Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-31 13:14:00
Sağlamlıq imkanları məhdud şagirdlər üçün imtahanlar bu cür keçirilir –Güzəştlər olunur?  

 AzEdu.az abituriyentlərə kömək məqsədilə onları  narahat edən sualları cavablamaqda davam edir:

Sual: Sağlamlıq imkanları məhdud şagirdlərin buraxılış və qəbul imtahanları necə keçirlir? Onlara güzəştlər olurmu?

 Cavab: Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi şərait yaradılır. İlk növbədə qaydalara əsasən, onlara imtahanda əlavə vaxt verilir. Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi imtahan zalları təşkil edilir və onların hər biri üçün imkanlarının məhdudluğu səviyyəsindən asılı olaraq ayrıca nəzarətçi təyin edilir.

İmtahandan öncə həmin şəxslər Dövlət İmtahan Mərkəzinə müraciət etməli və qeydiyyata alınmalıdırlar. Buraxılış imtahanı verən  sağlamlıq imkanları məhdud məzunların siyahısı isə Təhsil Nazirliyi tərəfindən DİM-ə göndərilir.

 Onu da qeyd edək ki, qəbul imtahanlarını müsbət verən əlillər ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilmək hüququna malikdirlər. Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğlə ödənilir. I  və II qrup əlil tələbələrə aldıqları təqaüdün 50 faiz məbləğində əlavə ödənc verilir.

 Bundan əlavə ölkə  Prezidentinin 3 may 2019-cu il Sərəncamına əsasən ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə  “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. Proqramın həyata keçirilməsi üzrə "Tədbirlər planı"-nda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) məqsədi ilə keçirilən buraxılış və monitorinq imtahanlarında, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

Ayşə MÜSEYİB