Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 17:00:00
Direktorların vəzifə səlahiyyətlərinə bunlar da  daxildir – Təhsil sənədi

 

 Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Yerlərə təyinat alan direktorlar vaxtaşırı olaraq vəzifə səlahiyyətləri, onların artırılması ilə bağlı fikirlər söyləyirlər.

Bəs, əslində, direktorların vəzifə səlahiyyətlərinə nələr daxildir?

AzEdu.az məlumat verir ki, bu barədə Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçasında qeyd olunub. Sənədə əsasən, direktorun vəzifə səlahiyyətləri və əmək funksiyalarını təqdim edirik:

 

Direktor ümumtəhsil müəssisəsinin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv  və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir.

Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görmək də direktorun vəzifə borcudur. O pedaqoji şuraya rəhbərlik edir. Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir. Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir. Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir.

İcbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin edir. Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır. Əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir.

Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir.Kadrların  seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur.

Direktor o cümlədən dövlətin ayırdığı, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.

Bu qədər məsuliyyət daşıyan vəzifə sahiblərinin əmək haları isə 2019-cu il, martın 1-dən qüvvəyə minən qərara əsasən, 587 manata qaldırılıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları