Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-08 15:01:00
Azərbaycanda gənclər siyasəti dövlətin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi biz gəncləri daha çox sevindirdi. Bu sərəncam bir daha təsdiqlədi ki, ölkəmizdə gənclər siyasəti dövlətin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir.

AzEdu.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri Səhər İsmayılova deyib.

Səhər İsmayılova bildirib ki, Sərəncamda qeyd olunduğu kimi, 2020-ci ilin “Könüllülər ili” elan edilməsində əsas məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir.

Könüllülük başqalarına əl uzatmaq, cəmiyyətə fayda vermək, yeni dostlar tapmaq, əlaqələr qurmaq hissini inkişaf etdirməyin, insanları vahid niyyət ətrafında birləşdirən vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Təsadüfi deyil ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin “Beynəlxalq Könüllülər Günü” kimi qeyd olunması barədə qətnamə qəbul edib. Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi respublikamız fəaliyyətin bu növünün təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı az olmayıb. Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ulu öndərin adı ilə bağlıdır. Həmin vaxtdan başlayaraq könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək artıq ümummilli hərəkata çevrilib.

Son illər ölkəmizdə keçirilən beynəlxalq miqyaslı tədbirlərdə də bunun şahidi olduq. Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, gəncliyin inkişafı da yeni mərhələyə qədəm qoydu. Könüllülərin sərbəst fəaliyyətinə, ölkəmizdə keçirilən tədbirlərdə yaxından iştirakına əlverişli şərait yaradıldı. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi ölkəmizin bu istiqamətdə inkişafına təkan verdi. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. Könüllülərimiz öz təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verir. Biz ötən illərdə respublikamızda “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülərin əvəzsiz rol oynadığının şahidi olduq. Həmin tədbirlərdə qonaqların qarşılanması, akkreditasiya, media, idman, texnologiya, nəqliyyat, məkanın idarə olunması, işçi qüvvəsi, Milli Olimpiya komitələri, təhlükəsizlik və protokol kimi sahələrdə könüllülər fəal çalışaraq böyük təcrübə əldə ediblər. Dövlət başçısının gəncliyin inkişafına göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq könüllülər ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılıb və cəmiyyətimizin bütün təbəqələrini əhatə edərək gənclərimizin həyat tərzinə çevrilib. Şübhə etmirik ki, 2020-ci ilin “Könüllülər ili” elan olunması bu sahənin inkişafında əsaslı dönüş yaradacaq.