinə sessiya imtahanları həm test, həm də şifahi şəkildə təşkil olunarsa daha yaxşı olar”. 

ABŞ-ın Missuri Dövlət Universitetinin müəllimi Aytəkin Hüseynli düşünür ki, sesiyya imtahanların hansı formada keçirilməsi fənlərdən aslıdır:

“Sessiya imtahanların yazılı,test və ya şifahi formada keçirilməsi fənlərdən aslıdır. Onu da bildirim ki, bir fəndə  istər yazılı, şifahi, istərsə də test üsulu ilə imtahan keçirilə bilər”.

İtaliyanın La Sapienza Universitetinin tələbəsi  Abdulla Həsənli düşünür ki, sessiya imtahanların ən ideal forması şifahidir:

“İtaliyanın La  Sapienza Universitetində imtahanlar şifahi keçirilir. Düşünürəm ki, sessiya imtahanların ən ideal forması şifahidir. Digərlərindən fərqli olaraq şifahi imtahanda nəticəni həmin gün bilmək olur.

Test və yazılı imtahanlarda tələbələr verilən sualları cavablandırarkən kənara çıxmaq olmur. Halbuki tələbənin məhz həmin 4-5 sualı bilməməyi, ümumi kursu bilməməyi anlamına gəlmir. Şifahi imtahanlarda sualı bilməyəndə müəllim sualı dəyişə və ya tələbənin öz öhdəsinə buraxa bilər. Bu proses də tələbə üçün daha rahat olur. Təəssüf ki, test və yazılı imtahanlarda tələbələr ya variantı ya da konspektləri əzbərləyirlər. Amma tələbələr şifahi keçirilən imtahana ətraflı hazırlaşmağa məcbur olurlar.  Bu da ümumi bilik almaq baxımından da daha effektivdir. Sadəcə universitetlərimizdə sessiya imtahanların şifahi keçirilməsinin birbaşa tətbiqi tezdir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Ülvi Eyvazlı düşünür ki, tələbələrə imtahan müddətində əvvəlcə test təqdim edilməli, daha sonra şifahi cavab tələb edən suallar ünvanlanmalıdır:

“Azərbaycan bir çox  universitetlərində keçirilən bəzi dərslər var ki,   onlar ləğv olunmalıdır. Əgər keçirilən dərslərdə danışılası mövzular varsa imtahan müddətində tələbələrə əvvəlcə test təqdim edilməlidir. Daha sonra isə keçirilən mövzulardan tələbələrə şifahi olaraq konkret cavab tələb edən suallar verilməsi daha məqsədəuyğundur. Çünki istər yazılı, istərsə də şifahi imtahanda tələbə bir mövzunu əvvəldən sona qədər yazmamalıdır. Yazılı və şifahi imtahanda hər hansı mövzu əvvəldən sona qədər yazılanda beynin artıq yerə yorulmasına səbəb olur.

Tələbə hər hansı mövzunu əzbərləməməli, öyrənməyi sevməlidir. Amma imtahana görə hər hansı mövzu oxunulursa burada tələbəni qınamaq olmaz.

Ümumiyyətlə, tələbənin enerjisini ona lazım olmayan mövzularla yükləyib, israf etmək lazım deyil. Tələbə lazımi sahə üzrə təhsil almalıdır. Yəni tələbə gələcək həyatında tətbiq edə biləcəyi mövzuları öyrənməlidir”. 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları