
Bu gün bir sıra mərkəzi və yerli icra hakimiyyəti qurumlarında fəaliyyət göstərən İctimai Nəzarət Şuraları vətəndaş cəmiyyətinin həyatında böyük rol oynayır.
Belə şuralar hazırda bir sıra mərkəzi və yerli icra hakimiyyəti qurumları, eləcə də universitetlərdə ictimai nəzarəti həyata keçirirlər.
Lakin təhsil müəssisələrində fəaliyyət göstərən İctimai Nəzarət Şuralarının işi bir o qədər də qənaətbəxş sayılmır.
AzEdu.az Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin bu yöndə fikirlərini təqdim edir:
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və təhsil eksperti Hikmət Əlizadə özü həm də universitet İctimai Şurasında təmsil olunur:
“Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC-də) İctimai Nəzarət Şurasının üzvüyəm. Biz mütəmadi olaraq universitetə gedib, valideynlərlə görüş keçirir, tələbələrin problemlərini dinləyirik. Onlar problemlərini bizə danışırlar. Lakin bu mütəmadi təşkil edilmir. Biz, əsasən , imtahan prosesinə nəzarəti həyata keçirir, müəyyən tədbirlərdə də iştirak edirik.
Universitetdə İctimai Nəzarət Şuraların fəaliyyətini gücləndirmək üçün mütəmadi şəkildə üzvləri tələbələrlə görüşdürmək lazımdır. Onlar imtahan prosesində daha yaxından iştirak etməlidilər”.
Nəticə olaraq, İctimai Nəzarət Şuralarının universitetlərdə olması təhsilin inkişafına kömək etməklə yanaşı, tələbələrin problemlərinin həllinə də yardımçı ola bilər.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov universitetlərdəki İctimai Şuraların fəaliyyətini qənaətbəxş hesab etmir:
“Bir çox universitetlərdə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Cənab Prezidentin çağırışlarına cavab olaraq, əksər mərkəzi və yerli icra hakimiyyəti qurumları, eyni zamanda universitetlər də özlərinin İctimai Nəzarət Şuralarını formalaşdırdılar. Təəssüf ki, bir çox universitetlərdə İctimai Nəzarət Şuraların fəaliyyətində boşluqlar deyil, yaxşı olmayan hallar özünü göstərir. Bu onunla əlaqədardır ki, İctimai Nəzarət Şuraları əslində ictimai iştirakçılar haqqında qanunda göstərildiyi kimi vətəndaş cəmiyyətinin nümayəndələrindən təşkil olunmur.
Onların çoxu görüntü üçün yaradılır. Azərbaycanda vətəndaş cəmiyyəti strukturlarında nüfuzlu, ciddi işləri olan insanlar var. Universitet elə bir qurumdur ki, burada təhsil və elm verilir. Müxtəlif universitetlərin İctimai Nəzarət Şuralarında bəzən elə simalarla qarşılaşırıq ki, onların vətəndaş cəmiyyətində heç bir rolu yoxdur.
Universitetlər İctimai Nəzarət Şurasını yaradarkən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dəstək Şurası ilə məsləhətləşməlidilər. Çünki bu şura peşəkar dövlət qurumudur. Bütün vətəndaş cəmiyyətlərində olan İctimai Nəzarət Şuraları bu tip təşkilatlar vasitəsi ilə maliyyələşirlər. Onlar hansı təşkilatların daha peşəkar olduğunu bilirlər. Qeyri-hökumət Təşkilatlarına Dəstək Şurası bu tip qurumların təşkil edilməsinə kömək etməlidi. Ölkəmizdə olan bir çox İctimai Nəzarət Şuraları necə formalaşır, bilinmir. 5-6 nəfər yığılıb iclas keçirir və özlərinə bir sədr seçirlər.Onlar formal olaraq imtahanlara nəzarət edirlər. Lakin məlum məsələdir ki, imtahanların şəffaf olmasının səbəbi həmin universitetlərin rəhbərlərinin əməyinin nəticəsi deyil. Bu dövlət başçısının iradəsinin nəticəsidir. Bu gün heç bir rektor deyə bilməz ki, universitetdə rüşvəti mən dayandırmışam. Bu gün ölkədə rüşvəti dayandıran ölkə başçısıdır. Belə olduğu təqdirdə, bu tip şou xarakterli imtahan prosesinə nəzarət absurt haldır. Rektorlar təmsil olunduqları universitetləri bataqlıqdan çıxmaq üçün bu istiqamətində işləməlidilər”.
kitabı







